“Ordu barədə bilmədiklərimi generallar mənə danışdılar” Ermənistan prezidenti

“Ordu barədə bilmədiklərimi generallar mənə danışdılar” Ermənistan prezidenti

"Əminəm ki, etdiklərimiz dövlət üçün və ölkənin sabitliyi üçün doğru idi. Doğru həll yolu tapmaq üçün Konstitusiya Məhkəməsinə müraciət etdik. İndi iş Konstitusiya Məhkəməsindədir və Konstitusiya Məhkəməsi öz mövqeyini bildirə bilər." SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan "Aravot"-a verdiyi müsahibəsində Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın ətrafındakı vəziyyətə toxunaraq söyləyib.

Ölkə prezidenti öz müsahibəsində qeyd edib ki, Qasparyanın istefa təklifi daxil olduğu zaman onun imzalayacağını hamı gözləyirmiş.
"Baş nazir tərəfindən Onik Qasparyanın istefası təklifi daxil olduğu zaman, gözlənilirdi ki, prezident imzalayacaq. Mənim isə ilk addımım insanlarla görüşmək oldu və görüşdən əvvəl heç bir sənəddən söhbət belə getmədi. Mən Onik Qasparyanla görüşdüm.
Bundan sonra yenidən Onik Qasparyan və generallarla görüşdük. Ümumi təəssüratı çatdıra bilərəm ki, nə Onik Qasparyan, nə də Baş Qərargah generalları açıqlamalarından başqa başqa bir addım atmayacaqlar. Bunu özləri də dedilər və çıxışlarına əsaslanaraq da bütün bunlar mənə aydın oldu.
Generallarla görüşərkən ordunun vəziyyəti, əvvəllər bilmədiklərim barədə eşitdim.
Bu iclasdan sonra konstitusiya probleminin olduğu qənaətinə gəldim və imzalamayacağımı açıqca bildirdim, geri baş nazirə göndərdim. Baş nazir onu geri qaytardı. İkinci dəfə də təsdiqlədim ki, imzalamayacağam və Konstitusiya Məhkəməsinə göndərməyəcəyəm, necə ki, belə də etdim.
İmzalamayacağımı bildirəndə müxalifət prezidentin onlara qoşulduğunu elan etdi. Çox təəssüf ki, 3 il ərzində prezidentin və prezident institutunun necə işlədiyinə çox diqqət yetirməyiblər. Ancaq Konstitusiya Məhkəməsinə necə müraciət etməli olduğum barədə öz fikirləri var idi və onların fikrincə Onik Qasparyanın şəxsi işində müraciət etməliydim. Ancaq düşünürdüm ki, prezident yalnız Onik Qasparyanın işinə deyil, bu qanuna aid konstitusiya məsələlərinə də baxmalıdır. Bu, müxalifəti qane etmədi və "nəhayət ki, ölkədə prezident oldu, prezident bizə qoşuldu" ifadələri başqa sözlərlə əvəz olundu.
Düşünmürəm ki, bir institut olaraq səhv etdik. Amma lazımi zamanda Konstitusiya Məhkəməsinə müraciət etdik. Bu, Onik Qasparyana da İnzibati Məhkəməyə müraciət etmə imkanı verdi, necə ki, o da bunu etdi", deyə Armen Sarkisyan bildirib.
Xatırladaq ki, Nikol paşinyanın Rusiya istehsalı olan "İskəndər" raketləri barədə söylədiklərinə o zamanki Baş Qərargah rəisi Onik Qasparyan istehza edib, hətta lağa qoyub və bunun ardınca da baş nazir onun istefası təklifini ölkə prezidentinə göndərib. Təklif prezident tərəfindən imzalanmadığı və geri qaytarıldığı təqdirdə, baş nazir bu təklifi təkrarən prezidentə göndərib. Bütün bu hadisələr isə ölkə müxalifətinin müzakirə mövzularından birinə çevrilib, hakimiyyətə qarşı ittihamlar səsləndirilib, mitinqlər daha da qızışıb, böhranlı vəziyyət olduqca ağırlaşıb.
Göründüyü kimi, Ermənistanın baş naziri ilə yanaşı, ittiham olunan prezident özü də etiraf edir ki, ordu haqqında, ordudakı acınacaqlı vəziyyət haqqında bilmirmiş. Etiraf edir ki, generallar danışdıqdan sonra bu barədə məlumatı olub. Bəlli olur ki, Ermənistan səlahiyyətliləri özləri də, "erməni ordusu" dediklərinin cəfəngiyyat, yaratdıqlarının mif olduğunu etiraf etməyə başlayıblar. Heç şübhəsiz ki, yaradılan bu mif barədə əsl həqiqətlər hələ bundan sonra da ortaya çıxacaq və əsl simaları gizlədilə bilməyəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə