Cinayətkar ermənilərin qanunsuz əməllərini pərdələməkdənsə, rəsmi Moskva artıq daha ciddi şəkil almağa başlayan belə bir ifşanın qarşısını almalıdır
44 günlük Vətən müharibəsi zamanı "İskəndər" əməliyyat-taktiki komplekslərindən istifadə mövzusu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Şuşa şəhəri yaxınlığında iki raket parçasının tapıldığını bildirməsindən sonra yeni bir inkişaf aldı. Daha dəqiq desək, Şuşada “İskəndər”-M raketinin qalıqlarının tapılması ətrafında ortaya çıxan fakt bu oldu – Rusiya Ermənistana rəsmi qaydada, yəni beynəlxalq silah ticarətinin tələb etdiyi qaydalara uyğun şəkildə “İskəndər”-E ballistik raket komplekslərini satıb. Yəni Ermənistanın silah arsenalında raketin “M” variantı rəsmi qaydada olmamalıydı və bütün bunlardan sonra üzə çıxan növbəti fakt, yaxud sual bu oldu – bəs həmin raket Ermənistanda necə “zühur” etdi və Şuşaya doğru atıldı?
Raketlərin qeyri-qanuni yollarla Ermənistana ötürülməsində də onların rollarının olması artıq heç bir şübhə doğurmur
Bu sualın ən optimal cavabı budur ki, “İskəndər” M raketləri Ermənistana qeyri-leqal yollarla aparılıb və belə bir halı yalnız müharibə cinayəti ilə əlaqələndirmək mümkündür. Eyni zamanda, qənaətə gəlmək olar ki, Rusiyada kifayət qədər erməni əsilli vətəndaşlar bizneslərin bu və ya digər sahələrində fəaliyyət göstərirlər. Raketlərin qeyri-qanuni yollarla Ermənistana ötürülməsində də onların rollarının olması artıq heç bir şübhə doğurmur. Artıq beynəlxalq dairələr də həmin məsələni diqqətə almalı, istər Rusiyanın, istərsə də Ermənistanın qeyri-qanuni silah ticarətçilərinin barələrində ifşaedici bəyanatlar verməli, bu faktın ifşası istiqamətində qəti mövqelərini ortaya qoymalıdırlar. Çünki 44 günlük müharibə zamanı biz dəfələrlə rəsmi mənbələrdən məlumatlar vermişik ki, Rusiyadan Ermənistana qanunsuz yollarla müxtəlif növdə silahlar ötürülməkdədir.
Yeri gəlmişkən, hələ ki, rəsmiləşməmiş məlumatlara görə, artıq Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) araşdırmalara başlayıb və “İskəndər” M-lərin Rusiyadan Ermənistana ötürülməsində kimlərin rol almaları ətrafında əsas izləri axtarmaqdadır.
İndi cavabvermə növbəsi yalnız məğlub Ermənistanın deyil...
Təəssüf ki, Rusiya FTX-sı sözügedən məsələnin üzərinə gec düşüb, əgər həqiqətən də düşübsə. Belə ki, ikinci Qarabağ müharibəsində Azərbaycan şəhərlərinin digər növ raketlər vasitəsi ilə atəşə tutulması, dinc sakinlərin qətlə yetirilmələri arxasında da bu kimi reallıqların dayanması faktdır. İndi cavabvermə növbəsi yalnız məğlub Ermənistanın deyil, həmçinin qanunsuz yollarla bu ölkəyə raketlər göndərən və Rusiyanın müxtəlif dairələrində yer alan erməni əsilli Rusiya vətəndaşlarınındır. Onların dərhal aşkar olunaraq belə bir cinayətdə yer almalarına qanuni qiymət verilməli və mühakimə olunmalıdırlar.
Əgər bu da baş verməzsə, onda Rusiyanın regiondakı sülhməramlılıq prinsipləri ciddi laxlaya və kölgə altında qala, üstəlik, beynəlxalq aləmdəki siyasi və s. nüfuz dairələri düşə bilər. Hər halda, cinayətkar ermənilərin qanunsuz əməllərini pərdələməkdənsə, rəsmi Moskva artıq daha ciddi şəkil almağa başlayan belə bir ifşanın qarşısını almalıdır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB