Həmsədrlərin turistik səfərlərinə ehtiyacımız yoxdur - ŞƏRH ÖZƏL

“Belə bir atalar məsəli var, “Utanmasan oynamağa nə var ki?”. Bu atalar məsəli ATƏT-in Minsk qrupunun həmsədrlərinə aiddir və bunların heç birinin utanan sifəti yoxdur. Dünən bəyanat yaydıqları zaman görəsən düşünüblərmi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsinə vasitəçilik mandatını gəzdirdikləri 27 il ərzində hansı töhfə verə biliblər? Bunlar heç düşünürlərmi ki, fəaliyyətləri ancaq münaqişənin uzunmüddətli olmasına və dondurulmasına xidmət etdiyi halda bu gün Azərbaycanın Müzəffər Ordusu öz torpaqlarını müharibə meydanında azad edib və belə bəyanatlara ehtiyac yoxdur”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, bəyanatda qeyd olunur ki, dini və mədəni irsinin qorunması və müdafiəsi və münaqişənin toxunduğu icmalar və digər insanlar arasında etimad yaratma tədbirləri arasında təmasların və əməkdaşlığın inkişaf etdirilməsi zəruridir: “Birincisi, həmsədrlər hələ də özləriünə gəlib anlamayıblar ki, icmalar ifadəsi gündəmdən çıxıb. Həmsədrlərin hələ də məsələyə belə yanaşması bunların niyyətininə aydınlıq gətirir. Bunlar hələ də anlamayıblar ki, İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın Qarabağ bölgəsinin sakinləri olan azərbaycanlılar və ermənilər var. İkincisi isə həmsədrlərin dini və mədəni irsinin qorunmasından və müdafiəsindən danışmaqları gülməli deyilmi?. Ermənilər 30 il ərzində düşünülmüş şəkildə azərbaycanlıların dini və mədəni irsini vəhşicəsinə darmadağın edərək öznünkiləşdirməyinə çalışanda niyə belə ifadələr işlədilən heç bir bəyanat qəbul etmədiniz. Yəni belə nəticəyə gəlmək olar ki, həmsədrlərə ermənilər doğma, azərbaycanlılar isə ögeydirlər. Bəyanatın digər bəndində qeyd olunur ki, həmsədrlər, qiymətləndirmə və vasitəçilik rollarını yerinə yetirmək üçün Dağlıq Qarabağ və ətraf bölgələr də daxil olmaqla bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurgulayırlar. Bunlar hələ də anlamayıblar ki, Azərbaycan müharibə meydanında düşməni diz çökməyə məcbur etməklə yeni reallıq yaradıb”.

A.Badamov vurğulayıb ki, artıq Dağlıq Qarabağ və ətraf rayonları ifadələri gündəlikdən çıxıb: “Bu gün Azərbaycanın Qarabağ bölgəsi var və hələ ki, ermənilərin tək yaşadıqları Rusiya sülhməramlıların nəzarət etdiyi digər inzibati ərazi vahidlərimiz var və ora azərbaycanlılar qayıdaraq birgə yaşamalıdırlar. Çox təəssüf ki, həmsədrlərin hələ də baxışlarında dəyişikliklər olmayıb. Deyəsən uzun illər regiona boş-boşuna gələrək yeyib-içib qayıtmaqları bunların xoşlarına gəlib və yenidən turist səfərlərini bərpa etmək niyyətindədirlər. Həmsədrlər hələ də anlamaq istəmirlər ki, indi bizim onların turistik səfərlərinə ehtiyacımız yoxdur. 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda əsas vacib məsələlər öz əksini tapmışdır. Bəyanatda məğlub tərəfin öhdəlikləri var biz ermənilərin həmin maddələrin icra edilməsini gözləyirik. Əgər siz regionda əməkdaşlıq mühitinin formalaşmasının niyyətindəsinizsə, Ermənistanı düşmənçilik meyillərindən çəkindirən, sülhə və əməkdaşlığa dəvət edən bəyanat verin. Xalqımız sizin ikibaşlı bəyanatlarınızı dinləməkdən yorulub və ikili standartlara söykənmiş düşüncələrinizlə Azərbaycana yenidən səfərlər etməyinizi arzulamırıq. Siz münaqişənin həll olunmasına heç bir töhfə verməmisiniz və vermək niyyətiniz olmayıb. Sizlərin ermənilərin dəyirmanına su tökən siyasətinizi artıq başa düşmüşük və vasitəçiliyiniz Azərbaycan xalqına lazım deyil. Azərbaycan sizin iştirakınız olmadan 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın icrasına sadiqdir və qarşı tərəfini də icra etməyinə məcbur edəcəkdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə