“Görüşdən sonra xəritələr Azərbaycana verilə bilər” ÖZƏL-MÜNASİBƏT
“Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla Moskvada bir neçə gün əvvəl baş tutan görüşü barədə geniş məlumat verilməsə də mühüm məsələlərin ətraflı müzakirə olunduğu şübhə doğurmur. Rusiya XİN-in yaydığı məlumatda qeyd olunur ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilən görüşdə nazirlər Dağlıq Qarabağda və bölgədə iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası prosesinin gedişi, onların blokadadan çıxarılması ilə bağlı müzakirələr aparıblar”. Bunu ANAP-ın sədri Abutalıb Səmədov “Səs” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan qarşısında duran əsas vəzifə erməni işğalından azad olunmuş ərazilərin tamamilə yenidən qurulması və yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan köçkünlərin geri qaytarılmasıdır: “Bunun üçün, ilk növbədə onların təhlükəsizliyi təmin olunmalıdır. Təəssüf ki, işğal etdikləri torpaqlarımızdan qovulan ermənilər ərazilərimizi tamamilə minalamışlar və minalanmış sahələrin xəritəsini verməkdən imtina edirlər. Nəticədə, bir tərəfdən, minaya düşən dinc insanlar həlak olur, digər tərəfdən bölgədə iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası , onların blokadadan çıxarılması prosesi ciddi şəkildə ləngiyir. Bu amil ərazilərin bərpası və yenidən qurulması sahəsində Rusiya şirkətləri ilə nəzərdə tutulan əməkdaşlığa mane olur və planların pozulmasına gətirib çıxarır. Heç kimə sirr deyil ki, minalanmış sahələrin xəritələrinin alınaraq Azərbaycana verilməsi Rusiyanın imkanları daxilində olan məsələdir və bu istiqamətdə böyük qonşumuzun israrçı mövqe tutmaması təəssüf doğurmaya bilməz”.
A.Səmədov onu da bildirdi ki, pandemiya dövründə ciddi iqtisadi problemlərlə üz-üzə qalan Rusiya nazirlərin bu görüşündən sonra xəritələrin Azərbaycana verilməsi istiqamətində real addımlar atacaq: “Müzakirə olunan digər mühüm məsələ Mehridən keçən nəqliyyat koridorunun vaxtında işə salınması istiqamətində konkret addımların atılması olub. Ermənilərin nəzərdə tutulmuş qrafiki pozmaq üçün əlindən gələni etməsi və Ermənistandakı xaosu bəhanə olaraq göstərməsi qəbuledilməzdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Baş Nazirinin müavini Aleksey Overçuku qəbul edərkən razılaşmanın icrasının qənaətbəxş olduğunu, üçtərəfli işçi qrupu çərçivəsində işlərin uğurla getdiyini qeyd etsə də, hələlik heç nəyə nail olmayan erməni tərəfinin bu mühüm layihəni pozmaq üçün əlindən gələni etdiyi gözardı edilməməlidir. Şübhə yoxdur ki, Xarici İşlər Nazirlərinin Moskva görüşü regionda kommunikasiyaların açılmasında, iqtisadi əlaqələrin inkişafında mühüm addım olacaq və proseslərin sürətlənməsinə təkan verəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB