Prezident İlham Əliyev: “Əldə edilmiz tarixi zəfər Azərbaycanı daha da cəlbedici investisiya ölkəsinə çevirib”
Dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yer alan Azərbaycan həyata keçirilən uğurlu siyasətin məntiqi nəticələrindən biri kimi sosial-iqtisadi tərəqqi sahəsində özünəməxsus mütərəqqi bir modelin əsasını yaradaraq günü-gündən qüdrətlənən bir ölkəyə çevrilib. Qazanılan uğurların miqyasının davamlı olaraq genişləndirilməsi Azərbaycanın inamla və böyük nailiyyətlərə imza atmaqla irəlilədiyi inkişaf yolunun prioritet istiqamətidir. Bu isə o deməkdir ki, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurduqdan sonra Azərbaycan bazar iqtisadiyyatı şəraitində bundan sonra da inkişafını davam etdirib daha qüdrətli dövlətə çevrilməsini təmin edəcəkdir.
Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, son 17 illik tariximizdə qarşıya qoyulan bütün hədəflər ardıcıllıqla yerinə yetirilib, indi qarşıda yeni hədəflər var: “Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik”.
“Fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur”
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdir ki, fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur: “Əsas işim Qarabağ məsələsinin həlli və sentyabr ayından başlayaraq gedən müharibəyə Ali Baş Komandan kimi rəhbərlik etməyim idi. Bu gün də mənim fəaliyyətimdə o bölgələrin - Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur. Bu, təsadüfi deyil, bu, təbiidir. Ancaq, eyni zamanda, mən ənənəvi iş fəaliyyətimə də həmişə diqqət yetirmişəm. Müharibə başa çatdı, müzəffər Ordumuz müharibədə qələbə çaldı, düşməni məğlub etdi. Azad olunmuş torpaqların bərpası üçün əlimizdən gələni edəcəyik. Hər gün mənim işimin əsas hissəsi buna həsr olunur. Ancaq digər ərazilərin inkişafı da heç vaxt yaddan çıxmayacaq, Azərbaycan xalqı əmin ola bilər. Əminəm ki, biz bu ili də uğurla başa vuracağıq, daha güclü Azərbaycan quracağıq”.
Qarabağın azadlığı yeni iqtisadi imkanlar yaradıb
“Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. Ümumiyyətlə, Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir». Bu fikirləri martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIV onlayn Zirvə toplantısında çıxışı zamanı Prezident İlham Əliyev həm qurumun üzvləri - Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı iş birliyinə dəvət etdi, həm də məğlub Ermənistana növbəti mesajını ünvanladı. Əgər bu ölkə 10 noyabr Bəyannaməsinin şərtlərinə tam əməl edərsə, Dağlıq Qarabağda reallaşacaq layihələrə qoşula bilər.
İlham Əliyev toplantıda Azərbaycanın reallaşdırdığı “Cənub qaz dəhlizi” ilə bağlı qısa xatırlatma etdi. Bildirdi ki, “Cənub qaz dəhlizi” 2020-ci il dekabrın 31-də istismara verilib. 7 ölkəni birləşdirən 3500 kilometr uzunluğunda olan “Cənub qaz dəhlizi” dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.
Prezident İlham Əliyev onu da söylədi ki, bu gün Azərbaycan həmçinin Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib: «Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq”.
“Azərbaycan böyük investorlar üçün daha maraqlı ölkədir”
Azərbaycan Prezidenti ərazilərin bərpa olunmasının yeni iqtisadi imkanların yaradılmasına və bu mənada İƏT üzvlərini Qarabağda reallaşdırılacaq layihələrdən faydalanmağa cağırdı: “Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik”.
Həm ölkə daxilində, həm də xaricdə yatırılan sərmayələrin miqdarı böyük sürətlə çoxalır
Dinamik iqtisadi inkişaf sahəsində artıq öz modelini yaradan Azərbaycan bu sfera üzrə qazanılan uğurların miqyasının daha da genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi qarşıya qoyub. Həyata keçirilən iqtisadi siyasətin təhlili və əldə olunan nəticələr Azərbaycanın sözügedən sahədə dinamik inkişaf tempini qoruyub saxladığını, eyni zamanda daha böyük nailiyyətlərə imza atdığının təsdiq edir. Bu isə o deməkdir ki, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurduqdan sonra da Azərbaycan yeni şəraitə uyğun olaraq iqtisadiyyatının daha güclü hala gəlməsini təmin edir. Bütün bunlar həm də onu göstərir ki, iqtisadi sferada Azərbaycan qüdrətli ölkəyə çevrilməkdə davam edəcək. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: «Biz iqtisadi cəhətdən potensialımızı tam şəkildə işə sala bilmişik. Heç kimdən asılı deyilik. Öz hesabımıza yaşayırıq və ildən-ilə daha da yaxşı yaşayırıq. Bunu görmək üçün sadəcə olaraq Azərbaycanın reallıqlarına qərəzsiz nəzər salmaq lazımdır. Azərbaycan o ölkədir ki, dünyada öz daxili imkanları hesabına lider dövlətdir».
Azərbaycan indi böyük investorlar üçün daha maraqlı, daha cəlbedicidir
Göründüyü kimi, Azərbaycan indi böyük investorlar üçün daha maraqlı, daha cəlbedicidir. Çünki bu potensialından maksimum istifadə edilərək çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olunacaq. Ancaq məlumdur ki, irimiqyaslı layihələr böyük maliyyə vəsaiti tələb edir. İcra olunacaq layihələr milyonlarla, hətta bir neçə milyard dollar vəsait tələb edəcək.
Qarabağda üç - Füzuli şəhərindən sonra Laçında və Zəngilanda da aeroportlar tikiləcək. Yüz kilometrlərlə dəmir yolu, şəhərləri və kəndləri birləşdirəcək minlərlə kilometrlik avtomobil yolu çəkiləcək.Bütün kənd yolları asfaltlanacaq. Bölgələrdə elektrik enerjisi ilə bağlı layihələrin bu ilin sonuna qədər icra edilməsi planlaşdırılıb. Qayıdacaq əhalinin içməli suyu, məşğuliyyəti, kənd təsərrüfatı ilə bağlı işlərin həlli maliyyə vəsaiti tələb edir. Bir milyon insanı ora qaytarmaq üçün həyata keçiriləcək inşaat işlərinin, məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqlarının tikintisinin vaxtında yekunlaşması da məhz maliyyə vəsaitinə bağlıdır.
Azərbaycan dövlətinin ayırdığı 2,2 milyard manat investisiya bu istiqamətdə bir başlanğıcdır
Beləliklə, müharibədən sonrakı Qarabağın inkişafı həm də qoyulacaq sərmayədən asılıdır. Azərbaycan dövlətinin ayırdığı 2,2 milyard manat investisiya bu istiqamətdə bir başlanğıcdır. Prezident İlham Əliyevin açıqladığına görə, Qarabağın bərpası üçün təklif edilən investisiya proqramından bu il həyata keçiriləcək infrastruktur layihələrinin təxminən bir milyard manatı praktik olaraq paylanıb. İlk vəsait elektrik enerjisi, avtomobil və dəmir yolları, minalardan təmizləmə və s.sahələri əhatə edən infrastruktur layihələrinin icrasına yönəldilib. Ancaq 10 min kvadratkilometrdən çox ərazi azad edilib və rəqəmdən də göründüyü kimi, işin həcmi çox böyükdür. Ona görə də, sərmayədar yalnız Azərbaycan dövləti olmayacaq. Bütün tərəfdaş və maraq göstərən ölkələr bərpa işlərinə cəlb oluna bilər. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. Bir sözlə, Azərbaycanın sevincinə şərik olan, Qarabağın bərpasına töhfə vermək istəyən dostları üçün kifayət qədər iş var. Geriyə qalır hərənin işin bir qulpundan yapışması. Qarabağı inkişaf etdirərkən Azərbaycan tək olmayacaq. Üstəlik, Qarabağ müharibəsinin qalibi olmaq Azərbaycanı böyük investorlar üçün də daha maraqlı, daha cəlbedici investisiya ölkəsinə çevirib. Bundan sonra ölkəmizə daha fəal şəkildə sərmayə qoyulacağı şübhəsizdir. Sərmayədarlar üçün ən böyük zəmanət isə Prezident İlham Əliyevin sözüdür: «Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra bərabərdir. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq».
Bütövlükdə, inşallah ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək. Çünki Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq. Çünki Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!”.
Bir sözlə, bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanı dünyanın iri investorları üçün çox cəlbedici ölkəyə çevrilməklə az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. Əminik ki, Qüdrətli Liderimiz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan daha da qüdrətlənəcək, “Qarabağ dünyanın Cənnət məkanına çevriləcək”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB