Əli Məmmədov: \"1918-ci il 28 may tarixi, Azərbaycanda tökülən qanların bəhrəsini verdiyi gündür\" - (Səs TV)
Azərbaycan Dövlət Pedoqoji Universitetinin Azərbaycan tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əli Məmmədovun Səs TV-yə müsahibəsi:
- 28 may Respublika günü Azərbaycanın müstəqillik tarixinin qurulması baxımından dünya azərbaycanlıları üçün nə ifadə edir?
- 1918-ci il, 28 may tarixi, Azərbaycanda çox böyük işlərin və tökülən qanların bəhrəsini verdiyi gündür. Azərbaycan dövlətçiliyinin qurulduğu bu gün nəinki təkcə Cənubi Qafqazda, eyni zamanda Ön Asiyada da çox önəmli hadisə olub. Bütün dünya xalqları da bilirdi ki, Azərbaycan dövlətçiliyinin qurulması uzun müddət azadlıq hərakatı uğrunda verilən mübarizənin bariz nəticəsi olub. Respublika günü bütün dünyada yaşayan azərbaycan türklərinin həyatında çox önəmli hadisədir. 9 milyon azərbaycanlının həyat və yaşamına iz salan bu hadisə əslində 1918-ci ildən deyil, çox qədim tarixlərdən başlayır. Manna dövlətinə, onun ətrafındakı xırda dövlət ittifaqlarına, Atropatenaya nəzər salsaq görərik ki, Azərbaycanın dövlətçilik ənənələri çox qədim tarixlərə söykənir. Yəni bir sözlə onu deyə bilərəm ki, tariximizlə bağlı bütün hadisələrlə yanaşı, Respublika günü də dünya azərbaycanlılarının bayramıdır. Heç zaman unutmamalıylıq ki, Azərbaycan Xalq Cümhuriyyəti büyük keşməkeşlər, məhrumiyyətlər nəticəsində qurulub.
- Azərbaycanın coğrafi ərazisinin indikindən qat-qat geniş olduğu halda, nəyə görə biz tarixi ərazilərimizə iddia etmirik?
-Şah İsmayıl Xətayinin dövründə yaranmış Azərbaycan dövləti 1,14 milyon kvadrat kilometr ərazini əhatə edirdi və 3 qitədə - Asiya, Avropa qismən də Afrikanın bəzi hissələrində bərqərar olub. Yəni bununla da onu nəzərə çatdırmaq istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti bugünki dövlətimizin yaranmasında və fəaliyyətində böyük təcrübi əhəmiyyətə malikdir. Xalq Cümhuriyyəti nisbətən az ömürlü olsa da, lakin, onun müstəqil himni, bayrağı, ordu quruculuğu, parlamenti və bir sıra digər atributları vardı. Bəli, 23 ay yaşayan Xalq cümhuriyyəti dövründə yaşanan bütün hadisələr bugünki tariximizdə və dövlətimizin quruculuğunda ehtiva edir. Bu məqamda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iki sərəncamını qeyd etmək lazımdır. Bunlardan biri, bu ilin mart ayında Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20 illiyinin qeyd olunması, digəri isə Azərbaycan Xalq Cümhuriyyətinin 93-cü ildönümü münasibətilə qəbul olunan sərəncamlardır.
- Sizcə ulu öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi Azərbaycanın bugünki aqibəti necə olacaqdı və xalqımız Respublika gününü bu cür təmtərahla qeyd edə bilərdimi?
- Dövlətçilik quruculuğunda böyük təcrübəsi beynəlxalq aləmdə tanınan ulu öndərimiz Heydər Əliyevin çoxsahəli fəaliyyəti və titanik siyasəti nəticəsində Azərbaycanın haradan haraya gəldiyi göz qabağındadır. Səriştəsiz \"rəhbərlər\"in fəaliyyətləri nəticəsində 1993-cü illərin əvvəllərində Azərbaycan dövləti uçurumun kənarında idi və bu hamı tərəfindən açıq-aşkar görünürdü. Xalqın və dövlətin idarə olunmasında yol verilən səhvlər elə bir xaos yaratmışdı ki, ulu öndər hakimiyyətə gəlməsəydi, Azərbaycanın aqibəti haqda danışmaq mənasız olardı. Ölkə daxilində baş verən bütün mənfi hadisələrlə yanaşı, köhnə Azərbaycan ərazisində yaranan Ermənistan dövlətinin ərazi iddiaları və seperatçı mövqeləri də Azərbaycan dövlətinin fəaliyyətinə ciddi mane olurdu. Ümumilikdə, qeyd edim ki, Ermənistan tarix boyu xarici dövlətlərin əlində oyuncaq olub. O dövrlərə nəzər salsaq görərik ki, tarixən xəyanətkar adı ilə tanınan Ermənistan rusların əlində Azərbaycana qarşı istifadə olunan oyuncaq olub. Lakin belə bir vaxtda hamı Azərbaycanın xilaskarının Heydər Əliyev olacağını qəbul edirdi. Ona görə də, ulu öndər Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sədri vəzifəsində çalışdığı bir vaxtda xalqın təkidi ilə Bakıya gəldi, böyük məharət və bacarıqla Azərbaycanda baş verə biləcək vətəndaş qarşıdurmasının qarşısını aldı. Eyni zamanda ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanda siyasi, iqtisadi, sosial bə bir sıra digər sahələrdə sabitlik yarandı. Bir sözlə, ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini uçurumun kənarından qaytarıb və nəfəs almaqda çətinlik çəkən ölkəyə can verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB