Azərbaycan Prezidenti: “Kənd təsərrüfatında məhsuldarlığın artırılması bizim üçün bundan sonra da prioritet məsələlərdən biri olacaq”
Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının tarixən ən mühüm sahələrindən biri olmuş, ölkənin ümumi inkişafında, əhalinin sosial-rifah halının yaxşılaşmasında, yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynamışdır. Ulu Öndərimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1970-80- ci illərdə ölkənin kənd təsərrüfatı daha sürətlə inkişaf etmiş, Azərbaycan keçmiş sovet ittifaqının ən çox kənd təsərrüfatı məhsulları istehsal edən regionlarından birinə çevrilmişdir. Təəsüf ki, faşist xisləti Ermənistanın təcavüzü nəticəsində min hektarlarla əkinə yararlı torpaq sahələri yararsız hala düşmüşdür. Ərazilərdə qəstən törədilmiş yanğınlar nəticəsində torpağın üst, münbit qatı və canlı aləm məhv edilmişdir. İşqal nəticəsində hidrotexniki qurğuların, kollektor- drenaj şəbəkələrinin, kanalların, su hövzələrinin dağıdılması küllü miqdarda vəsaitlə ölçülür və əgər torpaqlarımız işqal altında olmasaydı bu gün aqrar sahə daha sürətlə inkişaf etdirilər və iqtisadiyyatımızın ən qabaqcıl sahəsinə çevrilə bilərdi. Lakin bu gün düşmənə ağır, sarsıdıcı zərbələr endirən müzəffər ordumuzun, igid əsgər və zabitlərimizin sücaəti sayəsində işqal altında olan bütün ərazilərimizin sözsüz ki, erməni təcavüzkarlarından azad ediləcəyini reallaşdırır. Qələbə Azərbaycan iqtisadiyyatının, onun önəmli olan sahəsi kənd təsərrüfatının inkişafına da böyük təkan verəcək və işqaldan azad olunan torpaqlarımız insanların əliylə bol- bəhrəli taxıl, pambıq, üzüm sahələrinə çevriləcək, xarabazarlığa çevrilən şəhər və kəndlərimiz, ata- baba yurdları abadlaşacaq, üzə güləcəkdir. Hünər, zəhmət, ədalət, halallıq Azərbaycanı daha yüksək zirvələrə ucaldacaq, dövlətimiz öz rəhbərinin - cənab İlham Əliyevin siyasəti, əməli, torpağa, xalqa məhəbbəti, sədaqəti ilə daha da yüksələcək, şöhrətlənəcək və tarixə yeni-yeni qələbə səhifələri yazacaqdır.
“Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır”
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə təyin etdiyi yeni sədri videoformatda qəbul edərkən deyib ki, bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızı dəstəkləyəcəyik: “Biz bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızı dəstəkləyəcəyik. Artan subsidiyalar bunu bir daha göstərir. Bizim niyyətimiz, siyasətimiz dəyişməz olaraq qalır. Ancaq bununla bərabər, kənd təsərrüfatı ilə məşğul olan hər bir adam öz məsuliyyətini də dərk etməlidir”.
Dövlət başçısı onu da bildirib ki, suyun ədalətsiz bölüşdürülməsi halları mövcuddur: “Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri - kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır”.
“Sudan səmərəli istifadə edilməlidir”
“Eyni zamanda, sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
O bildirib ki, dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir: “Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir”. Dövlət başçısı onu da bildirib ki, təqribən 5-6 il bundan əvvəl pambıqçılıq tamamilə məhv olmuşdu və ölkədə cəmi 20-30 min ton pambıq yığılırdı: “Görülmüş tədbirlər nəticəsində biz keçən il rekord göstəriciyə nail olduq – 330 min tondan çox pambıq yığıldı və hektardan məhsuldarlıq 33 sentnerdən çoxdur. Yəni, əgər sovet dövrünün ən uğurlu illəri ilə müqayisə etsək, deyə bilərik ki, ancaq sovet dövründə cəmi iki ildə hektardan məhsuldarlıq 33 sentnerdən çox olmuşdur. Yəni, bütün bunların təməlində məqsədyönlü siyasət və aidiyyəti qurumların koordinasiyalı şəkildə fəaliyyətinin təkmilləşməsi dayanır. Kənd təsərrüfatında məhsuldarlığın artırılması bizim üçün bundan sonra da prioritet məsələlərdən biri olacaq”.
Azərbaycan Prezidenti vurğulayıb ki, biz indi ərzaq təhlükəsizliyimizi təmin etmək üçün əməli addımlar atırıq: “Ölkəmizin imkanları, gözəl iqlim, bir neçə iqlim zonasının mövcudluğu bizə imkan verir ki, bir çox məhsullar Azərbaycanda yetişdirilsin”.
“Məhsuldarlığın artırılması əlbəttə ki, bu işlərə daha böyük təkan verəcək”
Azərbaycan Prezidenti məhsuldarlığın artırılmasında deyilən işlərin aparılmasının vacib olduğunu söyləyib: “Biz nəzərə almalıyıq ki, Azərbaycan dövləti sürətlə inkişaf edir, tələbat artır, əhali artır. Sovet İttifaqı dağılanda Azərbaycan əhalisi 7 milyon idisə, bu gün 10 milyondan çoxdur. Deməli, istehlak artır. Daxili istehlakı təmin etmək və ixrac imkanlarımızı artırmaq üçün əlbəttə ki, qeyri-neft sektoru sahəsində kənd təsərrüfatının xüsusi yeri vardır. Təbii ki, suvarma aparılmadan, bu sahədə işlər düzgün istiqamətdə təşkil olunmadan biz hər hansı bir uğurdan söhbət apara bilmərik. Əldə edilmiş nailiyyətlərlə əlaqədar çox danışmaq olar, mən, sadəcə, əsas məqamları qeyd etmişəm”. “Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var”,- deyən dövlət başçısı su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələrin həmişə prioritet olduğunu bildirib: “Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər, biz əlbəttə ki, suyun səmərəli istifadəsindən də həmişə narahat idik”.
Dövlət başçısından bir daha sərt mesaj
Azərbaycan Prezidenti bildirib ki, bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda, çətinliklər var, çatışmazlıqlar var. Bunlar aradan qaldırılmalıdır: “Amma bütövlükdə son illər ərzində kənd təsərrüfatının dayanıqlı inkişafı, o cümlədən su təminatının səmərəliliyi ilə bilavasitə bağlıdır. Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik. Bu torpaqların həcmi 100 min hektarlarla ölçülür. Vaxtilə, ümumiyyətlə, su görməyən torpaqlara, yaxud da ki, qismən suvarılan torpaqlara suyun verilməsi bu bölgələri canlandırdı və 100 minlərlə hektar torpağa su verildi.
Bu gün biz kənd təsərrüfatının müxtəlif sahələrində bu siyasətin təzahürlərini görürük. Bizim bəzi iri fermer təsərrüfatlarımızda, taxılçılıqla məşğul olan təsərrüfatlarda məhsuldarlıq bir hektardan 50, 60, hətta 70 sentnerə çatır. Bu, Avropanın aparıcı ölkələrinin səviyyəsinə uyğundur və ona bərabərdir. Burada əlbəttə ki, təkcə suvarma işləri yox, eyni zamanda, digər tədbirlərin də xüsusi çəkisi var. Ancaq suvarma olmadan məhsuldarlıqdan söhbət gedə bilməz”.
“Biz son illər ərzində Azərbaycanda pambıqçılıq sahəsini demək olar ki, dirçəltmişik. Təqribən 5-6 il bundan əvvəl pambıqçılıq tamamilə məhv olmuşdu və ölkədə cəmi 20-30 min ton pambıq yığılırdı. Görülmüş tədbirlər nəticəsində biz keçən il rekord göstəriciyə nail olduq – 330 min tondan çox pambıq yığıldı və hektardan məhsuldarlıq 33 sentnerdən çoxdur”,-deyən Azərbaycan Prezidenti bildirib ki, bütün bunların təməlində məqsədyönlü siyasət və aidiyyəti qurumların koordinasiyalı şəkildə fəaliyyətinin təkmilləşməsi dayanır. Kənd təsərrüfatında məhsuldarlığın artırılması bizim üçün bundan sonra da prioritet məsələlərdən biri olacaq: “Biz indi ərzaq təhlükəsizliyimizi təmin etmək üçün əməli addımlar atırıq. Ölkəmizin imkanları, gözəl iqlim, bir neçə iqlim zonasının mövcudluğu bizə imkan verir ki, bir çox məhsullar Azərbaycanda yetişdirilsin. Məhsuldarlığın artırılması əlbəttə ki, bu işlərə daha böyük təkan verəcək. Biz nəzərə almalıyıq ki, Azərbaycan dövləti sürətlə inkişaf edir, tələbat artır, əhali artır. Sovet İttifaqı dağılanda Azərbaycan əhalisi 7 milyon idisə, bu gün 10 milyondan çoxdur. Deməli, istehlak artır. Daxili istehlakı təmin etmək və ixrac imkanlarımızı artırmaq üçün əlbəttə ki, qeyri-neft sektoru sahəsində kənd təsərrüfatının xüsusi yeri vardır. Təbii ki, suvarma aparılmadan, bu sahədə işlər düzgün istiqamətdə təşkil olunmadan biz hər hansı bir uğurdan söhbət apara bilmərik”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB