Prezident İlham Əliyev: "Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək"
Son 17 il – güclü dövlət, güclü ordu, güclü iqtisadiyyat. Ali baş Komandanımız, Prezident İlham Əliyev diplomatiyasının uğurlu "Dəmir siyasəti". Məhz bu "dəmir siyasətin" nəticəsində Azərbaycan ən böyük Qələbə Zirvəsini – Qarabağ Azərbaycandır zirvəsini qət edə bildi.
Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında və Şuşa şəhərində oldular. Ən yüksək zirvələrin müəllifi Müzəffər Ali Baş Komandan Azıx mağarasına gedərkən tarixi sərvətimiz olan Azıx mağarasında dünyanın ən qədim insanının yaşayış yerlərindən biri olduğunu deyərək bildirdi ki, 800 pillə qalxdığımız bu mağarada mənfur düşmən qanunsuz olaraq işlər aparmışdır: "Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik".
İşğalçı dövlətə və ona dəstək verənlərə növbəti önəmli mesaj
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlki səfərlərində olduğu kimi, bu dəfə də yenə çox önəmli mesajlar verdi. Azərbaycan Prezidenti İlham Əliyev görkəmli alim, arxeoloq Məmmədəli Hüseynovun 1960-cı ildə aşkar etdiyi, dünyanın ən qədim insanının yaşayış məskənlərindən olan Azıx mağarası ilə bağlı səsləndirdiyi fikirlər hər birimizi qürurlandırır: "Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir...Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: "Azıx Azərbaycandır!", "Qarabağ Azərbaycandır!".
Bəli, dövlət başçımız son 17 il prezidentlik fəaliyyəti dövründə elə bir zirvə yoxdur ki, onu qət etməsin. Ali Baş Komandan İlham Əliyev 30 il mənfur düşmənin işğal etdiyi ən böyük zirvəni – "Qarabağ Azərbaycandır!" Zirvəsini "dəmir yumruq" siyasəti ilə 44 gündə qət etdi. Və bu gün qət etdiyi "Qarabağ Azərbaycandır" zirvəsinə etdiyi hər tarixi səfəri ilə bir tarix yazılır və gələcəkdə bu tarixi səfərlərin tarixi ilə bağlı tədqiqatlar aparılacağını deyən dövlət başçımız bildirib ki, burada qanuni yollarla tədqiqatlar aparılacaq: "Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar".
"Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?!"
Çünki Qarabağ həqiqət meydanıdır və tarixə qızıl xətlə yazılan və 2020-ci il sentyabrın 27-dən bəri konkret həqiqət meydanı olaraq, müqayisə imkanı qazanmış beynəlxalq birlik dünya erməniliyinin astarının üzündən betər olduğunu, iç üzünü təkzibolunmaz şəkildə gördü. Azərbaycan Prezidentinin vurğuladığı kimi, indi gəlsinlər, görsünlər illər uzunu kimi müdafiə ediblər: "Bura Füzuli şəhəridir. Amma şəhərdən əsər-əlamət qalmayıb. Şəhər yoxdur, dağıdılıb. Ermənilər dağıdıblar. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi. Bunlar, Füzuli şəhərinin qalıqlarıdır. Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?!".
Azərbaycan Prezidenti səfər zamanı, həmçinin 44 günlük müharibənin Azərbaycan və Ermənistan arasında olan fərqi də bir daha dünyaya aşkar şəkildə nümayiş etdirdiyini söylədi. Vətən müharibəsi bir daha dünyaya göstərdi ki, Azərbaycan bütün xalqların tarixinə, dininə və mədəniyyətinə hörmət edən, Ermənistan isə monoetnik dövlətdir. Hər zaman tarixi faktların saxtalaşdırılması rəsmi İrəvanın dövlət siyasətinin əsasını təşkil edir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan uğursuz bir dövlətdir. Məhz buna görə də, bu ölkənin və dövlətin axırı uçurumdur və bunu bir daha 44 günlük müharibə sübut etdi: "Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi".
Bəli, haqqın, ədalətin tərfdarı olan, düşmənin belini qıran, başını əzən Ali Baş Komandanımız Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, dirçəltmək istiqamətində işlər görülməyə başlandı. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.
Doğrudan da, işğaldan azad olunan rayon və kəndlərimizdə abidələrimizi, səfalı guşələrimizi yararsız və dağıdılmış vəziyyətdə görmək çox ağrılıdır! Ancaq bütün bu çətinliklərə baxmayaraq, xalqımız inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında rayon və kəndlərimizə yeni nəfəs gələcək, yenidən abadlaşdırılacaq, mədəni, tarixi abidələrimiz bərpa olunacaq, qaçqın və köçkün insanlarımız öz yurd-yuvalarına dönəcəklər, bir sözlə, "Qarabağ Azərbaycandır" zirvəsi cənnətə çevriləcək. Dövlət başçımızın dediyi kimi: "Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik",-deyən Azərbaycan Prezidenti bildirib ki, böyük quruculuq işlərinə başlanılıb: "Bu gün Füzuli-Hadrut yolunun təməlini qoyacam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin inkişafı üçün böyük əhəmiyyət daşıyır". Bunu Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri zamanı bildirib.
Görünən isə odur ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu günə qədər bütün vədlərini yerinə yetirdiyi kimi "Qarabağı cənnətə çevirəcəyik" vədini də tezliklə reallaşdırmaq üçün siyasi iradə və qətiyyət nümayiş etdirir. Bu da xalqımızda əminlik, inam yaradır.
Bir sözlə, iqtisadi güc olanda, hərbi güc də möhkəm olur. Prezident İlham Əliyev 17 il ərzində qüdrətli iqtisadiyyata malik Azərbaycan və güclü Müzəffər Azərbaycan Ordusunu yaratdı. Nəticədə Prezident, Ali Baş Komandan İlham Əliyevin qurduğu güclü iqtisadiyyat və güclü ordu 30 il davam edən işğala 44 gündə son qoydu. Bununla da Azərbaycan Prezidenti İlham Əliyev 17 illik prezidentik fəaliyyətində ən böyük zirvəni – "Qarabağ Azərbaycandır" zirvəsini qət etdi və bundan sonra da "Dəmir siyasət"i ilə hər hansı zirvəni qət etməyə qadirdir. Dövlət başçımızın dediyi kimi: "Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB