İnsanlığa qarşı erməni terroru və ya 1 milyonluq soyqırımı - ANALİZ
Mart soyqırımının tarixin ən dəhşətli genosid aktlarından biri olduğunu tarixi sənədlər və real faktlar sübut edir
Ermənilərin Azərbaycanda törətdiyi soyqırımlar zamanı öldürülənlərin sayı 1 milyondan daha çoxdur
1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən dəhşətli soyqırım aktı həyata keçirilib. Ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində müxtəlif millətlərə mənsub on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Son vaxtlar bu soyqırım aktına dair çoxsaylı faktlar və sənədlər aşkarlanır və dünya ictimaiyyətinə çatdırılır. Bu, yalançı erməni təbliğatının qarşısının alınmasında, dünyaya gerçəklərin çatdırılmasında çox mühüm rol oynaya bilər.
QISA ARAYIŞ: Tarixi sənədlərə görə, erməni daşnak qüvvələrinin 1918-1920-ci illərdə Bakıda həyata keçirdiyi qırğınlar zamanı 30 mindən çox dinc sakin öldürülüb. Ermənilər təkcə Naxçıvanda 1919-cu ildə 4000, 1920-ci ildə 70 minə yaxın azərbaycanlını qətlə yetiriblər.
Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qarsda 92 kənd yerlə-yeksan edilib. Ermənilər Şamaxı ərazisində 7 mindən artıq insanı, o cümlədən 1653 qadını və 1000-ə yaxın uşağı qətlə yetiriblər.
İrəvan quberniyasında isə öldürülən azərbaycanlıların sayı 130 min nəfərdən çox olub. Erməni hərbi birləşmələri on minlərlə dinc azərbaycanlını yalnız milli mənsubiyyətinə görə məhv edib, evlərə od vurub, insanları diri-diri yandırıb, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, digər tikililəri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər.
Hər şey İrəvanın ermənilərə verilməsindən başladı
1918-ci il mayın 29-da AXC-nin yarandığını elan edən Müsavat hakimiyyəti xalqla uyğunlaşmayaraq İrəvanı və ətrafındakı torpaqları ermənilərə verdi. Nəticədə 9 min kv.km-lik ərazidə Ararat Respublikası yarandı. Həmin il mayın 30-dan dövlət səviyyəsində o ərazidən azərbaycanlı əhalini məhv eləməyə, təmizləməyə başladılar.
Sonrakı dövrdə ermənilər bütün Azərbaycanda və İrəvanda soyqırım həyata keçirməyə başladılar. Lənkəranda, Kürdəmirdə, Qubada, Şamaxıda və digər yerlərdə qırğınlar törədildi. Bunun zirvə nöqtəsi isə, 1918-ci ilin martında Bakıda oldu. Müxtəlif rəqəmlər söylənilir, 10 min, 15 min, amma ingilis mənbələrində göstərilir ki, ermənilər tərəfindən həmin ilin martında 25 min nəfər qətlə yetirilib.
Tarixçi alim Musa Qasımlı fikrincə, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman Ermənistan adlı siyasi, inzibatı bir ərazi vahidi omayıb. 1918-ci ildə Ararat respublikası yaradılıb və onun da yaradılmasında Osmanlı İmperiyası xüsusi rol oynayıb. Bu dövlət elan olunan zaman Azərbaycan torpaqları üzərində yaradıldı. Ərazisi təxminən 10 min kv. km idi, paytaxtı da yox idi. Müsavat hökuməti İrəvanı paytaxt olaraq Ermənistana güzəştə getdi.
AMEA-nın Tarix İnstitutunun materiallarına görə, 1919-cu ildə 20-25 gün ərzində təkcə 2 qəzada 500 minə yaxın azərbaycanlı öldürülüb. Onların necə məhv edilməsi üsulları tarixdə görünməyən vəhşilik, vandallıq əlamətidir. Tarixdə heç yerdə elə bir fakt yoxdur ki, bir xalqı məhv etməkdən ötrü ermənilərin tətbiq etdiyi üsullar istifadə olunsun. Hamilə qadınların kürəyinə samovar bağlamaq, camaatı məscidə dolduraraq diri-diri yandırmaq, izi itirməkdən ötəri insanları doğrayıb Araza tökmək, körpələrin başını kəsmək və s.
Bakı qırğınlarında nələr baş verdi?
Erməni siyasi partiyaları təxminən 7000 erməni əsgərini müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər. Qabaqcadan hazırlanan plan əsasında ermənilər hər cür hazırlığı etmişdi. Martın 30-u axşam saat 5-də Bakıda ilk atəş səsləri eşidildi.
Yaxşı silahlanmış və hazırlıqlı erməni əsgərləri azərbaycanlıların evlərinə basqınlar edərək onları öldürür, 3-4 günlük körpələri xənçərlə qətl edir, uşaqları alovlar içinə atırdılar. Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına görə qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı.
Mir Cəfər Pişəvəri öz xatirələrində yazır: “Mən 1918-ci ilin martında erməni daşnaklarının vəhşiliklərini, günahsız adamların öldürülüb, meyitlərin yandırılmasını öz gözlərimlə gördüm. Bu, çox nifrət ediləcək bir hərəkətdir”.
Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamları yazır: “Bolşevik olan bir türkə belə aman verilmədi. Daşnaklar- “bolşevikliyinizi tanımırıq, bir halda ki, türksünüz- bu, yetər” deyirdilər. Bolşevik adı altında maskalanıb türklərə qarşı hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar bunlardan canlarını qurtara bilmədilər”.

Bölgələrdə soyqırım aktları necə baş verdi?
Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk on günlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba-Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri müxtəlif millətlərə mənsub yüz minlərlə azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Tarix İnstitutunun keçmiş direktoru Yaqub Mahmudovun fikrincə, ermənilərin Azərbaycanda törətdiyi soyqırımlar zamanı öldürülənlərin sayı, əslində, 1 milyondan daha çoxdur.
İndi dünyaya yalançı erməni soyqırımı nağıllarını qəbul etdirmək istəyən ermənilər bu tarixi faktlar qarşısında aciz duruma düşürlər. Azərbaycan və qonşu ölkələrin arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırım haqda minlərlə fakt və sənədlər var. Bunlar ermənilərin dünya qarşısında ifşası üçün tam kifayət edir.
Soyqırımları hansı qüvvələr təşkil edirdi?
Tarixi sənədlər və faktlar göstərir ki, Qafqazda marağı olan böyük dövlətlər- ABŞ, İngiltərə və Fransa nəinki mart qırğınları zamanı qətlə yetirilənlərin, eləcə də 1917-20-ci illərdə Qafqazda öldürülən yüz minlərlə insanın məhv edilməsinin sponsoru və təşkilatçıları olmuşdurlar.
Milli qırğınların arxasında İngiltərə müstəmləkəçilik siyasətinin durduğunu İranda yerləşən ingilis qoşunlarının komandanı Denstirvil özü rəsmi surətdə etiraf edirdi: «Onlar (Zaqafqaziya xalqları-red.) taqətdən düşənə qədər bir-birini qırmaqda davam etməlidir, bəlkə bundan sonra biz orada qayda yarada bildik» (Britaniya imperializmi Bakıda və İranda 1917-1918-ci illər kitabından).
Bəs bu süni milli münaqişələri, qırğınları alovlandırmaq üçün silah və pul haradan gətirilirdi? Bu sualın cavabı isə ABŞ-ın Tiflisdəki səfiri Smitin ABŞ dövlət katibi Lansenqə 1917-ci il noyabrın 9-da göndərdiyi gizli məktubunda öz əksini tapır. Həmən məktubda Smit dövlət katibi Lansеnqdən xahiş еdir ki, Qafqazdakı anti-sovеt qüvvələri (Anti-Sovet qüvvələr deyildikdə isə əsasən daşnaklar, menşeviklər və müsavatçılar nəzərdə tutulurdu) maliyyələşdirmək üçün 10 milyon dollar (indiki pulla 1 milyard dollar dəyərində vəsait- E.B) və pulеmyotlardan, toplardan, digər silahlardan ibarət silah və sursat, əsgəri gеyim göndərilsin, həmçinin Bakı üzərinə qoşun yеridilsin.
Müsavatın rəsmi orqanı olan «Azərbaycan» qəzеti 1 il sonra yazırdı: «Martın 18-də kеçmiş şəhər rəisi Qaik müsəlmanların iclası kеçirilən «İsmailiyyə» binasına gələrək еrməni milli şurası və daşnaksütyun partiyası adından bildirmişdi ki, hərgah müsəlmanlar bolşеviklərin əlеyhinə çıxsalar, onda еrməni qoşun hissələri müsəlmanlara qoşular və bolşеvikləri Bakıdan qovub çıxarmaqda onlara kömək еdər» (Azərbaycan qəzеti, 17 mart 1919, №67).
Lakin hadisələr qızışanda daşnaklar müsavatla sövdələşmələrinə xilaf çıxaraq qarışıqlıqdan istifadə еdib dinc müsəlman əhalini qırmağa başladılar. Müqayisə üçün dеyək ki, mart hadisələri ərəfəsində Bakıda bolşеviklərin 6 minlik, daşnakların 4 minlik silahlı dəstəsi var idi, bunlarla müqayisədə isə Müsavat 15 min tüfəngə sahib idi ki, bu da Bakıdakı daşnak silahlılarından az qala 4 dəfə böyük silahlı qüvvə dеməkdir. Bəs bu silahlardan müsavatçılar nə üçün Bakıda və Şamaxıda qırılan dinc müsəlmanları qorumaq üçün istifadə еtmədi? Bu sual açıq qalır.
Ermənilər böyük dövlətlərin oyuncağına çevrilmişdi
Erməni daşnakları isə həm ingilis, amerikan və fransızların, həm də ağqvardiyaçıların və bolşeviklərin arasına sızmış gizli daşnakların köməyindən istifadə edərək Azərbaycan xalqına qarşı qanlı soyqırım aktını həyata keçirdilər.
Bundan başqa, daşnakların bəzi qrupları bolşevik maskası ilə pərdələnərək azərbaycanlı əhalini məhv etməyə çalışırdılar. Bolşevik partiyasının sıralarına da xeyli daşnak üzv olmuşdu və özlərinin daşnak keçmişini gizlədirdilər. Bu daşnaklar bəzi hallarda “müsəlmanlar bolşevikləri öldürür” deyə bəhanə edərək azərbaycanlı əhaliyə qarşı hücumlar təşkil edirdilər.
Beləliklə, 100 il keçəndən sonra məlum olur ki, böyük dövlətlərin siyasət oyunlarına görə Azərbaycan xalqı yüz minlərlə qurban verdi. Bu planları isə onların hamısı ermənilərin əli ilə həyata keçirirdilər.
Biz bu soyqırım hadisələrini bütün faktları ilə birgə dünyaya çatdırmağa və ermənilərin tarix boyu azərbaycanlılara qarşı soyrıqım apardıqlarını sübut etməyə borcluyuq. Yalançı erməni soyqırımına qarşı əsl azərbaycanlı soyqırımını qoymalıyıq.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB