Paşinyan yenə çaşdı: ATƏT-in sədri qarşısında hansı bəyanatları irəli sürdü? ANALİTİK
Yaxud, erməni baş naziri "Artsax"ın cəhənnəmə, "statusunun" isə gora getdiyini hələ də anlamırsa...
Ermənistanın baş naziri Nikol Paşinyan ölksindəki ağır siyasi-iqtisadi böhran vəziyyətini həll etməsi, ondan çıxış yollarını tapması yerinə yenidən sərsəm bəyanatları ilə gündəmə gəlib. Əslində onun ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşü zamanı səsləndirdiyi bəyanatı əsasında həm də deyə bilərik ki, Paşinyan sözün əsl mənasında çaşıb və növbəti səhvini buraxıb.
Məsələ ondadır ki, ATƏT-in sədri ilə keçirilən görüşündə Azərbaycanı ittiham edən, eləcə də ölkə Prezdenti İlham Əliyevin sülhə, iqtisadi imkanlara, mehriban qonşuluq prinsiplərinə yönələn bəyanatına qarşı heç bir əsası olmayan fikirlər irəli sürən Nikol Paşinyan çox yəqin ki, siyasi hakimiyyətinin qorunması üçün belə bir yanlış mövqeyə keçid edib. Bu gün erməni müxalifətinin onun kürsüsünü laxlatmağa istiqamətlənmiş cəhdlərinin qarşısını almaq üçün onun bənzər mövqe nümayiş etdirməsi isə gələcəyinə yaxşı heç nə vəd etmir. Daha doğrusu, o belə davam edərsə, əslində daha acınacaqlı vəziyyətə düşə, ümumiyyətlə ölkəsini bütün geoiqtisadi layihələrdən, habelə müsbət təsirlərdən təcrid halına sala bilər. Bu zaman sual yaranır ki, hərgah Nikol Paşinyan yenidən köhnə ampluasına geri dönərsə onu və Ermənistanı daha hansı hallar gözləyə bilər?
İmzalanmış üçtərəfli Bəyanatdakı müddəalara Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putinlə yanaşı məhz Nikol Paşinyan da imza atıb və o, sərsəm bəyanatlarını ifadə edərkən əslində bu reallığı dərk etməlidir
SİA xəbər verir ki, Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yalnız ATƏT-in Minsk qrupunun həmsədrləri çərçivəsində həlli mümkünlüyü barədə fikir səsləndirməsi onun növbəti yanlış düşüncə tərzinin aşkar göstəricisidir. Məsələ ondadır ki, ATƏT-in Minsk qrupu münaqişə başlayandan ötən ilin 27 sentyabr tarixinə qədər əslində heç bir səmərəli iş qura bilmədi, o cümlədən, Ermənistanın işğalçılıq siyasətinə qarşı birmənalı, qətiyyətli mövqe sərgiləməyərək torpaqlarımızın uzun illər ərzində işğal altında qalmasına, dağıdılmasına, talan edilməsinə, 1 milyondan çox qaçqın və məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarından didərgin düşmələri faktlarına göz yumdu.
Başqa tərəfdən, 44 günlük müharibənin nəticələri sübut etdi ki, Azərbaycan özünün suverenliyini, ərazi bütövlüyünü bərpa etmək üçün haqlı mübarizə apardı və bu müharibədən qalib olaraq ayrıldı. Eyni zamanda, 30 il ərizndə BMT və s. nüfuzlu beynəlxalq təşkilatların görə bilmədikləri işi qısa müddətdə həyata keçirdi.
Həmçinin, Prezident İlham Əliyev qalibiyyətlə nəticələnən müharibədən sonra Qarabağ münaqişəsinin tarixdə qaldığını, eləcə də "artsax" adlı qondarma qurumun mövcud olmadığını qətiyyətlə bəyan etməsi erməni baş nazirinin yuxarıda qeyd ediləb bəyanat, ya da gülünc tələblərinin üzərindən xətt çəkmiş oldu. Habelə, Moskvada imzalanmış üçtərəfli Bəyanatdakı müddəalara Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putinlə yanaşı məhz Nikol Paşinyan da imza atıb və o, sərsəm bəyanatlarını ifadə edərkən əslində bu reallığı dərk etməlidir.
