Manukyan, Koçaryan, yoxsa Paşinyan? ANALİTİK

Aleksey Fenenko: “Vazgen Manukyan aqressiv radikaldır, Robert Koçaryanın isə Ermənistanda elektoral dayağı yoxdur”

Məlum olduğu kimi, Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir və hakimiyyətə iddialı olaraq iqtidarı ələ keçirmək istəyənlərin sırasında bir zamanlar ölkəyə rəhbərlik etmiş və hazırda revanşistlər sırasında yer alan qüvvələr də var. Misal üçün, “Vətənin azadlığı naminə hərəkat”ın rəhbəri Vazgen Manukyan, ölkənin ikinci prezidenti Robert Koçaryan və s. Söz yox ki, revanşistlərin bir məqsədləri var – hakimiyyətə gələndən sonra Qarabağ üzrə imzalanmış üçtərəfli bəyanatı etibarsız hesab etmək və Azərbaycanla yeni müharibəyə hazırlaşmaq.

Bu arada Rusiyanın tanınmış politoloqu, beynəlxalq məsələlər üzrə ekspert Aleksey Fenenkonun Azərbaycanda dərc edilən rusdilli caliber informasiya analitik mərkəzinə verdiyi proqnozlarına da diqqət yetirmək olar. O, Vazgen Manukyanın bioqrafiyasını xatırladaraq deyib ki, hələ 1996-cı ildə bu adam Ermənistanda çaxnaşmalar yaradaraq iddialar irəli süürməyə başlamışdı ki, ölkənin o zamankı prezidenti Levon Ter-Petrosyan Qarabağı azərbaycanlılara təhvil verməyə hazırlaşır. 1998-ci ilin fevralında Vazgen Manukyan faktiki şəkildə Levon Ter-Petrosyanı devirməyə müvəffəq olur.

Robert Koçaryanın problemi ondadır ki, radikallar onun daha loyal olduğunu hesab edir, qərblilər isə rusiyapərəst olduğunu bilir, rusiyapərəst elektorat üçün isə o qərbyönümlüdür

Lakin bu gün revanşist güclərin işində Vazgen Manukyandan heç də geri qalmayan iddialı şəxslərdən biri məhz Robert Koçaryandır. Bu mənada, Koçaryanın iddialı olmasına rəğmən, şansının olub-olmamasına toxunan Aleksey Fenenko bildirib ki, əsasən, siyasət arenasındakı gedişlərdən sonra qayıdışlar çətin baş verir və baş versə belə cüzi hallarda yaşanır. “Bundan əlavə, Robert Koçaryan Vazgen Manukyandan az da olsa loyaldır. Erməni radikalları isə istəyirlər ki, hakimiyyətə aqressiv siyasətçi gəlsin”, deyən rusiyalı politoloqa görə, Robert Koçaryanın problemi ondadır ki, radikallar onun daha loyal olduğunu hesab edir, qərblilər isə rusiyapərəst olduğunu bilirlər. Rusiyapərəst elektorat üçün isə Koçaryan qərbyönümlüdür. Problem də bundadır.

Onun Poznerə müsahibəsi zamanı erməni ordusunun vəziyyətinin acınacaqlı olması və revanşa hazır olmaması barədə dediyi fikrinə də münasibət bildirən Aleksey Fenenkoya görə, bu yanaşma da Vazgen Manukyanın Qarabağı bu gün olmasa da, sabah “geri qaytaraq” çağırışlarından fərqlənir. Ancaq buna rəğmən, Robert Koçaryanın Ermənistanda elektoral dayağı yoxdur.

Əgər Armen Sarkisyan Nikol Paşinyana qarşı oyunlara başlarsa, erməni baş nazirinin nəticələri heç də uğurlu olmaya da bilər

Politoloq Manukyanın da şansının olmadığını bildirib və boş müharibə çağırışlarının ona heç bir səmərə verməyəcəyini deyib. Lakin Ermənistanın mövcud prezidenti Armen Sarkisyanın da növbədənkənar seçkilərin nəticələrinə təsir imkanlarının olduğunu xatırladıb. SİTAT: “Burada Ermənistanın prezidenti Armen Sarkisyanın hansı mövqe sərgiləməsindən də çox şey asılıdır. Biz bu fiquru unuduruq, o isə siyasi mərhələlərdə vacibdir. Əgər Armen Sarkisyan Nikol Paşinyana qarşı oyunlara başlarsa erməni baş nzirinin nəticələri heç də uğurlu olmaya da bilər.

Vazgen Manukyanın elektoratına gəlincə - bu şəhər küçələrindəki aqressiv marginallardır. Onlar müharibənin nə olduğunu pis başa düşürlər, ancaq məmnunluqla “Müharibə et!” şüarlarını çıxırmağa hazırdırlar. Manukyan da məhz onlara “stavka” edir”.

Rusiyalı politoloq daha bir məqama da toxunub və bildirib ki, bu da erməni siyasətinin xüsusiyyətləri sırasındadır: “Qarabağ klanının tam şəkildə süqutu baş verdi. Daha əvvəl bu klan kifayət qədər gücü ehtiva edirdi, ancaq ötən payızda baş verən olaylardan sonra biz klanın kiçik qruplara parçalanmasını görürük. Qarabağlı ermənilər hansısa konsolidasiyalı namizədi ortaya çıxara bilmirlər, bu isə Paşinyanın xeyrinə oynayan amildir”.

O, sonda bildirib ki, Vazgen Manukyan İrəvan ermənisi olmasına rəğmən Qarabağ klanında olmuş və oradan küskün ayrılmış radikalları da özünə cəlb edə bilər. Ancaq...

Moskvanın “stavkası” 50-nin 50-yədir...

Ancaq daha bir fakt budur ki, Koçaryana Kremlin “stavka” etməsi mümkünlüyü də görünür. Eks-prezidentin Rusiyanın paytaxtında gedərək görüşlər keçirməsi və müsahibə verməsi bir çoxlarında onun “Moskvanın dostu” fikirlərini diktə edir. Lakin fakt budur ki, Robert Koçaryan Moskvada özünün “uzun illərə söykənən dostu” hesab etdiyi Vladimir Putinlə baş-başa görüşə bilmədi və ən yaxşı halda Putin onunla telefonla danışdı. Hətta belə nəticəyə gəlsək ki, Moskvanın “stavkası” 50-nin 50-yədir və əslində onun hakimiyyətə yiyələnməsi ehtimalının da az olduğunu yaxşı dərk edir, hətta müəyyən dəstəklərini göstərərsə belə. Əslində, bu gün açıq şəkildə etiraf olunmasa da, Kreml Qərbin yetirşdirməsi olan Paşinyanı öz tərəfinə çəkməklə, yəni daha böyük vədlər verməklə onun qütb orientasiyasını dəyişməyə çalışır. Bu baxımdan, Ermənistanda keçiriləcək növbədənkənar parlement seçkilərinin və seçkilərin bu, yaxud digər şəkildə nəticələrinin hansı məcrada inkişaf edəcəyini sadəcə gözləmək, daha sonra isə yekun ehtimallara gəlmək lazımdır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...