"Milli maraqların təmin olunması bütün məsələlərdə mütləq prioritetdir" MƏQALƏ

"Milli maraqların təmin olunması bütün məsələlərdə mütləq prioritetdir" MƏQALƏ

44 günlük Vətən Müharibəsində rəşadətli Azərbaycan ordusu öz tarixi missiyasını yerinə yetirərək işğal olunmuş əzəli torpaqlarımızı azadlığa qovuşdurdu. Müzəffər Azərbaycan ordusu bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədi, həm də erməni faşizmini məhv etdi. Hansı ki, erməni faşist ordusu tarixi torpaqlarımızda salamat bir ev qoymamışdı. Dünyada bu dövrə qədər bir çox müharibələr baş vermişdir. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik dünya müharibə tarixində olmamışdır. Bizim qələbəmiz ləkə kimi düşən erməni faşizmini dünya tarixindən təmizlədi.

Ermənistanın hərbi kapitulyasiyasından sonra yeni tarixi şərait formalaşmış oldu. Belə ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda Azərbaycanın işğal olunmuş bütün torpaqları azad edilir və Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizinin də yaradılması nəzərdə tutulurdu. Məlum Bəyanatda Zəngəzur dəhlizinin yaradılması məsələsinin tələb olunması bizim tarixi qələbəmiz hesab olunur. 101 il bundan əvvəl Zəngəzur dəhlizinin Ermənistana verilməsi haqqında qərar Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bütün əlaqələrin kəsilməsinə səbəb olmuşdur. Tarixi torpaqlarımızın sovet hakimiyyəti dövründə ermənilərə verilməsi yaddaşlardan heç vaxt silinmədi və bugün müzəffər Azərbaycan ordusu əzəli torpaqlarımıza qayıtmaq üçün tarixi şərait yaratdı.

30 il işğal altında saxladığı torpaqlarımızda ermənilərin törətdikləri cinayətlər daim dünya ölkələri tərəfindən gizlədilirdi və heç bir tədbir görülmürdü. Azərbaycan Ordusunun tarixi qələbəsindən sonra işğal nəticəsində vurulmuş ziyanın hesablanması prosesi başlanıldı. Dəymiş ziyanın hesablanması xarici mütəxəssislərin iştirak ilə aparılır. Son hesablamalara görə ermənilər tərəfindən təxminən 1 trilyon dollara yaxın işğaldan azad olunmuş ərazilərimizə maddi ziyan dəymişdir. Dəqiq hesablamalardan sonra Azərbaycan höküməti Ermənistanı beynəlxalq məhkəmələrə verərək təzminat tələb etmək hüququndadır. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmələrdə cavab verməli olacaqlar. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur.

Ali Baş Komanda İlham Əliyev Hacıqabul rayonuna rəsmi səfəri zamanı dövlət televiziyasına verdiyi müsahibəsində Zəngəzur dəhlizinin reallaşmasının yaxın olduğunu və bunun hansı yolla olursa, olsun həll olunacağını qətiyyətlə bildirdi. Cənab Prezident qeyd etdi ki, milli maraqlarımızın təmin edilməsi üçün bütün lazımi addımlar atılacaqdır. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir.

Zəngəzur dəhlizinin icrası Azərbaycan hökümətinin prioritet məsələsidir. Əlbətdə Ermənistan tərəfi bunun reallaşmaması üçün hər bir vasitədən istifadə edəcəkdir. Cənab Prezidentə istinad edərək bildirmək lazımdır ki, bizim tarixi borcumuz olan Zəngəzur dəhlizi məsələsi bütün güclər səfərbər olunmaqla həll olunacaqdır. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.

Strateji əməkdaşlıq Ermənistan üçün yeganə çıxış yolu ola bilər. Zəngəzur dəhlizinin açılması türk dünyası üçün çox vacib və tarixi missiyadır. Bu layihənin reallaşdırılması ilə region ölkələrinin hamısı mənfəət əldə edəcəklər.

Elzamin Həsənov

Xəzər rayonu 230 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor muavini

Bütün xəbərlər Facebook səhifəmizdə