“Azərbaycan tolerantlığı ilə əksər ölkələrə nümunədir” - AÇIQLAMA

“Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri, millət vəkili Cavanşir Feyziyev mətbuata açıqlamasında ötən həftə Avropa Parlamentinin Fransadan olan üzvü, qurumun Təhlükəsizlik və Müdafiə alt komitəsinin sədri Natali Luazonun Fransanın “Croix” jurnalında “Dağlıq Qarabağ kilsələrini qoruyaq” sərlöhvəli yazısına və AP-nin Fransadan olan digər bir üzvü, Fransua-Xavier Belaminin Ermənistana səfəri, bu səfər çərçivəsində Ermənistanın xarici işlər naziri, bütün ermənilərin katalikosu və digər şəxslərlə keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirib”. SİA xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Cavanşir Feyziyev son dövrlər bir sıra Avropa Parlamenti üzvlərinin regionda gərginliyi artırmağa yönəlmiş bəyanatlar səsləndirdiyini, regionda formalaşmış kövrək sülh şəraitini pozmağa xidmət edən addımlar atdığını, bunların erməni lobbiçiləri və ermənipərəst dairələr tərəfindən məqsədyönlü şəkildə edildiyini bidirib. Millət vəkili qeyd edib ki, Avropa Parlamenti çox mühüm siyasi qurumdur və bu qurumda təmsil olunan siyasətçilər regiondakı vəziyyətlə bağlı fikir bildirərkən öz siyasi məsuliyyətlərini başa düşməlidirlər. AP üzvləri Ermənistanda revanşist meylləri stimullaşdırmaq əvəzinə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına çalışmalıdırlar. Xanım Natali Luazo artıq uzun bir müddətdir ki, Fransa erməni lobbiçilərinin təsir dairəsində olan və ölkəmizə qarşı haqsız hücumlarda iştirak edən qərəzli bir siyasətçidir. Pandemiyadan əvvəlki illərdə AP-yə səfərlərimiz çərçivəsində qurumun Təhlükəsizlik və Müdafiə alt komitəsinin sədri kimi xanım Luazo ilə bir neçə dəfə görüşməyə təşəbbüs etsəm də, təəssüf olsun ki, heç vaxt ondan müsbət cavab ala bilməmişəm.

Cavanşir Feyziyev diqqətə çatdırıb ki, hazırda regionda mövcud olan sülh kövrəkdir və bu kövrəkliyi nəzərə alaraq AP üzvləri öz bəyanatlarında, addımlarında diqqətli və balanslı olmalıdırlar: “Avropa İttifaqı ölkələri İkinci dünya müharibəsindən sonra qitədə siyasi-iqtisadi inteqrasiyanı təmin etmiş, Avropanı sülh qitəsinə çevirmişlər. Dolayısı ilə müharibədən sonra sülhün təmin edilməsi üçün bütün kommunikasiyaların bərpa olunmasının, əlaqələrin intensivləşdirilməsinin nə qədər vacib olduğunu yaxşı bilirlər. İndiki halda 44 günlük müharibədə əldə edilmiş Zəfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla bütün kommunikasiyaların açılması, əlaqələrin tam bərpa olunması təşəbbüsünü irəli sürüb və bu təşəbbüslər 10 noyabr tarixli Üçtərəfli Bəyanatda öz əksini tapıb. Post-müharibə dövründə Azərbaycan həmin Bəyanatın müddəalarının həyata keçirilməsinə çalışır və dünya birliyini də bölgəmizdə sülhün qorunmasına və regional əməkdaşlığın bərpa olunmasına dəstək verməyə səsləyir. Bütün bu prosesləri özünün çox da uzaq olmayan tarixində yaşamış və kifayət qədər sülhyaratma təcrübəsi qazanmış Avropa ölkələri və siyasətçiləri Azərbaycanın bu cəhdlərinə dəstək verməlidir”.

Xanım Luazonun öz yazısında erməni kilsələrinin taleyindən narahatlıq ifadə etməsi ilə bağlı millət vəkili bildirib ki, belə bir narahatlıq üçün heç bir əsas yoxdur. O, qeyd edib ki, Azərbaycan çoxmillətli və multi-konfessional bir ölkədir və öz tolerantlığı ilə əksər dünya dövlətlərinə nümunədir. Millət vəkili diqqətə çatdırıb ki, “Bakıda və Azərbaycanın ayrı-ayrı bölgələrində çoxlu kilsələr və sinaqoqlar var. Paytaxtın mərkəzində erməni kilsəsi yerləşir və dövlət tərəfindən qorunur. Azərbaycanda bu gün 30 min erməni əsilli vətəndaş yaşayır. Heydər Əliyev Fondu dünyanın bir sıra ölkələrində, o cümlədən Vatikanda dini abidələri bərpa etmək üçün layihələr icra edir. Bütün bunlar Azərbaycanın tolerantlıq və digər mədəniyyətlərin tarixi-dini abidələrinə həssas yanaşmasının bariz nümunələridir. Bütün bunların fonunda işğaldan azad olunmuş ərazilərdə olan kilsələrin taleyi ilə bağlı əsassız narahatlığı dilə gətirib, qisasçı ritorikadan bəslənənlərin dəyirmanına su tökmək siyasi ciddiyyətə sığmır.”

Cavanşir Feyziyev Avropa Parlamentinin hər iki üzvünə məktub ünvanlandığını və həmkarlarını daha konstruktiv mövqe tutmağa səslədiyini də qeyd edib. Bildirib ki, məktubda fransalı parlamentarilərə işğaldan azad olunmuş ərazilərdə 30 illik işğal dövründə ermənilər tərəfindən törədilmiş vandalizm aktları ilə bağlı geniş məlumat verib: “ 30 il ərzində işğal altında qalmış ərazilərimizdə dini və mədəni abidələrimizə, məscidlərimizə qarşı törədilmiş mədəni terror haqqında bütün məlumatları, o cümlədən xalqımızın müqəddəs dəyəri olan məscidlərimizdə donuz və başqa heyvanların saxlanıldığını da Fransalı həmkarlarımızın diqqətinə çatdırmışıq”.

Millət vəkili açıqlamasının sonunda dünya ictimaiyyətinin, xüsusilə siyasi xadimlərin regionun reallıqları ilə tanış olduqdan sonra bölgədə sülhün bərqərar olması üçün səylər göstərəcəklərinə və nəticədə Cənubi Qafqaz regionunun sülh və sabitlik şəraitində daha da sürətli inkişaf edəcəyinə, bölgə xalqlarının rifahının təmin olunacağına inamını ifadə edib .

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...