Araik Arutyunyan siyasi səhnədən götürülür çünki... - ŞƏRH ÖZƏL

“Regionda yaranmış yeni reallıqlar fonunda Paşinyan hiss edir ki, bu vəziyyətdən çıxmaq üçün həm Azərbaycan, həm də Türkiyə ilə əlaqədar bir sıra addımlar atmaq lazımdır. Ermənistanda keçiriləcək parlament seçkilərinin də vaxtına az qalır. Seçkilər fonunda siyasi qüvvələr sərtləşir və bu, Paşinyanı qane etməyən bir məqamdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Ekspertin sözlərinə görə, artıq Paşinyan yaxşı başa düşür ki, həmin sərt qüvvələri siyasi səhnədən götürmək lazımdır: “Bu sərt qüvvələrdən biri “siyasi qartal” rolunu icra edən Araik Arutyunyandır. Arutyunyan mütəmadi olaraq sərsəm bəyanatlarla çıxış edən, özünü olmayan bir dövlətin prezidenti kimi elan edən və nəzarətdən çıxmış bir fiqurdur. Paşinyan da onu zərərsizləşdirmək məqsədilə bir sıra addımlar atmaq niyyətindədir. Çünki Paşinyanı artıq bu cür siyasətçilər qane etmir”.

F.Sadıqov vurğulayıb ki, Paşinyan düşünür ki, onun reytinqi əgər indiyə qədər çox aşağı düşməyibsə, bunun səbəbi erməni cəmiyyətində onu normal düşüncəsi olan insanların dəstəkləməsidir: “Erməni xalqı qan tökülməsindən və digər dövlətlərin maraqları naminə vuruşmaqdan artıq yorulub. Paşinyan görünür artıq fərqli xətt seçib və bu xətt mötədil siyasi xətt hesab olunur. Onun düşüncəsinə görə bu yolda Araik kimi personajlar aradan götürülməlidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə