Prezidentin Hacıqabula səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür
Prezident İlham Əliyev: “Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir”
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu istiqamətdə qəbul edilən və yüksək səviyyədə gerçəkləşdirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası respublikada qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına güclü təkan verib.
Bir sözlə, son 18 il ərzində dövlət başçısı kimi regionların sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər bölgələrin simasını büsbütün dəyişib.
Bölgələrə hər səfər yeni uğurların təməli və müjdəsidir
Məhz aprelin 20-də Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfərini rayonun yeni uğurların təməlinin qoyulması kimi dəyərləndirilməlidir. Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı səfər təəssüratları haqqında məlumat verərək bildirib ki, təəssüratlar çox müsbətdir: «Təəssüratlar çox müsbətdir. Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Bütün ölkə üzrə böyük işlər görülmüşdür. Hacıqabulda bu işlər artıq son mərhələdədir. İnfrastruktur layihələrinə gəldikdə, deyə bilərəm ki, Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıbdır. Rayon tam qazlaşdırılıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və bu gün artıq yeni yarımstansiyanın açılışı da bunu göstərir. Çünki tələbat artıb. İçməli su layihəsi hələ 2013-cü ildə icra edilmişdir və Hacıqabul şəhəri içməli su ilə təmin olundu. Kənd yollarının çəkilişinə gəldikdə isə, bu yolların 75 faizi yenidən çəkilib. Eyni zamanda, rayonda bir çox sosial layihələr icra edilmişdir. Xəstəxana, mədəniyyət obyektləri, 22 məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Yəni, bütün bunlar insanlar üçün gözəl şərait yaradır. İnsanların yaşayış səviyyəsi yaxşılaşıb. Biznes üçün şərait yaxşılaşıb. Bütövlükdə bu gün açılışında iştirak etdiyim obyektlər rayonun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəkdir”.
“Hacıqabulda bu aqroparkların yaradılması bizim siyasətimizin uğurlu olmasından xəbər verir”
Dövlət başçısı müsahibə zamanı rayonda iki aqroparkın fəaliyyəti ilə tanış olduğunu və böyük aqroparkların yaradılmasında əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdən ibarət olduğunu bildirib: “Bu, əlbəttə ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir. Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur”.
Dövlət başçısı onu da vurğulayıb ki, Hacıqabul rayonu əhali baxımından o qədər də böyük olmasa da, burada iki böyük aqropark fəaliyyət göstərir və yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilibdir: “Misal üçün, torpağın münbitliyi baxımından Hacıqabul ölkəmizin ən qabaqcıl rayonu deyil. Torpağın keyfiyyəti digər rayonlarla müqayisədə daha aşağıdır. Ancaq, buna baxmayaraq, məhz Hacıqabulda bu aqroparkların yaradılması bizim siyasətimizin uğurlu olmasından xəbər verir. Çünki ən ağır yerlərdən biri də Hacıqabuldur. Mənə bu gün hər iki aqroparkda verilən məlumata görə, suvarılan sahələrdə minlərlə hektar pivot altındadır. Burada taxılçılıqdan məhsuldarlıq hektardan 60 sentnerdir, yəni, altı ton. Müqayisə üçün deyə bilərəm ki, Hacıqabul rayonunda məhsuldarlıq hektardan otuz sentnerdir. Ölkə üzrə təqribən otuz sentnerdən bir qədər çoxdur. Ancaq iri fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentnerdir, iki dəfə çoxdur. Əgər bu yanaşma bizim bütün böyük təsərrüfatlarımızda və eyni zamanda, kiçik fermer təsərrüfatlarında tətbiq olunarsa, onda biz ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işlərimizi tamamlamış olacağıq. Burada, eyni zamanda, digər məhsullar da yetişdirilir. Bu təsərrüfatda, bu aqroparkda, eyni zamanda, heyvandarlıq da inkişaf etdirilir. İki min baş cins inək gətirilibdir. Onların sayı getdikcə beş minə çatacaq. Burada sağılan süd yaxınlıqda yerləşən Kürdəmir süd zavoduna göndərilir. Beləliklə, südlə daxili təminat daha yüksək faizlərə çatacaq və ümid edirəm ki, yaxın bir neçə il ərzində Azərbaycan özünü südlə tam təmin edəcək”.
Dövlət başçısı, həmçinin bütövlükdə əlliyə yaxın aqroparkın yaradılmasının da nəzərdə tutulduğunu deyib və bildirib ki, onlardan bir çoxu artıq fəaliyyətdədir: “Ümumi investisiya qoyuluşu iki milyard manatdan çoxdur. Əgər biz bu işləri özəl sektorla birlikdə görməsəydik, bu investisiyaları heç kim qoymazdı. Çünki dövlət həm güzəştli şərtlərlə müəyyən məbləğdə kreditlər verir, eyni zamanda, infrastruktur layihələri həyata keçirir və özəl sektor üçün şərait yaradır. Özəl sektor isə bu vəsaiti təşkil edir. Son bir neçə il ərzində kənd təsərrüfatına qoyulan iki milyard manat vəsait çox böyük vəsaitdir”.
“Aqro Dairy” və “Azərsun” aqroparkları son 4-5 il ərzində yaradılmışdır
Azərbaycan Prezidenti Azərbaycan Televiziyasına verdiyi müsahibəsində «Aqro Dairy» və “Azərsun” aqroparkların son 4-5 il ərzində yaradıldığını deyərək bildirib ki, bütün ölkə üzrə aqroparklarda çalışanların sayı yeddi mini ötüb. Bunlar kəndlərdə yaşayan insanlar üçün iş yerləridir: “Biz daxili istehsalı və qeyri-neft sektorunu stimullaşdırırıq. Mən həm “Aqro Dairy”da, həm də burada - “Azərsun” aqroparkında onları idarə edən şəxslərə tövsiyə etmişəm ki, azad olunmuş torpaqlarda, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın və bu istiqamətdə ilkin addımlar atılmaqdadır”.
“Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqroparkının açılışı zamanı bildirilib ki, məhz dövlət başçısının tapşırığına əsasən keçən ildən Samuxda təcrübələrini başqa təsərrüfatlara da ötürüblər. Qeyd olunub ki, ötən ilin oktyabrında Hacıqabulda təlim mərkəzi tikilib. Payız əkinindən əvvəl fermerləri dəvət etdilərini, təlimlər keçirdikləri bildirilib. Xüsusi olaraq vurğulanıb ki, “Agro Dairy” MMC-nin Aqronomlar Şurasının rəhbəri Kristof Hartiq işğaldan azad edilmiş Ağdam və Füzulidə olduqlarını bildirdi, bu rayonların torpağının münbit olduğunu qeyd ediblər. Həmçinin deyiblər ki, ermənilər torpağı pis vəziyyətə salıblar. Orada torpağın vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən işlər görülməlidir.
Həmçinin, məlumat verilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən “Agro Dairy” MMC-yə taxıl və yem bitkilərinin istehsalı layihəsi üzrə investisiya təşviqi sənədi verilib. Bu sənədlə MMC 23,4 milyon manat məbləğində ƏDV-dən və gömrük rüsumlarından azad edilib. Müəssisə, həmçinin toxumçuluqla məşğul olur və bu sahədə fəaliyyətini “seleksiyaçı-toxumçu-əmtəəlik məhsul istehsalçısı” prinsipinə əsaslanaraq həyata keçirir. Toxum emalında yeniliklərə gəldikdə isə, “Plug & Play” texnologiyasının ölkəmizdə tətbiqinə başlayıb. Layihələrin uğurlu icrası ilə toxum idxalından asılılığının azalacağı gözlənilir.
Eyni zamanda, “Azərsun Şamaxı Aqropark”ın açılışı zamanı dövlətimizin başçısına aqroparkla bağlı məlumat verilib. Bildirilib ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 2000 baş südçülük istiqamətli olmaqla, 5000 baş iribuynuzlu heyvan saxlanılır. Gündəlik süd istehsalı 50 tondur. Müəssisə gələn ildən etibarən 1000 baş damazlıq düyə yetişdirməyi hədəfləyir. Kompleksdə Azərbaycanda ilk dəfə embrion köçürülməsi həyata keçirilib.
Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Aqropark yaradılarkən müasir suvarma sisteminin quraşdırılması nəzərə alınıb. Suvarma üçün ümumi tutumu 2,6 milyon kubmetr olan iki süni göl yaradılıb. Ərazidə ən müasir texnologiyaların tətbiqi ilə suvarma sistemi qurulub. Ümumilikdə 77 milyon manat sərmayənin yatırıldığı aqroparkda 200 nəfər daimi işlə təmin olunub. Bundan əlavə, mövsümdə işçilərin sayı 500 nəfərə çatır.
Qeyd edək ki, səfər zamanı Prezident İlham Əliyev aqroparkın heyvandarlıq kompleksi və süni göl ilə də tanış olub.
“Bizim gördüyümüz işlər öz praktiki nəticələrini verməkdədir”
Dövlət başçısı əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatının müasir üsullarla inkişaf etdiyini, məhsuldarlığın yüksəldiyini, insanların işlə təmin edildiyini də bildirib: “Bu gün Hacıqabul rayonunda, eyni zamanda, Hacıqabul Sənaye Məhəlləsinin inkişafı ilə bağlı əlavə göstərişlər verilib. Əlavə beş müəssisə yaradılacaq. 2017-ci ildə mənim Sərəncamımla yaradılmış bu Sənaye Məhəlləsi artıq beş müəssisəyə sahibdir. Onların açılışı bu gün olub. Bu müəssisələrə də on milyonlarla manat sərmayə qoyulub. Bu da dövlət tərəfindən irəli sürülmüş təşəbbüsdür. Biz sahəni müəyyən etdik, infrastruktur layihələri icra etdik, bütün kommunikasiyaları çəkdik, hətta anqarları da dövlət hesabına inşa etdik. Sahibkar da gəlib burada öz sərmayəsini qoyub və müasir səviyyəli məhsullar istehsal olunur. Bu məhsullar da daxili tələbatı təmin edəcək. Bu müəssisələrin arasında ən böyüyü, əlbəttə ki, avtomobil zavodudur. Artıq avtomobil sənayesi Azərbaycanda inkişaf edir və biz bu sahədə bir neçə ölkə ilə bərabər çalışırıq. Növbəti mərhələdə lokallaşmanı daha da artırmaq gündəlikdə duran məsələlərdən biridir və biz buna da nail olacağıq.
Baxın, əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir, məhsuldarlıq yüksəlir, insanlar işlə təmin edilir. Beləliklə, bizim gördüyümüz işlər öz praktiki nəticələrini verməkdədir”.
Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib
Yol – inkişaf, davamlı inkişafın aydın gələcəyi deməkdir. Prezident İlham Əliyevin rayonun camaatının çox böyük intizarla gözlədiyi hadisələrdən biri "Hacıqabul-Muğan” magistral yolunun açılışını etməsi oldu. Uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, yolun yenidən qurulması 32 min nəfərin yaşadığı 2 yaşayış məntəqəsi arasında əlaqəni gücləndirəcək. Eyni zamanda, əhalinin həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yoluna, həm də Hacıqabul-Şirvan yolu vasitəsilə digər şəhər və rayonlara rahat çıxışı təmin edəcək.
Dövlət başçısı, həmçinin Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası istismara verilməsi tədbirində iştirak edib. Tədbirdə dövlət başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, yarımstansiyanın istismara verilməsi ilə ümumilikdə 10 mindən çox əhalinin elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb. Yarımstansiyada quraşdırılan müasir tipli eleqaz və vakuum açarları, mikroprosessor tipli rele mühafizə sistemi, Komplekt Transformator Məntəqələri və nəzarət-avtomatika qurğularının elementləri birləşdirilərək vahid “Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzi”nə qoşulub. Diqqətə çatdırılıb ki, idarəetmə mərkəzi sayəsində “Qarasu” yarımstansiyasından başlayaraq sayğaclara qədər elektrik şəbəkəsi onlayn rejimdə izlənilir, balansa nəzarət olunur, yarana biləcək problemlərin aradan qaldırılması üçün operativ məlumatların toplanılması, emal edilməsi, informasiya sistemlərinin monitorinqi, təhlili sayəsində qabaqlayıcı tədbirlər görülür.
Sonra Prezident İlham Əliyev “Qarasu” yarımstansiyasını işə salıb.
Qeyd edək ki, regionların inkişafı proqramlarının vacib tərkib hissələrindən biri əhalinin və bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminatıdır. “Qarasu” yarımstansiyası vasitəsilə Hacıqabul rayonu ərazisində yerləşən sənaye obyektlərinin, ən əsası, 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin enerji təchizatı həyata keçirilir.
“Altı il bundan əvvəl mən bu məsələ ilə maraqlananda pambıqçılıq demək olar ki, batırdı, cəmi 30-35 min ton yığılmışdı. Keçən il isə 336 min ton, 10 dəfə çox»
Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri zamanı rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub. Dövlətimizin başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.
Pambıqçılıqda əvvəlki illərlə məhsuldarlığı müqayisə edən Prezident İlham Əliyev bildirib: «Altı il bundan əvvəl mən bu məsələ ilə maraqlananda pambıqçılıq demək olar ki, batırdı, cəmi 30-35 min ton yığılmışdı. Keçən il isə 336 min ton, 10 dəfə çox”.
Qeyd edək ki, 2015-ci ildən dövlətimizin başçısının kənd təsərrüfatının bir çox sahələrinə xüsusi yanaşmasının şahidi olduq. Nəticədə məhsuldarlıq dəfələrlə artdı, xüsusi stimullaşdırıcı tədbirlər görüldü. Faktların müqayisəli təhlili onu deməyə əsas verir ki, Azərbaycan üçün ənənəvi sayılan pambıqçılıq dirçəlib. Ölkədə hər hektardan məhsuldarlığın 30 sentnerdən yuxarı olduğu cəmi 3 il qeydə alınıb. Konseptual yanaşmanın tətbiq olunduğu 2015-ci ildə bu rəqəm 2 dəfə aşağı idi. Görülən kompleks tədbirlər artıq tarixi maksimuma yenidən çatmağı şərtləndirib. Ötən il hər hektardan məhsuldarlıq 33,6 sentner təşkil edib.
Sonra fermer Elşən Xəlilovun pambıq tarlasında səpinə start verilib. Qeyd olunub ki, bu il Hacıqabulda 300 hektar sahədə pambıq əkini aparılacaq. Artıq əkinlə bağlı tədarükçü şirkət 34 fermerlə müvafiq müqavilələr imzalayıb, onlar lazımi texnika və toxumla təmin ediliblər.
Dövlət başçısı: “Deməli, indi 2600 manat alacaqsan”.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, dövlət hər şeyi edib. Bütün müasir texnikalar, bu traktorlar, kombaynların ən qabaqcıl texnologiyalar əsasında hazırlandığını deyib.
Beləliklə, dövlət başçısının regionlara hər səfəri sosial rifahın daha da inkişafına doğru atılan uğurlu addım olmaqla, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına və iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB