Məşhur Məmmədov: “Prezidentimizin hər səfəri dövlətimizi daha firavan gələcəyə aparır” ŞƏRH
“Prezident İlham Əliyev işğaldan azad edilmiş Qarabağa hər səfəri ilə tarix yazır. Bu səfərlərin hər biri Qarabağa bütövlük, yenilik və inkişaf gətirir, xalqımıza tarixi anlar yaşadır, insanlarda xoş təəssürat yaradır. Vətəndaşlarımız ölkə başçısının hər səfərində bu bölgədə reallaşdırılan ilkin infrastruktur layihələrinin, müəssisələrin açılışını və təməlqoyma mərasimlərini diqqətlə izləyir, uğurlarımıza sevinir və qürur hissi keçirirlər. İndi qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Və səfərləri zamanı həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı dünyaya öz mesajlarını verir. Bu baxımdan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli, Xocavənd rayonlarına və Şuşa şəhərinə səfəri böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov SİA-ya açıqlamasında bildirib.
Məşhur Məmmədoa onu da deyib ki, işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə başladılan quruculuq işləri hamıda belə bir əminlik yaradır ki, Prezidentimizin hər bir sözü imzası qədər qiymətli və keçərlidir: “Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin” deyən ölkə başçısının Qarabağa səfərləri çərçivəsində bu ərazilərdə inşa edilən yeni istehsal müəssisələrinin, strateji obyektlərin təməlinin qoyulması, infrastrukturun yaradılması yolların çəkilməsi və digər tədbirlər iqtisadi-sosial, siyasi və mənəvi cəhətdən çox mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 15-də Füzuli, Xocavənd rayonlarında və Şuşa şəhərində səfərdə olduğu zaman həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Və bu səfərlərlə dövlət başçımız bildirir ki, Azərbaycan 28 ildən sonra Qarabağı işğaldan azad etdik, Qarabağa qayıtdıq, Qarabağa sahibləndik və bütün dünyaya göstərdi ki, biz bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Bu, dövlətimizin, xalqımızın, ordumuzun, milli birliyimizin Qələbəsidir. Bu, haqqın və ədalətin zəfər çalmasıdır».
M.Məmmdov qeyd edib ki, dövlət başçımız, həmçinin hər səfərində mənfur düşmənin Azərbaycanın işğaldan azad olan torpaqlarında etdikləri vəhşilikləri faktlarla göstərərək bir daha dünyaya işğalçı Ermənistanın vandal siyasətini dünyaya nümayiş etdirib: «Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz. Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, - ermənilər orada qanunsuz yaşayıblar, - o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Bax, fərq bundadır”.
“Ancaq mənfur erməni vandallarının bu terrorçuluq əməllərinə baxmayaraq bütün dağılmış şəhərlərin, kəndlərin yenidən qurulacağını deyərək, yenə də bu yerlərin əvvəlkindən də yaxşı olacağını, insanların öz doğma torpaqlarına qayıdacaqlarını deyərək dünyaya öz mesajını verib”,-deyən millət vəkili onu da vurğulayıb ki, bütün bunlar xalqımızın böyüklüyünü göstəricisidir: “Çünki Azərbaycan xalqı, dövləti, əsgəri yüksək mənəvi keyfiyyətlərə malikdir. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür. Mən demişdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, bizim torpaqlarımızdan nə vaxt çıxır və biz müharibəni dayandırmağa hazırıq, bunu da etdik. Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Xocavənd bizimdir, Qarabağ Azərbaycandır!»
Millət vəkili Azərbaycan Prezidentinin milli bayramımız Novruz bayramı ərəfəsində Şuşa şəhərində olmasının böyük əhəmiyyət daşıdığını deyərək bildirib ki, bu səfər zamanı dövlətimizin başçısı belə gözəl Şuşamızın mənfur erməni vandalları tərəfindən dağıdıldığını deməklə, dünyaya öz mesajını verib: «Bura Pənahəli xanın sarayı olub. Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər. Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam”.
“Səfər zamanı dövlətimizin başçısı Şuşada bərpa-quruculuq işləri ilə tanış olub. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Şuşa şəhəri tezliklə dirçələcək, o cümlədən tarixi, mədəni və dini abidələrimiz bərpa olunacaq”, deyə millət vəkili Məşhur Məmmədov bildirib.
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB