Ermənistanın İsraildəki səfiri ittiham olunur qanunsuz hərəkətlərdə

Ermənistanın İsraildəki səfiri keçmiş mədəniyyət naziri tərəfindən sui-istifadə hallarını reallaşdırmaqda və qanunsuz gəlirləri leqallaşdırmaqda ittiham olunur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat yayılıb.
Məlumatda həmçinin qeyd olunur ki, diplomat üçün həbs qətimkan tədbiri olaraq 20 milyon dramlıq girov seçilib. Bildirilir ki, Ermənistanın İsraildəki keçmiş səfiri, Xarici Dövlətlərlə Mədəni Əməkdaşlıq QHT-nin sədri Armen Smbatyan, keçmiş mədəniyyət naziri və QHT sədr müavini Hasmik Poqosyan tərəfindən Abovyan küçəsi 3 ünvanındakı İrəvanın mədəniyyət və tarixi abidələr siyahısına daxil olan bir binanın özəlləşdirilməsini reallaşdırmaqda günahlandırılır.
İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, bina və ərazi 550 min dollara mədəniyyət nazirinin gəlininin adına Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş bir ofşir şirkətə satılıb və beləliklə də qanunsuz əldə edilmiş daşınmaz əmlak sayılır.
Həmçinin vurğulanır ki, Ermənistan səfiri “səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə yardım” və “qanunsuz yolla əldə edilmiş gəlirlərin xüsusilə böyük miqyasda leqallaşdırılması” maddəsi ilə ittiham olunub və profilaktik tədbir olaraq 20 milyon dramlıq girov seçilib. Eyni zamanda, keçmiş mədəniyyət naziri "vəzifə səlahiyyətlərindən sui-istifadə, səhlənkarlıqla ciddi nəticələrə səbəb olmaq" və "qanunsuz yolla əldə edilmiş gəlirlərin xüsusilə böyük miqyasda leqallaşdırılması" maddələri ilə ittiham olunur.
Göründüyü kimi, qanunsuzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə halları Ermənistan üçün, bu ölkənin səlahiyyətliləri üçün xarakterikdir və belə hallara dəfələrlə rast gəlinib. Ümumiyyətlə, bunu işğalçı ölkədə qanunsuzluğun baş alıb getdiyinə sübut olan birinci və sonuncu hal hesab etmək olmaz. Mütəmadi olaraq erməni səlahiyyətlilərinin belə qanunsuzluqlara rəvac verməsi, hətta qanun pozuntusunda maraqlı olduğuna dair mətbuat səhifələrində yetərincə məlumatlar yer alır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə