Banisi Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının strategiyası

Banisi Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının strategiyası

Yeni Azərbaycan Partiyasının yaranmasından 29 il keçir. Yeni Azərbaycan Partiyasının banisi ulu öndər Heydər Əliyevdir. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyev partiyanın VII qurultayında giriş nitqi söylədi və qeyd etdi ki, "Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaranmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi".

2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı əvvəlki qurultaydan fərqli olaraq Vətən müharibəsində qazandığımız zəfərdən sonra Azərbaycanda yaranmış yeni ictimai-siyasi şəraitdə, mənfur düşməndən azad olmuş Vətən torpaqlarında coşğun ruh yüksəkliyi ilə bərpa proqramının qarşıya qoyduğu strateji vəzifələrin, işlərin həyata keçirilməsinə başlandığı bir zamanda keçirildi.

Qurultayda Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli giriş nitqində ümummilli lider Heydər Əliyevin banisi olduğu partiyanın yaranma tarixinə, həmin dövrdəki ictimai-siyasi vəziyyətə, partiyanın Azərbaycanın ictimai-siyasi , sosial-iqtisadi və mədəni inkişafında oynadığı böyük rola nəzər salıb, Respublikanın siyasi, iqtisadi,sosial və hərbi potensialının yaradılması və gücləndirilməsi, Azərbaycanın dünyaya inteqrasiya etməsi, dünyanın böyük dövlətlərinin hesablaşdığı, regionun və dünyanın nüfuzlu bir dövlətə çevrilməsi, əhalinin sosial-maddi vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən sanballı, əhəmiyyətli işlərdən, 44 günlük şanlı qələbədən, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən, vətənimizin ərazi bütövlüyünün bərpa edilməsindən və qarşıda duran geniş, hərtərəfli proqram xarakterli vəzifələrdən bəhs etdi.

Qurultay zamanı Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolun, bu yolda həyata keçirilən taleyüklü tədbirlərin, dövlət quruculuğu sahəsində görülən işlərin elmi-nəzəri təhlili verildi, nəticələr çıxarıldı, qarşıda duran vəzifələr və strateji istiqamətlərdən danışıldı.

Bu bir həqiqətdir ki, Yeni Azərbaycan Partiyasının yaranması, onun tarixi missiyası Azərbaycanın dövlət müstəqilliyinin qorununb saxlanması ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının fəaliyyəti müstəqil Azərbaycanın keçdiyi yolla eynidir.

1991-1992-ci illərdə və 1993-cü ilin birinci yarısında Respublikadakı siyasi vəziyyətə nəzər salaq. Hakimiyyətdə Azərbyacan Xalq Cəbhəsi təmsil olunurdu. AXC ölkəni idarə etməkdə səriştəsiz, təcrübəsiz olduğunu göstərdi. Ölkənin bölgələrində müxtəlif siyasi qüvvələr hakimiyyəti özbaşına ələ keçirməyə başladılar, hətta hakimiyyət uğrunda mübarizə silahlı qarşıdurmalara çevrilirdi. Ölkə parçalanmaq, qardaş qırğını təhlükəsi ilə üzləşdi. Nəticədə vəziyyət son dərəcə təhlükəli xarakter aldı, cəbhələrdə isə erməni silahlı qüvvələri Azərbaycan torpaqlarını – kəndlərimizi, şəhərlərimizi ələ keçirirdi. Bakıda və bölgələrdə xaos və ümidsizlik, inamsızlıq şəraiti yaranmışdı. Xalqı ən çox narahat edən yenicə əldə etdiyimiz müstəqilliyimizi itirmək təhlükəsinin yaranması idi.

Məhz, Vətənin bu son dərəcə ağır və məsuliyyətli çağında ən müdrik, düzgün və xilasedici addımı Azərbaycan xalqı atdı. Xalq yeganə çıxış yolunu və Azərbaycanın dağılmaqdan, parçalanmaqdan xilasını Heydər Əliyevin, müdrik şəxsiyyətin, el ağsaqqalının hakimiyyətə gətirməkdə gördülər. Bununla da, Azərbaycanın bütün bölgələrində Heydər Əliyevi hakimiyyətə gətirmək məqsədi daşıyan xalq hərəkatı başladı. Hərəkatın önündə gedən 91 nəfər ziyalı 1992-ci il oktyabrın 16-da "Səs" qəzeti vasitəsilə Heydər Əliyevə, el ağsaqqalına "Azərbaycan Sizin özünüzü gözləyir" çağırışı ilə müraciət etdi. Müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılması və ona Heydər Əliyevin rəhbərlik etməsi təkidlə xahiş olunurdu. Azərbaycan ziyalılarının müraciəti, əslində Heydər Əliyevə xalqın çağırışı idi. Ulu öndər Azərbaycanda mövcud mürəkkəb vəziyyəti düzgün dəyərləndirərək, xalqla birlikdə olmaq, müstəqilliyimizin xilası, qorunub saxlanması naminə ziyalıların müraciətinə sayğı və hörmətlə yanaşaraq oktyabrın 24-də çağırışa göndərdiyi cavab, əslində, tarixi bir sənəd idi. 5 bənddən ibarət olan bu qiymətli sənəddə göstərilirdi: "İndi əsas vəzifə dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək, vətəndaşlara azad, demokratik prinsiplərə əsaslanan həyat və yaşamaq şəraiti yaratmaq və s. Bu tarixi sənəddə, həm də ulu öndər tərəfindən Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və hərbi-strateji vəziyyəti təhlil olunurdu. Heydər Əliyev bildirdi ki, yaradılacaq Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin "ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər." Bu fikirlər Heydər Əliyev tərəfindən 29 il öncə söylənilmişdi. Nə qədər uzaqgörənliklə, müdrikcəsinə söylənilmişdi. Bu dəyərli sözləri söyləməklə ulu öndər Yeni Azərbaycan Partiyasının yaradılmasına və onun fəaliyyətində iştirak etməyə hazır olduğunu ifadə edirdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakı şəhərində keçirilməsi mümkün olmadığı üçün konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Konfransı giriş sözü ilə Təşkilat Komitəsinin sədri Heydər Əliyev açdı və nitq söylədi, yaradılacaq partiyanın məqsəd və vəzifələrindən danışdı. Müzakirə və çıxşlardan sonra YAP-ın yaradılması haqqında qərar qəbul olundu. Konfransda Partiyanin Proqram və Nizamnaməsi qəbul edildi və Heydər Əliyev yekdilliklə YAP-ın sədri seçildi.

Ulu öndərin rəhbərliyi ilə YAP-ın yaradılmasından 29 il keçir. Bu illərdə YAP Azərbaycanın müstəqilliyinin xilasında, onun qorunub saxlanmasında, möhkəmləndirilməsində, xalqımızın ictimai-siyasi həyatında, tarixi müqəddaratında həlledici rol oynadı. YAP Azərbaycanda dünyəvi, hüquqi, demokratik dövlətin yaradılmasında, respublikanın ərazi bütövlüyü uğrunda mübarizədə, ölkə daxilində əmin-amanlıq, ictimai həmrəylik və sabitliyin, ərzaq, enerji, ekoloji təhlükəsizliyin təmin edilməsində öncül rol oynayan parlament tipli, kütləviliyi özündə ifadə edən siyasi partiyadır.

Heydər Əliyevin xalqın təkid tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya gəlməsi ilə YAP-ın fəaliyyəti Azərbaycan və xalqımızın taleyində, tarixi müqəddəratında həlledici və misilsiz rol oynadı. Bununla müstəqilliyimizin tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu.

VII qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyev qeyd etdi ki, " Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş -1993-cü il oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesin başladı". Daha sonra Respublika Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan Respublikasının həqiqi müstəqilliyi məhz 1993-cü il iyun ayında Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə təşəkkül tapdı.

Respublika Prezidenti İlham Əliyev müstəqilliyin ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışına qədərki dövrünü (1991-1993-cü ilin iyunun 14-ə qədər) təhlilini verərək bildirdi ki, "Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki, 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər".

Respublika Prezidenti qeyd etdiyi kimi SSRİ dağılırdı, bu prosesin qarşısını almaq mümkün deyildi. Çünki 80-ci illərin ortalarından başlayaraq Moskvanın Kommunist rəhbərlərinin gördüyü tədbirlər, islahatlar bir nəticə vermirdi, əksinə parçalanma prosesini sürətləndirirdi. Respublika prezidenti düzgün olaraq sual edir: "Nəyi gözləyitdilər 18 oktyabra qədər? Ondan əvvəl müstəqillyi elan etmək olmazdımı? Əlbəttə olardı. Ona görə də bizim əsl müstəillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır".

Hadisələrin təhlili göstərir ki, YAP-ın sədri kimi Naxçıvandan Bakıya gələn və 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycana rəhbərliyi müstəqillik tarixində həlledici illər olmuşdur. Bu illərdə Azərbaycanda dövlətçiliyin əsaslarının qoyulmasında, onun qorunub saxlanması və möhkəmləndirilməsində YAP-ın rolu çox böyükdür.

Bu illərdə Ulu Öndərin ciddi səyi ilə 20 Yanvar faciəsinə, Xocalı soyqırımına siyasi qiymət verilmiş, hər iki faciənin baş verdiyi tarixi şərait, onların başvermə səbəbləri açıqlanmışdır. Həmçinin müstəqilliyin ilk illərində mövcud daxili siyasi vəziyyət, hakimiyət böhranı və hakimiyyət uğrunda mübarizə və siaysi hərc-mərclik və d. baş verən proseslər, hadisələr təhlil edilmiş, səbəblər açıqlanmış, hakimiyyət boşluğunun (1991-1993-cü illər) Respublika rəhbərliyinin laqeydliyinin ağır nəticələri açılıb göstərilmişdir.

Qurtuluş hərəkatının önündə gedən YAP ölkədə siyasi böhranın, hərc-mərcliyin, hakimiyyət boşluğunun, vətəndaş müharibəsinin qarşısının alınmasında, dövlətçiliyin xilasında və sonrakı illərdə dövlət müstəqilliyinin qorununb saxlanması uğrunda mübarizədə (1993-1995), yeni dövlət quruculuğunun həyata keçirilməsində, siyasi, iqtisadi və sosial islahatların aparılmasında misilsiz rol oynamışdır.

YAP başda ulu öndər Heydər Əliyev olmaqla Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində,yeni iqtisadi sistemə keçid: iqtisadi siyasətin formalaşması və islahatların aparılmasında, müstəqil Azərbaycanın neft strategiyasının, həmçinin investisiya siyasətinin, sahibkarlıq sektorunun inkişaf etdirilməsində həlledici rol oynamışdır.

YAP, həm də müstəqil dövlət quruculuğunun əsas istiqamətərindən biri olan, hüquqi dövlət quruculuğu: Qanunçuluğun bərpası, Konstitusiyanın qəbul edilməsi, demokratik təsisatların, insan hüquqları və azadlıqlarının təmin edilməsində, hüquq islahatlarının keçirilməsində, müstəqil məhkəmə hakimiyyətinin və digər hüquq mühafizə orqanlarının formalaşdırılmasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlıca iştirakçı olmuşdur.

Heydər Əliyevin rəhbərliyi altında respublikanın ən böyük kütləvi dayağa malik olan YAP Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması prosesində: ictimai-siyasi sabitliyin möhkəmləndirilməsində və vətəndaş cəmiyyətinin strukturunun - siyasi partiyaların, qeyri-hökümət təşkilatlarının və digər vətəndaş təsisatlarının formalaşdırılmasında, söz və vicdan azadlığının bərqərar olmasında, Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasında, xarici siyasət problemlərinin yeni müstəvidə qurulmasında, həmçinin ordu quruculuğunda da fəaliyyəti həmişə yüksək qiymətləndirilmişdir.

Yeni Azərbaycan Partiyasının son 17 ildəki fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndərin ən sədaqətli, layiqli davamçısı, 44 günlük Vətən müharibəsinin qalibi, müasir müharibələr və diplomatiya tarixinə yeni şanlı səhifə yazan İlham Əliyevin adı ilə bağlıdır.

2003-cü ildən sonrakı dövrdə Azərbaycan müstəqil dövlət kimi özündən əvvəlki təməl üzərində daha da inkişaf etmişdir. Təsadüfü deyil ki, 2003-cü ildən sonrakı dövr " Müstəqillik tariximizin İlham Əliyev dövrü" adlanır. Respublika Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik, qətiyyətli, düşünülmüş, uzaqgörən və milli maraqların təmin olunmasına yönəlmiş daxili və xarici siyasəti sayəsində bu dövr xalqımızın tarixinə siyasi, sosial-iqtisadi, milli-mənəvi həyatın bütün sahələrində dinamik və sürətli inkişaf və nəhəng quruculuq illəri kimi daxil olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyev qurultaydakı proqram xarakterli nitqində ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan YAP-ın müstəqil Azərbyacan dövlətinin inkişaf tarixində, Respublikanın davamlı olaraq sürətlə inkişaf edən ölkəyə çevrilməsində, sosial-iqtisadi inkişafın müasir Azərbaycan modelinin formalaşmasında müstəsna rolundan bəhs edərək qeyd etdi ki, "Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik".

Ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalan, bu siyasəti böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyev bildirdi ki, "Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğurdan da tarixi uğurlara imza atdıq... Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdiriləcəkdir. Çünki bu gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür. Çünki bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni bir dövr başlayır. Əvvlki dövrdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı. İmkan yaratdı ki, biz əsas məqsədimizə çataq". Beləliklə qeyd edə bilərik ki, son 17 ildə Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində, uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikası dünyanın ən sürətlə inkişaf edən ölkəsinə və regionun lider dövlətinə çevrilmişdir.

Tarix elmləri doktoru, professor,

Yeni Azərbaycan Partiyasının üzvü İbrahim Zeynalov

Bütün xəbərlər Facebook səhifəmizdə