Nikol Paşinyan İlham Əliyevin fikirlərini qulaqlarından sırqa edib-asmalıdır!
Daha bir məsələ Nkol Paşinyanın Dağlıq Qarabağın "statusu" ilə bağlı növbəti düşüncəsiz bəyanatı ilə bağlıdır. Onun ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşü zamanı "Dağlıq Qarabağın statusunun dəqiqləşdirilməsi və "artsax" ermənilərinin öz müqəddəratlarını təyin etmə hüquqlarını realizə etmələri" barədə bəyanat səsləndirməsi ümumiyyətlə, heç bir hüquqi çərçivəyə sığmır və əgər bu gün beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyırsa, müharibə zamanı ədaləti bərpa etməsinə dəstək göstərdisə, artıq həmin faktın özü erməni baş nazirinin yenidən xülyalar içində çırpınmasını, fikir və düşüncələrinin əsassızlığını kifayət qədər sübuta yetirir.
Mühüm məsələ isə budur: Nikol Paşinyan Azərbaycan Prezidentinin işğaldan azad edilmiş torpaqlarımıza səfəri zamanı "Stasus gora getdi" kəlamını, o cümlədən, martın 16-da Şuşaya gerçəkləşdirdiyi növbəti səfərində isə "Artsax" cəhənnəmə getdi" fikrini qulaqlarından sırq edib-asmalıdır. Belə ki, onun və ümumiyyətlə erməni xülyalarının, "300 minillik erməni" saxta tarixinin bundan sonra heç bir təsiri, ya da realizəsi mümkün deyil. Reallıq budur - Qarabağ Azərbaycandır!
Nikol Paşinyan hələ də işğalçı mövqeyinə xas bəyanat səsləndirib, yanlış fikirlərini ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindeyə sırımağa çalışıb - belə davam edərsə, o bundan sonra daha görmədiyi "günlərini" görməli olacaq...
Maraqlıdır ki, halarasa, kimlərəsə güvənərək hələ də ummaq imkanlarının tükənmədiyini sanan, həqiqət faktorunu ya dərk etməyən, ya da dərk etmək istəməmək yönündə uğursuz israrlıq nümayiş etdirən Nikol Paşinyan hələ də işğalçı mövqeyinə xas bəyanat səsləndirir və hətta bir az da irəliyə gedərək, ölkə başçımızın bəyanatlarını "destruktivlik" iddiası fonunda zorla ATƏT sədrinin düşüncələrinə sırımağa çalışır. Çünki Azərbaycan illər idi ki, regionda sülhün, sabitliyin əldə edilməsi üçün çoxsaylı diplomatik səylər göstərib və bu səyləri Ermənistanın istər əvvəlki, istərsə də hazırkı rəhbərliyi qəbul etməyiblər. Nəticədə Azərbaycan Vətən müharibəsi sayəsində işğalçılara sarsıdıcı məğlubiyyət yaşadıb.
Əgər bu gün Paşinyan sözügedən görüşü çərçivəsində "hərbi əsirlər" iddiasını da irəli sürürsə, bunun da günahını özünün və hakimiyyətinin üzərində axtarmalıdır. Çünki dəfələrlə bəyan olunub ki, imzalanmış üçtərəfli Bəyənatdan sonra bölgədə qalmış, oraya sızmış silahlılar hərbi əsir statusu daşımırlar, onlar terrorçu və silahlı təxribatçılardırlar ki, saxlanılaraq Azərbaycanın qanunları çərçivəsində hüquqi cəzalarını alırlar. Bax, bu faktları görməzlikdən gələrək hələ də destruktivlik nümayiş etdirən Nikol Paşinyan yaxşı olardı ki, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşü sırasında sərsəm bəyanatlarını ifadə etməsi yerinə ölkəsinin, xalqının gələcəyini düşünüb, doğru məntiqdən çıxış edərdi. Təəssüf ki, bizlər bunun şahidi olmuruq və söz yox ki, belə davam edərsə, Pşinyan bundan sonra daha görmədiyi "günlərini" görməli olacaq...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB