Ermənistanın Zəngəzur isterikası: nədən çəkinirlər? ANALİTİK

Ermənistanın Zəngəzur isterikası: nədən çəkinirlər? ANALİTİK

Belə gedərsə, ümumiyyətlə, xəritədən silinmək təhlükəsindən yaxalarını qurtara bilməyəcəklər

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi bəyanatı Ermənistanda, sözün əsl mənasında, isterika mühiti yaradıb. Belə ki, ölkəmizin başçısı Yeni Azərbaycan Partiyasının VII qurultayında bəyan etmişdi: “Ermənistan Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmağa cəhd göstərir. Ancaq bu, ona qismət olmayacaq. Biz onları məcbur edəcəyik...”

Dövlətimizin rəhbəri digər müvafiq bəyanatında – İqtisadi əməkdaşlıq təşkilatının XIV sammitində qurumun üzv dövlətlərini Azərbaycanın tarixi ərazilərindən keçəcək yeni dəhlizdən istifadə etməyə çağırmışdı. Belə ki, Zəngəzur Azərbaycanın əsas hissəni ölkəmizin ayrılmaz hissəsi Naxçıvanı, eləcə də Türkiyəni birləşdirir və regionun nəqliyyat sektoruna yeni imkanlar açır.

Məhz həmin bəyanatlardan sonra Ermənistan tərəfi dərhal rəsmi reaksiya göstərərək, guya Azərbaycanın 9 noyabr və 11 yanvar üçtərəfli Bəyanatı “qəsdən pozduğunu” iddia etdi. Guya Azərbaycanın dövlət başçısının ritorikası beynəlxalq hüquqa qarşı açıq təhdiddir və regionda sabitliyin təmin edilməsinə heç cür dəstək göstərmir və s...

Ermənilərin leytmotivi belə köklənməyə başlayıb: Azərbaycan və Türkiyənin bu dəfə Ermənistanın ərazisində yeni müharibə başladacaqlarından doğan şiddətli qorxu

Söz yox ki, erməni ofisiozunun Zəngəzur dəhlizi məsələsindəki isterikası absurd xarakter daşıyır. Belə ki, bu məsələnin, ümumiyyətlə, Azərbaycanın qalib gəldiyi 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli Bəyanata aidiyyatı yoxdur və ola da bilməz. Həmçinin, İlham Əliyevin bəyanatı heç bir beynəlxalq prinsip və normalarını pozmur. Məhz bu baxımdan, bizim Xarici İşlər Nazirliyi özünün cavab bəyanatında erməni tərəfini öz fikirlərini şərh etməmişdən öncə üçtərəfli Bəyanatın müddəaları ilə tanış olmağı tövsiyə etmişdi. Hansı ki, BMT-nin Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsi də əks etdirən Bəyanatı elə Ermənistan hökumətinin rəhbəri də imzalamışdı.

Lakin növbəti istehzadoğurucu vəziyyət sonradan yarandı. Məsələ ondadır ki, ermənilərin bir sıra ictimai-siyasi başbilənləri, eyni zamanda ekspertləri sanki bir ağızdan xor kopellası kimi, özü də ermənilərə xas qara-qışqırıqları ilə “Azərbaycanın onlara təzyiq etdiyini, onlara başqa çıxış yolu buraxmadığını” iddia etməyə başladılar. Daha dəqiq desək, ermənilərin leytmotivi belə köklənməyə başlayıb: Azərbaycan və Türkiyənin bu dəfə Ermənistanın ərazisində yeni müharibə başladacaqlarından doğan şiddətli qorxu. Gəlin həmin “erməni yaradıcılığını” bir də xatırlayaq.

Ermənilərin xor kopellası nə oxuyur?

Müxalifətçi “Çiçəklənən Ermənistan” partiyasının katibi Arman Abovyan hay-küyə qapanaraq bildirib ki, sən demə Türkiyə və Azərbaycan elə bir dövlətlərdir ki, Ermənistanda mehriban qonşuluq münasibətlərinin qurulmasına razı olmayacaqlar. Guya türklərlə azərbaycanlılar yeni iri miqyaslı müharibəyə hazırlanırlar və s...

“Azərbaycan-Türkiyə hərbi müdaxiləsi” ilə bağlı küyə düşənlərdən biri də Ermənistanın Alternativ layihələr qrupunun təmsilçisi Vahe Ovannisyandır. O, İlham Əliyevin bəyanatını ermənilər üçün “şok” yaratdığını bildirib və sən demə gözəl günlərin birində iki ölkə orduları da Ermənistana “daxil olacaq”...

Erməni politoloqu Andanik Tevanyan isə öz növbəsində iddia edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə səsləndirdiyi bəyanatı, bundan əvvəl isə Qarsda baş tutan birgə hərbi təlimlər ona 2020-ci ilin sentyabrın 27-də səslənən bəyanatı, həmçinin o ərəfələrdə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini xatırladır.

Hərbi cinayətkar, ermənilərin general-leytenantı Arşavir Karamyan isə Azərbaycan Prezidentinin Zəngəzur bəyanatının ermənilər üçün başqa çıxış yolu qoymadığını, “daxili və xarici düşmənlərə qarşı səfərbər olmağa” məcbur etdiyini bildirib. Və bu kimi sərsəm fikirlər, isterik ehtimallar və şərhlər Ermənistanın siyasi isteblişmentində çoxdur, hətta o qədər çoxdur ki, saymaqla bitməz!

Bu zaman istər-istəməz belə bir sual yaranır – erməni tərəfinin əsas problemi nədədir? Söz yox ki, bu məsələdə ermənilərin əsas problemi elə illərdən bəri formalaşmış və əslində, onları məhvə sürükləyən böyük iddiaları, ambisiyalarıdır. Yəni bu problem onların inkişafına, perspektivlərinə keçilməz baryerlər qoymaqdadır. Ona görə də Zəngəzur dəhlizi məsələsi gündəmə gələndən sonra ermənilər bunu özlərinin deyil, məhz Azərbaycanın və Türkiyənin, eyni zamanda, Rusiyanın səmərəsinə olacağını iddia edirlər. O cümlədən, görünən budur ki, əslində, Ermənistanın özü mehriban qonşuluq prinsiplərini özünün saxta tarixi iddialarına qurban verir.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan tərəfinə aydın şəkildə izah edib ki...

Yeri gəlmişkən, daha bir faktı da xatırlada bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan tərəfinə aydın şəkildə izah edib ki, məhz ərazi iddiaları irəli sürməyərək digər ölkələrlə də mehriban qonşuluq siyasətinə sadiq qalacağı halda Ermənistan regional inteqrasiya proseslərinin tamhüquqlu üzvünə çevriləcək. Bu haqda 11 yanvar Bəyanatında da kifayət qədər əhatəli qeydlər edilib.

Lakin Ermənistanın siyasi elitası ağıllanmayacaqsa və hadisələrə destruktiv yanaşmalarını davam edəcəksə, bunun ziyanını da özü çəkməli olacaq. Bu baxımdan, erməni fonundakı yeni müharibə xofu və insuniasiyalarının dünya birliyinə sızdırılması cəhdləri də söz yox ki, heç bir əsasa söykənmir.

Nəticə isə belədir: əgər Ermənistan hələ də öz köhnə ambisiyalarından əl çəkməyəcəksə, ətrafında isterik hay-küylər qaldırmağa davam edəcəksə, imkan yaradılan regional iqtisadi layihələrdən kənarda qalmağı üstün tutaraq, hətta ərazi iddialarını irəli sürəcəksə, bu zaman onun xoflandığı yeni müharibə variantı həqiqətən də gündəmə gələ bilər. Xüsusilə, ermənilərin Zəngəzur dəhlizinin açılması ətrafındakı hay-haray reallığı da belə qənaətə gəlməyə zəmin yaradır ki, onlar belə gedərsə, ümumiyyətlə, xəritədən silinmək təhlükəsindən yaxalarını qurtara bilməyəcəklər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə