“Azərbaycan həm iqtisadi, həm də hərbi güc baxımından bölgənin lider ölkəsidir" - Maltepe Universitetinin professoru

İkinci Qarabağ müharibəsindən sonra yenidən Azərbaycanda olduğum üçün çox məmnunam. Azərbaycanın doğma torpaqlarını işğaldan azad etməsi bizi sevindirdi. Uzun illərdir bu Qələbənin əldə olunması üçün səy göstərən Azərbaycana Türkiyə böyük siyasi və mənəvi dəstək göstərdi. Türkiyə xalqı hər zaman Azərbaycanla bağlı məsələlərdə 100 faiz dəstək verir. Bu dəfə də belə oldu.

SİA xəbər verir ki, bu fikirləri ADA Universitetində jurnalistlərə açıqlamasında İstanbul şəhərindəki Maltepe Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin professoru Həsən Ünal deyib.

Hasan Ünal vurğulayıb ki Azərbaycan bu gün bölgənin güclü ölkəsinə çevrilib. Vətən müharibəsində Azərbaycan bunu bir daha sübut etdi. Azərbaycan hərbi və iqtisadi üstünlüyün özündə olduğunu göstərdi. Bu gələcək üçün çox mühüm nəticələrə gəririb çıxaracaq.

Maltepe Universitetinin professoru qeyd edib ki, Türkiyə və Azərbaycan prezidentlərinin regionda altılıq formatında yeni əməkdaşlıq təklifi çox məqsədəuyğundur. Burada region ölkələrinin hamısının iştirakı ehtimal olunur. Digər region dövlətləri ilə yanaşı, Ermənistanın bu platformaya qoşulub-qoşulmayacağı bu ölkədəki vəziyyətin nəticələri ilə məlum olacaq. Hazırda Ermənistan süni dünyadan real dünyaya çevrilmənin çətinliklərini yaşayır. Ermənistanda onların özlərinin yaratdıqları mifoloji, süni “ideologiya” var idi. Hazırda isə bu süni “ideologiya” məhv olub. Bu, bəzən vətəndaş müharibələrinə səbəb olur.

O deyib: “Azərbaycan həm iqtisadi, həm də hərbi güc baxımından bölgənin lider ölkəsidir. Hesab edirəm ki, regional əməkdaşlıq bütün ölkələrə faydalı olacaq. Bundan başqa, Azərbaycan müharibə zamanı xarici siyasəti və həyata keçirdiyi diplomatiyası ilə həqiqətən çox böyük uğura imza atıb. Bu, tərəddüdsüz böyük zəfərdir. Azərbaycan Vətən müharibəsi zamanı döyüş meydanında Qələbə qazandı. Eyni zamanda, diplomatiya və xarici siyasət sahəsində də böyük zəfər əldə etdi”.

Hasan Ünal bildirib ki, bundan sonra Türkiyə-Azərbaycan əlaqələri getdikcə bir çox sahələrdə daha da dərinləşəcək. Böyük lider, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı hər sahədəki əməkdaşlığımızda özünü göstərir. Vətən müharibəsində Türkiyənin mövqeyi, Azərbaycanın əldə etdiyi Zəfər əslində bu kəlamın reallıqda növbəti təzahürü oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...