"Ermənistan AES-in istismar müddətinin uzadılmaması riski var" Movses Vardanyan

"Ermənistan AES-in istismar müddətinin uzadılmaması riski var" Movses Vardanyan

Təhlükə olacağı təqdirdə, Ermənistan AES-in istismar müddətinin uzadılmaması riski var. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan AES-in baş direktoru Movses Vardanyan 18 martda jurnalistlərə verdiyi müsahibəsində söyləyib.

Vardanyan, ikinci enerji blokunun ömrünün 2026-cı ilə qədər uzadılması ətrafında müzakirələrin 2015-2016-cı illərdən bəri davam etdiyini xatırladıb.

"Eyni enerji bloklarının timsalında digər ölkələrin təcrübəsini nəzərə alaraq, bir təhlükəsizlik baxımından səbəb olmazsa, nüvə stansiyasının ömrünü 5-10 il uzatmaq fikrindəyik", deyə AES-in baş direktoru bildirib.

Xatırladaq ki, Ermənistan AES-in qəzalı vəziyyətdə olduğu çoxdan bildirilib. Xarici mütəxəssislər belə illər öncə bu stansiyanın təhlükəli olduğunu bəyan ediblər və stansiyanın istismara yararsız olduğunu bildiriblər. Buna baxmayaraq Ermənistan tərəfi illərdir ki, qəzalı vəziyyətdə olan stansiyanı istismar edir. Hansıki, bu stansiyanın istismarı təkcə Ermənistan deyil, ümumilikdə bölgə üçün də təhlükəlidir. Ermənistan AES nasazlıq və qəzalı vəziyyət səbəbindən partlayarsa, zərər heç də təkcə Ermənistana aid olmaz. Bu baxımdan Ermənistan AES-in istismarının dayandırılması tələbi beynəlxalq təşkilatlar tərəfindən belə qoyulmalı, lazim gəldikdə təzyiq və təsir mexanizmlərindən belə istifadə edilməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə