Peyvənd və sağlamlığın təminatında həmrəylik güclənir ŞƏRH

Prezident İlham Əliyev: "Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq"

1948-ci il aprelin 7-də Dünya Səhiyyə Təşkilatının yaranmasından etibarən Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi təşkilata üzv qəbul olunub. Azərbaycan da bu təşkilatın üzvləri sırasındadır. ÜST-ün Nizamnaməsində qeyd olunduğu kimi, onun əsas məqsədi bütün insanların mümkün ola biləcək ən yüksək sağlamlıq səviyyəsinə nail olmalarını təmin etməkdir. Sağlamlıq ÜST-ün Nizamnaməsində yalnız xəstəliklərin, yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial sağlamlıq vəziyyəti kimi müəyyən olunur. 70 ildən artıqdır ki, Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir. Həmin gün ictimaiyyətin diqqəti Dünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunur və müxtəlif şüarlar altında keçirilir. Belə ki, "Fəallıq uzun ömür yaşamağa aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək", " Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq", "1000 şəhər – 1000 həyat", "Kiçik sancma böyük təhlükə mənbəyidir", "Qida məhsullarının təhlükəsizliyi", "Diabetə qalib gələk" və s. şüarları altında keçirilən tədbirlər planetin hər bir sakininin sağlamlığın qorunmasına yönəlib. ÜST bu il Ümumdünya Sağlamlıq Gününü "Daha ədalətli və daha sağlam dünyanın qurulması" mövzusuna həsr edib. Bu gün bütün dünya koronavirus pandemiyasının tüğyan etdiyi zamanda təxrəsalınmaz tədbirlər həyata keçirir. Azərbaycanda əhalinin sağlamlığının qorunması Azərdaycan Prezidenti İlham Əliyevin ciddi nəzarəti altında olduğundan ölkəmiz bu pandemiya ilə mübarizədə qabaqcıl ölkələr sırasındadır. Yoluxma hallarının aşkarlanması, xəstəliyin yayılmasının qarşısının alınması və insanların həyatının xilas edilməsi və s. məqsədilə geniş işlər görülüb və bu davamlıdır. Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirmişdi. Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində Prezident İlham Əliyev Azərbaycanın pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olduğunu vurğulayıb: "Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik". Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə Görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi idi. Epidemiyanın geniş yayıldığı dünyada iqtisadi münasibətlərin dayandığı bir dövrə təsadüf edən və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu videokonfrans böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir.

"AZƏRBAYCAN, HƏMÇİNİN COVAX TƏŞƏBBÜSÜNƏ QOŞULAN VƏ ONU DƏSTƏKLƏYƏN İLK ÖLKƏLƏRDƏN BİRİ OLUB"

Dünyada tüğyan edən koronavirus "COVID-19" infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə, təxirəsalınmaz tədbirlər davam etdirilir. Təbii ki, bununla bağlı dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlər görülüb, çevik və zəruri qabaqlayıcı addımlar atılmışdır. Bu gün ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla reallaşır. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Bu gün peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bildirib ki, Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi" adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib. "Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq", - deyə Prezident İlham Əliyev vurğulayıb.

AZƏRBAYCAN ƏN SƏMƏRƏLİ TƏDBİRLƏR HƏYATA KEÇİRƏN ÖLKƏLƏRDƏNDİR

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus şəxsi "Twitter" hesabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciətindəki çağırışları ilə bağlı paylaşım edib. ÜST-ün Baş direktoru paylaşımında Azərbaycan Prezidentinə təşəkkür edərək qeyd edib: "BMT-nin İnsan Hüquqları Şurasında ədalətli, əlverişli, vaxtında və universal şəkildə COVID-19 peyvəndlərinə çıxışın əldə olunması ilə bağlı çağırışdakı liderliyinizə görə Prezident Əliyev, Sizə təşəkkür edirəm. Razıyam ki, biz vaksinlərin ədalətli paylanmasını təmin etmək, peyvənd və sağlamlıq təminatı üçün birlikdə daha çox iş görməliyik". Bu gün bütün dünyada olduğu kimi, Azərbaycan da koronavirus pandemiyası ilə mübarizəni davam etdirir. Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start vermiş ölkədir. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Azərbaycan da milli peyvəndləmə strategiyasına uyğun olaraq, sifariş edilmiş 4 milyon doza "CoronaVac" peyvəndi vasitəsi ilə risk qruplarına aid şəxslərin peyvəndlənməsi aparılır. Artıq ölkəmizə COVAX platforması çərçivəsində "AstraZeneca" şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi gətirilib. Bu, ilk partiyadır. Mayın sonuna qədər "AstraZeneca" şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana gətiriləcək. Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Vətəndaşların layiqli həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi, hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. ÜST ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...