Aprel döyüşləri "Zəfər"ə aparan yol oldu - ŞƏRH ÖZƏL

Aprel döyüşləri "Zəfər"ə aparan yol oldu - ŞƏRH ÖZƏL
"Azərbaycan torpaqları və bu torpaqlarda yaşayan soydaşlarımız, tarix boyu erməni təcavüzkarlarının təzyiqlərinə, məkirli siyasətinə və insanlıq əleyhinə yönəlmiş amansız cinayət əməllərinə məruz qalıb. Eyni ilə 90-cı illərin əvvəlində də həmin qeyri-qanuni, beynəlxalq hüquqa zidd proseslərin davamı kimi Azərbaycanın 20% torpaqları mənfur düşmənlərimiz tərəfindən işğal olunub, 30 ilə yaxın müddət ərzində isə doğma torpaqlarımızda qanunsuz işğalçılıq siyasəti həyata keçirilib. Təbii ki, o zamankı Azərbaycan rəhbərliyinin səriştəsizliyi, ölkə daxilindəki xaos, qarşıdırma və özbaşınalıq torpaqlarımızın işğalına səbəb olan amillərdən biri olub". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib. Deputatın sözlərinə görəz Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu (1993-2003) illərdə Azərbaycan Respublikası inkişaf yoluna qədəm qoyub və ölkəmiz beynəlxalq səviyyədə tanınan güclü dövlətə çevrilib: "Daim Azərbaycanın haqq səsini bütün dünyaya çatdıran Ulu öndər Heydər Əliyev yeni, müasir Azərbaycanın qurucusu və uzaqgörən dahi şəxsiyyət kimi qəlbimizdə unudulmayacaq dərin izlər buraxıb. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Ölkə Prezidenti cənab İlham Əliyev Prezidentlik fəaliyyətinə başladığı andan bu günədək ölkəmiz bütün sahələrdə inkişafın ən yüksək pilləsinə yüksələrək ən qüdrətli dövlətə çevrilib. Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-mədəni sferalarda uğur qazanan Cənubi Qafqazın ən güclü dövlətidir. Dövlət Başçısının həyata keçirdiyi uğurlu siyasətlərdən biri də Ordu quruculuğu sahəsində olmuş və bizim güclü, müasir texnika, silah-sursatla təchiz olunan Ordumuz formalaşdırılıb. 1994-cü ildə atəşkəs elan edilməsinə baxmayaraq dəfələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini pozublar. Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdlərindən biridə məhz 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş verdi. Gün ərzində Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Nəticədə 2 dinc sakin ölmüş, 10 nəfər yaralanıb, infrastruktur obyektləri zədələnib, evlər dağıdılıb, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəyib". İ.Məmmədov vurğulayıb ki, Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirə salınmaz cavab tədbirləri həyata keçirilib, Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən "Lələtəpə" adlandırılan yüksəklik düşməndən azad edilib: "Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib. Eyni zamanda 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Aprel döyüşləri 44 günük Vətən müharibəsində qazanılan Zəfərin başlanğıcı kimi düşmənə verilən ən böyük dərslərdən biri kimi tarixə düşüb. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində ermənilərin terror-təxribat xarakterli təcavüzünə cavab olaraq 44 gün ərzində Ermənistanın məğlubedilməzlik mifini dağıdaraq düşməni layiqincə cəzalandırılıb. Nəticədə soydaşlarımızın uzun illər davam edən Vətən həsrəti sona çatdı və doğma dədə-baba torpaqlarımız azad olundu. Aprel döyüşlərindən öncə və həmin prosesden sonra daim Ölkə Prezidenti cənab İlham Əliyev beynəlxalq müstəvidə Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunması üçün humanist fikirlər səsləndirib. Buna baxmayaraq Ermənistan siyasi rəhbərliyi bu məsələnin sülh yolu ilə həll olunması üçün razılaşmırdı. Qətiyyətli və güclü iradəsi ilə ata vəsiyyətini həyata keçirən dövlət başçısınıın uğurlu siyasəti ilə Azərbaycan Ordusunun qazandığı Zəfər Qələbəsi Ermənistanın kapituliyasiyası idi. Bu gün qürur hissi ilə söyləmək olar ki, Azərbaycanın Böyük Qələbəsi, uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə diqtə edən tərəflərdən biri kimi etibarlı tərafdaş ölkə olmasının bariz nümunəsidir".
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə