"Fransanın separatçıların tərəfində olduğu heç kimə sirr deyil" ÖZƏL-MÜNASİBƏT

"Münaqişə öz həllini tapdıqdan sonra münaqişənin həllinə kömək etməli olan qrupun fəaliyyətinə yer varmı? Bilmirəm. Eyni zamanda, mən bizə artıq Minsk qrupu lazım deyil, çıxın gedin də deyə bilmirəm". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdasöyləydi". Dövlət başçımız Minsk qrupunun postmünaqişə vəziyyətində öz rolunu oynaya biləcəyi bəzi sahələrin olduğunu bildirərək, münaqişənin həll edilməli olduğunu deyənlərlə tamamilə razı olmadığını, münaqişənin artıq həll olunduğunu bir daha qətiyyətlə bəyan etdi. "Əgər mən münaqişənin həll edildiyini deyirəmsə, bu, onun həll olunduğu deməkdir"- söyləyən Azərbaycan prezidenti Minsk qrupu üzvlərinə formalaşmış "kövrək sülhə zərbə vurabiləcək"addımlardan çəkinməyə, Ermənistana qeyri-real vədlər verməməyə, neytral, qərəzsiz, ədalətli mövqe tutmağa çağırdı. Xatırlatdı ki, "Fransanın açıq şəkildə separatçıların tərəfində olduğu" heç kimə sirr deyil və bu həqiqət ədalət hissini itirməmiş hər kəs tərəfindən etiraf olunur. Böyük ölkələrin bəzən başqa ölkələr haqqında dediklərinin dərhal icra olunmasına alışdıqlarını,bunun çox pis vərdiş olduğunu və bu adətdən imtina etmək zərurətini qeyd edən "Prezident İlham Əliyev Minsk qrupu həmsədrlərinin və onların təmsil etdikləri dövlətlərin Azərbaycan və Ermənistan arasında tarazlığı qorumalı olduğunu bir daha bəyan etdi". Bunu ANAP-ın sədri Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.

A.Səmədov bildirdi ki, Minsk qrupunun həmsədrləri bu mühüm tələbi çox vaxt gözləmir və atdıqları ədalətsiz addımlarla həmvətənlərimizi rəncidə edir, beynəlxalq aləmin tərəfsizliyinə olan olan inamımızı sarsıdırlar: "Fransa prezidentinin açıq ermənipərəst mövqeyi, Rusiya rəhbərliyinin Ermənistana dağıdıcı gücü olan "İsgəndər-M" raketlərini verməsi və Şuşaya atılan raketlə bağlı izahat vermə "əziyyətinə" qatlaşmaması, ABŞ Dövlət katibi Blinkenin Paşinyana zəng edib, bu barədə Azərbaycana məlumat vermə nəzakətini göstərməməsi ciddi narahatlıq doğurmaya bilməz. Nəhayət, Minsk qrupu həmsədrlərinin iki gün əvvəl "son hərtərəfli və dayanıqlı nizamasalmanın tərəflərə yaxşı məlum olan elementlər və prinsiplər əsasında" olması barədə bəyanatı hiddət doğurmaya bilməz. 44 günlük Vətən müharibəsinə qədər Azərbaycanı mövcud reallıqlarla hesablaşmağa çağıranlar, indi yeni reallıqları nəzərə almaq əvəzinə olmayan münaqişəni "məlum olan elementlər və prinsiplər əsasında" nizama salmağa çağırırlar. Bu çağırış onu göstərir ki, bizi qarşıda ağır diplomatik mübarizə gözləyir və bu mübarizədə hamımız Azərbaycan Prezidenti İlham Əliyevin yanında olmalıyıq".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə