Prezident İlham Əliyevin Zirvə görüşündə Zəngəzurla bağlı çıxışı türkdilli dövlətlərə ünvanlanmış tarixi mesajdır
Prezident İlham Əliyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı II Qarabağ müharibəsi haqqında məlumat verməklə yanaşı, həm də dövlət başçımız tarixi Zəngəzur çıxışı türkdilli dövlətlərə ünvanlanmış tarixi mesaj idi.
«Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq»,-deyən Azərbaycan Prezidenti bildirdi ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi: «Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər».
44 günlük şanlı Zəfər regionda yeni siyasi reallıqlar yaratmaqla Zəngəzur dəhlizinin açılması ideyasını gündəmə gətirdi
Prezident İlham Əliyev 10 noyabr bəyanatında «Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi» olaraq qeyd olunan və Naxçıvan dəhlizi dediyimiz dəhlizi Zəngəzur dəhlizi adlandırdı. Bu, bir tərəfdən Zəngəzurun tarixi torpaqlarımız olduğunun mesajıdır, digər tərəfdən gələcək hədəflərimizi müəyyən edir. Hələ 2019-cu ildə Türk Konseyinin Bakıda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyev «Zəngəzur türk coğrafiyasının bölünməsinin əsas nöqtəsidir» deyə bəyan etmişdi. Bu, türk dünyasını Ermənistanın işğalçılıq siyasətinə qarşı birləşdirmək addımı idi. Həmin il «Qarabağ Azərbaycandır və Nida» bəyanatı, Qaregin Njde üzərindən edilən manevrlər və Türk Konseyindəki mesaj hesab etməyə imkan verirdi ki, 1920-ci ildə - Azərbaycanın qədim diyarı olan Zəngəzurun Ermənistana verilməsinin 100 illiyində ciddi dəyişikliklər ola bilər. Belə də oldu. 2020-ci ildə Azərbaycan 44 gün davam edən Vətən müharibəsi ilə işğal altındakı ərazilərini azad etdi, həm də Naxçıvanı Azərbaycana birləşdirilən dəhlizin inşası üzərində razılıq əldə olundu.
Həmçinin, üçtərəfli bəyannamə təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Regionda nəqliyyat əlaqələri Ermənistanın təxminən 30 il idi davam etdirdiyi işğalçı siyasət nəticəsində məhdudlaşıb. Üçtərəfli bəyannamənin 9-cu maddəsi bu əlaqələrin bərpasını nəzərdə tutur. Həmin maddədə qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Elə həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir.
Bir sözlə, bu dəhliz Vətən müharibəsində qazandığımız tarixi uğurlarımızdan biridir. Prezident İlham Əliyev də Zəngəzur dəhlizinin tarixi nailiyyət olduğunu vurğulayıb: «Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır».
Bu mənada, Prezidentin martın 31-də keçirilmiş Zirvə görüşündə Zəngəzurla bağlı çıxışı türkdilli dövlətlərə ünvanlanmış tarixi mesaj olmaqla, həm də bu layihənin reallaşması təkcə region ölkələri üçün deyil, sözügedən dəhlizin açılması və istifadəyə verilməsi Azərbaycan Prezidentinin bir müddət əvvəl ifadə etdiyi bölgənin 6 qonşu ölkəsinin əməkdaşlıq formatının yaranmasında ciddi rol oynayacaq.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB