"Azərbaycanın hərtərəfli inkişafı prosesində həyata keçirilən islahatlar mühüm rol oynayır" MÜSAHİBƏ

SİA Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mixail Zabelinin yap.org.az-a verdiyi müsahibəni təqdim edir:

- Mixail Yuryeviç, bu gün Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edilib. Hazırda ölkəmizin qarşısında yeni hədəflər dayanır. Bu barədə sizin fikirlərinizi bilmək istərdik...

- 30 il ərzində Azərbaycan Respublikasının ərazilərinin 20 faizi erməni silahlı birləşmələrinin işğalı altında qalıb. 30 il dünya ictimaiyyəti, ATƏT-in Minsk qrupu Ermənistanı məcbur edə bilməyib ki, özünün silahlı birləşmələrini işğal edilmiş torpaqlardan çıxarsın.

Bu məsələnin həllinin uzadılması Azərbaycan xalqında məsələnin sülh yolu ilə həllinə - Azərbaycanın tarixi torpaqlarının geri qaytarılmasında inamsızlıq və narahatlıqlara səbəb olurdu. Buna görə Prezidentimiz İlham Əliyevin Azərbaycan xalqına müraciəti, bizim Ordumuzun erməni işğalçılarına cavab verməsi və işğal edilən torpaqların azad edilməsi məqsədi ilə əks-hücuma keçməsi haqqında məlumatlar, dövlət başçısının 27 sentyabr 2020-ci il tarixli inamlı nitqi xalqı ilhamlandırdı və onu öz Prezidentinin – Respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanının ətrafında – nəyin bahasına olursa olsun özünün tarixi torpaqlarını erməni işğalçılarından azad etmək kimi vahid istəklə birləşdirdi.

44 günlük Vətən müharibəsi ərzində bizim igid döyüşçülərimiz düşməni darmadağın etdi və işğal altında olan tormaqlarımızı azad etdi. Və hazırda bizim dövlətimiz və xalqımız qarşısında yeni mühüm vəzifələr – azad edilmiş torpaqlarda qayda-qanun yaradılması, infrastrukturun bərpası, faktiki olaraq təməlinə qədər dağıdılmış binaların, mədəniyyət və tarixi abidələrin yenidən bərpası və nəhayət öz evlərindən qovulmuş olan məcburi köçkünlərin öz doğma ocaqlarına geri qayıtması imkanının yaradılması durur.

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Sizcə, islahatların əhəmiyyəti nədən ibarətdir?

- Qarşıda dayanan vəzifələrin həlli, şübhəsiz ki, respublikanın ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatının irəliyə doğru bundan sonra da inkişaf etməsini tələb edir. Həmin proseslərin mühüm tərkib hissəsi Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən islahatlardır. Özünün çıxışlarında Prezidentimiz iqtisadiyyatın idarə edilməsinin bütün sistemlərinin yenidən qurulması, çevik və səmərəli nəzarət üsullarının yaradılması, idarəetməyə müasir yanaşmanın tətbiq edilməsi, ölkəmizə müasir texnologiyaların və investisiyaların cəlb edilməsi məsələlərini qoyur.

Burada Prezidentimiz ön plana idarəetmənin bütün səviyyələrində - Nazirlər Kabineti, Prezident Administrasiyası, nazirliklərdə, yerli icra orqanlarında – kadr islahatlarının aparılması, iqtisadiyyatın idarə edilməsi sisteminə müasir menecmentin cəlb edilməsi üzrə vəzifələri çıxarır ki, bu da şübhəsiz ki, kadr dəyişikliklərinin müsbət nəticələridir. Kadr islahatları fonunda korrupsiya və rüşvətxorluqla, maliyyə pozuntuları ilə mübarizə daha predmetli və ciddi aparılmağa başlamışdır.

- Məlum olduğu kimi, islahatlar siyasi sferanı da əhatə edir. Sizcə, Yeni Azərbaycan Partiyasının VII Qurultayında partiyanın yeni Nizamnaməsinin qəbul edilməsi, struktur dəyişikliyi, rəhbər qurumların yeni tərkibinin seçilməsi YAP-ın gələcək fəaliyyətində nə kimi yeniliklər vəd edir?

- Cənab Prezident xüsusilə vurğulayıb ki, respublikanın sabit inkişafının əsas amili dövlətin daxili sabitliyidir. Yeni mərhələdə biz siyasi sistemi daha da dərinləşdirməliyik.

Müəyyən islahatlar Yeni Azərbaycan Partiyasını da əhatə edib. Böyük siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən yaradılmış olan bizim partiyamız müxalif partiyasından xalqın lider partiyasına çevrilmiş, öz sıralarında müxtəlif sosial təbəqələri və müxtəlif millətlərdən olan partiya üzvlərini birləşdirərək respublikamızın ictimai-siyasi həyatında sabitləşdirici amil olmuşdur.

Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə oldu. Partiyada bir sıra müsbət dəyişikliklər baş verdi, partiyanın idarə edilməsinin və onun fəaliyyətinin tənzimlənməsinin yeni çevik mexanizminin yaradılması aktuallaşdı ki, bu da VII qurultayda qəbul edilən partiyanın yeni Nizamnaməsində təsbit edildi.

Struktur dəyişiklikləri, formatın yenilənməsi, partiyanın İdarə Heyətinin tərkibinin genişləndirilməsi, partiyanın Veteranlar Şurasının yaradılması partiyanın gələcək fəaliyyəti üçün möhkəm bünövrə qoydu. Altı dost partiyanın bizim partiyaya birləşməsi də bunu sübut etdi. Belə ki, partiyamızın məqsədi, proqram və fəaliyyəti, onun əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedici olmuşdur.

- Mixail Yuryeviç, rəhbərlik etdiyiniz Azərbaycanda Rus İcması ölkəmizdə həyata keçirilən inkişaf siyasətini necə dəyərləndirir?

- Azərbaycanın rus icması siyasi struktur deyil – bu insanların ictimai birliyidir, bütün Azərbaycan xalqının ümidləri ilə daima yaşamış və yaşamaqda olan ölkəmizin çoxmillətli cəmiyyətinin nüvəsidir. Bizim vəzifələrimiz, bütün cəmiyyətimizin qarşısında Prezidentimiz İlham Əliyevin qoymuş olduğu vəzifələrdir – dövlətimizin ictimai-siyasi inkişafına sabitləşdirmə amili gətirmək, bizim xalqımızın ümuminsani dəyərlərini inkişaf etdirmək və daha dərinləşdirməkdir.

Azərbaycanın müxtəlif millətlərdən olan vətəndaşları, o cümlədən ruslar Prezident İlham Heydər oğlu Əliyevə dərindən inanır və hörmət edir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinə səmimi minnətdarlıqla münasibət bəsləyirlər və heç də az əhəmiyyətli deyil ki, öz ölkələri və özünün – səmimi, mehriban, həssas, digər millətlərdən və dinlərdən olan insanlara hörmətlə yanaşan xalqı ilə fəxr edirlər.

Biz öz qardaşlarımız – Azərbaycan xalqı ilə yanaşı azad, demokratik ölkədə yaşayırıq. Biz onun hələ əcdadlarımız tərəfindən bu xalqın qəlbinə yerləşdirilmiş olan yüksək multikulturalizm keyfiyyətlərinə görə səmimi qəlbdən minnətdarıq.

Biz ruslar respublikanın tam hüquqlu vətəndaşları olaraq rus dilindən sərbəst istifadə edir, özümüzün mədəniyyət və ənənələrimizi qorumuşuq, dövlət tərəfindən qayğı ilə qorunan və Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə bərpa edilən xristian pravoslav kilsələrimizi sərbəst şəkildə ziyarət edirik. Respublikada rus dilində olan məktəblər saxlanılmış, respublikanın ali təhsil müəssisələrində rus dilində olan fakültələr fəaliyyət göstərir. Azərbaycanın 120 minlik rus əhalisi heç bir zaman və heç bir məsələdə sıxışdırılma və ya özünün vətəndaş hüquqlarının məhdudlaşdırılmasını hiss etməmişdir və Azərbaycan xalqına dərin minnətdarlıq hissini yaşayır.

Azərbaycan – bizim doğma torpağımızdır, bura bizim Vətənimizdir. Məhz buna görədir ki, rus gəncləri, eləcə də digər millətlərdən olan gənclər Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də heç düşünmədən bizim ölkəmizin ərazi bütövlüyünün qorunması üçün azərbaycanlı qardaşları ilə çiyin-çiyinə dayandı, bir çoxları xalqın xoşbəxliyi və rifahı naminə həyatlarından keçdi.

Yeni mərhələdə bizim dövlətimizin bütün cəmiyyətinin nüvəsi kimi Rus icmasının vəzifələri ölkəmizin bundan sonrakı inkişafında, millətlərarası dialoqun dərinləşdirilməsində, dövlətimizin maraqlarının qorunmasında, bizim tarixi qələbəmizə ləkə vurmağa yönələn təxribatçı addımların ifşa edilməsində yaradıcılıqla iştirak etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...