"Hərbi Qənimətlər Parkı – tarixi qələbənin simvolu kimi" MƏQALƏ

Azərbyacan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev 12.04.2021-ci il tarixində müzəffər ordumuzun gücünün, Azərbaycan xalqının iradəsinin, birliyinin təcəssümü olan Hərbi Qənimətlər Parkının açılışanda iştirak etmişdir. Qeyd etmək lazımdır ki, nadir eksponatlarla zəngin olan bu park eyni zamanda bütün türk dünyasının tarixi qələbəsini bir daha göz önündə canlandırır. Cənab Prezident hələ noyabr ayında hərbçilərlə görüşdə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayiş olunacağını demişdi. Zəfərimizin paradında həmin texnikaların bir qismi nümayiş olundu. Hərbi Qənimətlər Parkının yaradılması və hərbi trofeyin nümayiş olunması da məhz Müzəffər Ali Baş Komandanın təşəbbüsüdür. Hərbi Qənimətlər Parkı Dənizkənarı Milli Parkında yerləşir. Park Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Azərbaycan prezidenti İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda nümayiş etdirilir.

Parkın mühəndis-maneələr sistemini ehtiva edən ərazisində 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi.

Parkda döyüş postu və əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir.

Parkda həmçinin müharibədə həlak olan minlərlə erməni əsgərinin dəbilqələri və Ermənistan Silahlı Qüvvələri qoşunlarının mum manikenləri nümayiş etdirilib.

Zəfər paradının ən mühüm və rəmzi kompozisiyalardan biri də Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir.

Lövhənin qarşısında çıxış edən Prezident İlham Əliyev deyib:

-Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb.

Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya, Ermənistanın məğlubedilməz ordusu var. Azərbaycanlılar isə şəxsi maşınlarını qoyub, öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya qənimət kimi götürülmüşdür. Hələ müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik.

Dekabrın 10-da keçirilmiş hərbi paradda bu lövhə nümayiş etdirildi. Azadlıq meydanında, bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi. Bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Yük maşınlarının burada sərgilənən nömrələri götürülmüş texnikanın, sadəcə, kiçik hissəsini təşkil edir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb. Buraya gələn hər bir insan - Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur, onlara verilən cavab. Qarabağ Azərbaycandır!

Bu gün əminliklə deyə bilirik ki, Ümummilli Lider mərhum Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti cənab Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Və ümidvarıq ki, sonrakı mərhələlərdə də Azərbaycan daha da güclənəcək, dünyada nüfuzunu daha da artıracaq, regionda yeni gücə çevriləcək. Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Ümummumilli Liderimiz Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamını möhtərəm Prezidentimiz cənab İlham Əliyev şanlı ordumuzun 44 günlük Zəfər yürüşü sayəsində işğal altında olan Qarabağda və ətraf ərazilərdə Azərbaycanın tarixi qələbəsini təmin etməklə həyata keçirdi.

44 günlük müharibə dövründə ölkəmiz həm hərbi, həm də siyasi qalibiyyətini, gücünü nümayiş etdirdi. Azərbaycan Prezidentinin səsləndirdiyi “Qələbə bizimdir!”, “Qarabağ Azərbaycandır!" şüarları bu bəyanatla bir daha təsdiqləndi. Dekabrın 10-da Bakıda, “Azadlıq” meydanında keçirilən Zəfər paradı isə öz haqq mübarizəsindən qalib çıxan Azərbaycanın bütün dünyaya qələbəsinin, Türkiyə-Azərbaycan əbədi qardaşlığının nümayişi idi. Bu hərbi parad, eyni zamanda Azərbaycanın rəqibləri üçün böyük və əhəmiyyətli siyasi bir ismarıc idi.

Qarayeva Xəyalə Orucəli qızı

Yeni Azərbaycan Partiyasının üzvü, Bakı Dövlət Universitetinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə