Ermənilər Bakı və Minskin hərbi əməkdaşlığından narahatdırlar ANALITIK

Ermənilər Bakı və Minskin hərbi əməkdaşlığından narahatdırlar ANALITIK

Azərbaycanın hərbi potensialını artırmaq qərarı qonşu ölkənin ictimai-siyasi rəyini qıcıqlandırır

Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda ölkəmizin hərbi potensialının bundan sonra da yüksəldiləcəyi, yeni silahların alınacağı, ümumilikdə hərbi büdcəsinin artırılacağı ilə bağlı verdiyi bəyanatı erməni ictimai-siyasi rəyində təlaşla qarşılandı. Daha dəqiq desək, Ermənistanın 44 günlük müharibədə yalnız canlı deyil, həmçinin, texnika cəhətdən də böyük itkilərə məruz qalmasının ardınca Azərbaycanın silah arsenalını gücləndirməsi qərarı onları ciddi şəkildə düşünməyə məhkum edib.

Bu arada, erməni tərəfini təlaşlandıran daha bir fakt Azərbaycanla Belarus arasında mövcud olan hərbi əməkdaşlıq münasibətlərindən doğan reallıqlardır. SİA xəbər verir ki, Müdafiə Sənayesi naziri Mədət Quliyevin Belarusun ölkəmizdəki səfiri Andrey Ravkovla görüşü erməni mediasında, həmçinin, sosial şəbəkə seqmentlərində müzakirə obektinə çevirlib.

Ermənilər: “Belə nəticə çıxarmaq olar ki, Bakıda və Minskdə Azərbaycan Prezidenti İlham Əliyevin “Hərbi arsenalı müharibədən əvvəlki həddə qədər təmin etmək” ismarışını eşidiblər”

Belə ki, belaruslu səfir həm də kadrlı zabitdir və hərbi məsələlərdə peşəkar kimi də tanınır. Məhz bu amilə diqqət çəkən ermənilər xatırladırlar ki, hərbi sənaye və müdafiə siyasəti ilə bağlı Azərbaycanın regiondakı liderliyi Ermənistanın bu sahədəki vəziyyətini dalana dirəyir. Belə ki, Belarus səfiri eyni zamanda müdafiə naziri Zakir Həsənovla da görüşlər keçirib.

“Belə nəticə çıxarmaq olar ki, Bakıda və Minskdə Azərbaycan Prezidenti İlham Əliyevin “Hərbi arsenalı müharibədən əvvəlki həddə qədər təmin etmək” ismarışını eşidiblər”, deyə ermənilər yazırlar və Azərbaycanla Belarus arasındakı hərbi əməkdaşlıq barədə qeyd edirlər: “Bundan əlavə, demək olar ki, 20 il ərzində hərbi-texniki əməkdaşlıqda Azərbaycan Belarusdan bütün növ silahlardan alıb – T-72 tankları və Su-25 qırıcılarından “Polonez” raket kompleksləriə qədər. Belə düşünmək olar ki, bu son hədd deyil”.

Rusiya tərəfi Bakı ilə yeni hərbi-texniki müqavilələr imzalamağa hazır olduğunu bəyan edib və Su-35, eləcə də MiQ-35 həbri təyyarələrini sata biləcəyini bildirib

Ermənilər ölkəmizin yalnız Belarusla deyil, həmçinin Rusiya ilə də hərbi əməkdaşlıq potensialının get-gedə daha da artırdığına diqqət çəkir və xatırladır ki, artıq Rusiya tərəfi Bakı ilə yeni hərbi-texniki müqavilələr imzalamağa hazır olduğunu bəyan edib və Su-35, eləcə də MiQ-35 həbri təyyarələrini sata biləcəyini bildirib.

Ermənistanın ictimai-siyasi rəyi hər iki ölkənin – Belarusun və Rusiyanın onların da təmsil olunduqları KTMT-yə üzvlüklərini xatırladaraq təbii ki, bundan qıcıqlanırlar. Lakin söz yox ki, dövlətlərarası istənilən münasibətlər müstəqildir və ermənilər nə qədər qıcıqlansalar belə, Azərbaycanın hərbi potensialını artırmaq üçün yalnız KTMT-nin aparıcı ölkələri ilə deyil, eləcə də digər hərbi sənayesi inkişaf etmiş ölkələrlə də əməkdaşlıqları davam edəcək. Çünki Bakı dünyada özünü etirbarlı və etimad göstərilən tərəfdaş qismində tanıdıb, bu xəttdəki prinsipləri ilə nüfuzunu daha da yüksəldib, əlbəttə ki, Ermənistandan kifayət qədər fərqli olaraq...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə