“Atılan addımların təməlində insanların rifahı, iqtisadiyyatın inkişafı durur” ÖZƏL-MÜNASİBƏT

“Atılan addımların təməlində insanların rifahı, iqtisadiyyatın inkişafı durur” ÖZƏL-MÜNASİBƏT

“Su həyatdır, saflıqdır, inkişafdır. Tarixən bu, belə qiymətləndirilmişdir və bu gün də bu, belədir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən, ölkənin meliorasiya və su təsərrüfatında olan mövcud vəziyyətin geniş təhlilindən, görülmüş işlərdən və qarşıda duran mühüm vəzifələrdən söz açmışdır.
“Mənim təşəbbüsümlə bir neçə su anbarları inşa edilmişdir və əgər vaxtında bu su anbarları inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimizi ola bilərdi”, fikrini əsaslandıran dövlət rəhbəri məhz ölkədə su təsərrüfatının yenidən qurulmasında aqrar sektorun inkişaf etdiyini bildirmişdir. Vaxtilə suvarılmayan sahələrə su gətirilməsi nəticəsində yüz min hektarlarla torpaq suvarılmış, yeni taxılçılıq təsərrüfatlarında məhsuldarlıq 60-70 semtnerə çatdırılmışdır. Prezidentimizi bildirmişdir ki, görülmüş tədbirlər nəticəsində biz keçən il pambıqçılıqda rekord göstəricilərə nail olduq, 330 min tondan çox pambıq yığıldı və hər hektardan məhsuldarlıq 34 sentnerdən çoxdur.
Kənd təsərrüfatında məhsuldarlığın artırılması bizim üçün bundan sonra da prioritet məsələlərdən biri olacaq. Ölkə rəhbəri xatırlatmışdır ki, biz indi ərzaq təhlükəsizliyimizi təmin etmək üçün əməli addımlar atırıq. Əlbəttə ki, bu addımların təməlində insanların rifahı, normal yaşayışı, işsizliyin aradan qaldırılması, iqtisadiyyatın inkişaf etdirilməsi durur. İqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatının inkişafı üçün isə su təminatının ödənilməsi, torpaqların yararlı hala salınması, suvarma texnologiyasının təkmilləşdirilməsi, sudan qənaətlə, səmərəli istifadə edilməsi çox vacibdir. Məhz buna görə də Cənab Prezident qeyd etmişdir ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet olub və bundan sonra da belə olacaq.
Bu, əlbəttə ki, işğaldan azad olunmuş ərazilər üçün də xarakterikdir. Dövlətimizin başçısı qətiyyətlə bildirmişdir ki, həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu, su ehtiyatlarından maksimum və səmərəli şəkildə istifadə etmək üçün konkret proqramlar və təhlillər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur. Həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Əminəm ki, bu, belə də olacaq.
Əlbəttə ki, Cənab Prezident söylədiyi hər fikrin arxasında öz əməli, öz siyasəti ilə durur və Azərbaycanda iqtisadiyyatın inkişafı üçün mühüm rol oynayan su təsərrüfatının inkişafı da, elə bilirəm ki, bundan sonra daha müvəffəqiyyətlə həyata keçiriləcək”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə