Co Bayden qondarma “erməni soyqırımını” tanıyarsa... ŞƏRH

Co Bayden qondarma “erməni soyqırımını” tanıyarsa... ŞƏRH

Teodor Karasik: “ABŞ Ankaranın mümkün reaksiyasını analiz edir”

Ermənistanin xarici işlər naziri Ara Ayvazyanın aprel ayında qondarma “erməni soyqırımı” bəyanatı ilə çıxış etməsi və sözügedən bəyanatında beynəlxalq ictimaiyyətin “soyqırımını” tanımasının erməni XİN-i üçün prioritet məsələ olduğunu bildirməsi Ermənistanın həmin istiqamətdəki informasiya hücumunu artırıb. Bu hücum xüsusilə bir qrup ABŞ senatorlarının prezident Co Baydenə müraciətlərindən sonra daha da artıb. Çünki Ağ Ev administrasiyasındakı mənbələrdən sızan məlumatlara görə, Bayden saxta “soyqırımı” iddialarını qəbul etmək, yaxud tanımaq fikrinə düşüb.

SİA xəbər verir ki, İsrailin “Jerusalem Post” nəşrinin şərhçisi Emili Şrayder də bu barədə yazıb və Bayden administrasiyasının sözügedən məsələdə ermənilərin maraqlarını təmin edəcəyini iddia edib.

ABŞ Nikol Paşinyanın “əlinə” oynayır?

Lakin bununla yanaşı, rusiyalı politoloq, Rusiyanın xalq təsərrüfatı və dövlət xidməti akademiyasının dosenti Sergey Karnauxov da hesab edir ki, ABŞ prezidenti “erməni soyqırımını” tanıya, nəticədə Ermənistanda keçiriləcək növbədənkənar seçkilərdə Nikol Paşinyan və onun partiyası qalib gələ bilər.

Amerikalı analitik, “Gulf State Analytics”-in (Vaşinqtonda yerləşən geosiyasi risklərin qiymətləndirilməsi şirkəti) aparıcı eksperti, doktor Teodor Karasik caliber-ə verdiyi şərhində qeyd edib ki, “erməni soyqırımı” haqqındakı qanun layihəsi aprelin sonunda - ayın 22-23-də Co Baydenin təşəbbüsü ilə keçiriləcək iqlimin dəyişilməsinə həsr olunmuş virtual formatdakı sammitdən sonra təqdim ediləcək.

Türkiyə ilə münasibətlərdə presedent yarana bilər

“Mümkündür ki, prezident Co Baydenin administrasiyası, həqiqətən də, bu aksiyanın həyata keçirilməsini istəyir. Eyni zamanda, bu məsələ ilə bağlı Türkiyə ilə münasibətlərdə presedent yarana bilər. Ankaranın davranışına təsir göstərməyə cəhd etmək müxtəlif tərəflərdən və müxtəlif səbəblər baxımından həyata keçirilir. Türkiyə müstəqil şəkildə bir neçə münaqişə torpaqlarında hərbi əməliyyatlar keçirir, Ankara diqqətçəkən diplomatik sıçrayış etdi ki, bu da ABŞ üçün gözlənilməz olmadı. Ona görə də indi hər şey “lehinə” və “əleyhinə” olaraq qiymətləndirilir. Vaşinqton Türkiyə rəhbərliyinin mümkün reaksiyasını (o cümlədən, ABŞ-ın “erməni soyqırımını” tanıması ehtimalını) analiz edir”, Teodor Karasik bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə