Eldar Quliyev: “Hərbi Qənimətlər Parkı “Dəmir yumruğun” qüdrətli zərbəsinin bəhrəsidir!”

“Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev müqəddəs qisasımızı aldı və zəfərimizin əyanilik parkını yaratdı. Hərbi Qənimətlər Parkına bütün Azərbaycan xalqının deyil, dünyanın hər yerindən şəhərimizə qonaq gələnlərin böyük maraq və həvəslə tamaşa edəcəkləri bu möhtəşəm muzey, əslində, dəmir yumruğun qüdrətli zərbəsinin, 30 illik işğaldan sonra qazanılmış tarixi qələbəni təsdiqləyən, şəhidlərimizin ruhuna əbədi ehtiramın, dövlətimizin qüdrətinin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev deyib.

Eldar Quliyev bildirib ki, Azərbaycan otuz il ərzində öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək üçün bütün mövcud imkanlardan istifadə edib. Lakin dünyada mövcud olan ermənipərəst qüvvələrin ardıcıl müdaxilələri səbəbilə münaqişənin sülh yolu ilə həlli mümkünsüz olub. Nəticədə, Azərbaycana problemin həlli üçün məhz hərbi əməliyyatlara başlamaqdan başqa bir seçim buraxılmayıb: “30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. Nəticədə, ötən ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsinin sonucu olaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistan təslim oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, “Dəmir yumruq” siyasəti Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Biz onu məcbur etdik. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.”

Daha sonra professor Eldar Quliyev Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi şərtləndirən əsas amillər barədə danışaraq, bu yönümdə 2003-2020-ci illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı hazırlıq işlərinin həlledici rol oynadığını vurğulayıb: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan rəhbərliyinə gəldiyi 2003-cü ildən Vətən müharibəsinə başlandığı günə qədər keçən dövrə mövcud reallıqlar prizmasından baxdıqda, 17 il davam edən bu zaman kəsiyinin ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olduğunu aydın görmək olar. İşğalın davam etdiyi 30 il ərzində nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da, torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Bunu isə hamıdan daha əvvəl və hamıdan daha yaxşı bilən məhz Azərbaycan Prezidenti idi. Buna görə də möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti dəfələrlə işğalçı , vandal, təcavüzkar ölkəni “Düz yola gəl!” desə də bu anlamazlar düz yola gəlmədi. Nəticədə 30 il ərzində müxtəlif hərbi-mühəndis qurğuları, müdafiə istehkamları, keçilməz mina sahələri vasitəsilə möhkəmləndirilmiş əraziləri cəmi 44 günə azad etdi: «Bu, həqiqətən də ordumuzun yüksək döyüş qabiliyyətindən və Ali Baş Komandanımızın yenilməz iradəsindən xəbər verən bir faktdır. Artıq dünyada heç bir qüvvə Azərbaycanın yaratdığı yeni reallıqları dəyişə bilməz”.

Eldar Quliyev bildirib ki, Azərbaycan 44 günlük müharibədən sonra yeni əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə sübut edib: “Reallıqda isə razılaşmaya kimin hansı səviyyədə yanaşması çox önəmlidir. Birinci və ikinci razılaşmalarda kommunikasiyaların bərpa və nəqliyyat əlaqələri ilə bağlı müddəalar yer alıb. 10 noyabr və 11 yanvar razılaşmalarında Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi məsələləsi ilə bağlı xüsusi məqamlar var. Dəmir yolu və avtomobil yollarının açılması mütləqdir. Bu gün Ermənistanda buna kimlərsə etiraz etsə belə, layihənin icrası reallaşacaq. Burada 3 dövlət rəhbərinin imzası var. Ona görə də Zəngəzur dəhlizinin açılması mümkün olacaq. Cənab Prezident də YAP-ın son qurultayında vurğuladı ki, Zəngəzur dəhlizi mütləq açılacaq”.

“Bakıda Hərbi Qənimətlər Parkı açıldı və orada Azərbaycan ərazilərində məhv edilən Ermənistanın hərbi texnikası nümayiş etdirildi. Amma bir çox qüvvələr bunu fərqli müstəviyə çəkmək istəyirlər. Təsəvvür edirsiniz, Ermənistan Azərbaycana hücum edir, onun ərazilərini işğal edir, Azərbaycan düşməni öz torpaqlarından geri qovur, ancaq buna ikili yanaşanlar olur”,- deyən millət vəkili E.Quliyev bildirib ki, Hərbi Qənimətlər Parkının istifadəyə verilməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da mühüm əhəmiyyətə malikdir: “Hərbi Qənimətlər Parkı dünyaya, revanşist qüvvələrə bir mesajdır. Azərbaycan bu park vasitəsi ilə başqalarının torpaqlarında gözü olanlara, revanşist qüvvələrə göstərir ki, bir daha belə bir iddiada olarlarsa aqibətləri necə ola bilər. Bu park bizim qürur yerimiz, qələbəmizin göstəricisidir. ADA universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı keçirilən beynəlxalq konfransda Cənab Prezidentin 44 günlük Vətən müharibəsi haqda çıxışı, çağırışları bir daha nəyə qadir olduğumuzu sübut etmiş oldu. Bütün təxribat xarakterli məsələlərə İlham Əliyev adekvat cavab verdi. Artıq Vətən müharibəsi bizi bütün dünyaya daha yaxından tanıdıb. Təbii ki, bu da Ali Baş Komandanımızın və Azərbaycan əsgərinin qüdrəti, gücünün göstəricisidir”.

“Vətən müharibəsi ilə bağlı həqiqətləri, müharibənin gedişatını, Azərbaycan əsgərinin gücünü, qüdrətini gələcək nəsillərə çatdırmaq baxımından Hərbi Qənimətlər Parkı çox böyük əhəmiyyətə malikdir. Bu parkda sərgilənənlər, mövcud mənzərə gələcək nəsillər üçün çox gözəl bir nümunədir”,-deyən millət vəkili Eldar Quliyev bildirib ki, əgər gələcəkdə hər hansı bir qüvvə Azərbaycanın tarixi torpaqlarına göz dikərsə, revanşist qüvvələr baş qaldırarsa öncə bu parkdakı mənzərəni gözlərinin önündə canlandırsın: “Bu parkın açılışı tarixi Qələbəmizdən sonra düşmənə və onları dəstəkləyən dairələrə verilən növbəti dərs oldu. Doğrudur, bu gün Hərbi Qənimətlər Parkındakı mənzərə Ermənistana növbəti “göz dağıdır” və bu işğalçı dövlətin havadarlarını narahat edir. Çünki buradakı reallıq onların məğlubiyyətini, Azərbaycan ordusunun qüdrətini özündə əks etdirir. Həm də bu Parkda nümayiş olunanlar Ermənistan ordusunun 44 gün ərzində necə darmadağın edildiyinin, illərlə yaradılan «məğlubedilməz erməni ordusu” mifinin göstəricisidir. Burada hər bir eksponant Ermənistan ordusunun acınacaqlı durumunun göstəricisidir. Bir sözlə, Hərbi Qənimətlər Parkının açılışı “Dəmir yumruğun” qüdrətli zərbəsinin bəhrəsidir!”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə