Tələt Paşanı qətlə yetirən Teyleryan: qorxaq terrorçu 100 İL ÖTÜR+FOTOLAR

Tələt Paşanı qətlə yetirən Teyleryan: qorxaq terrorçu 100 İL ÖTÜR+FOTOLAR

100 il öncə - 1921-ci ilin 15 mart tarixində erməni daşnakı Soqomon Teyleryan Almaniyanın paytaxtı Berlində Türk Dünyasının böyük oğlu, Türkiyə xarici işlər naziri Tələt Paşaya qarşı vəhşi terror aktı həyata keçirərək onu qorxaqcasına - kürəyindən açdığı atəşlə qətlə yetirib. Guya ailəsinin qondarma "erməni soyqırımının" dırnaqrarası qurbanları olduğunu "əsas" gətirən Teyleryan elə həmin il keçirilən məhkəmədə şübhəli qərarla bəraət hökmü almışdı.

Qeyd edək ki, Tələt Paşanın qətlə yetirilməsi "erməni genosidi" bəhanəsi ilə atılan ilk addım idi. Terror əməliyyatının adı isə "Namezis" idi. Belə ki, terrorun həyata keçirilməsinin əsas təşəbbüskarları Armen Qaro və Şaqan Natali olublar.

Onu da xatırladaq ki, 25 iyul 1922-ci ildə erməni terrorçuları tərəfindən Tiflisdə öldürülən Osmanlı dövlətinin keçmiş hərbi donanma naziri Camal paşanın üstündə tapılan və oğluna ünvanladığı məktub Tələt paşanın öldürülməsinin və bu kimi digər qətllərin səbəbini izah edir: “Oğlum, növbə mənimdir… Tələt və Səid Həlim paşalardan və digər günahsız dostlarımdan sonra məni də öldürəcəklər. Cinayətin səbəbi isə həqiqəti danışmağıma mane olmaq istəyidir”.

Bəs muzdlu vəkillərin keçici dəlilik və ruhi sarsıntı içərisində Tələt paşanı öldürdüyünü deyən və Berlin məhkəməsinin qalmaqallı şəkildə azadlığa buraxdığı Soqomon Teyleryan kim idi?

1.Teyleryan yalançı idi.

Məhkəmədə iddia etmişdi ki, bütün ailəsi – atası, anası, bacısı, üç qardaşı “erməni soyqırımı” zamanı gözləri qarşısında öldürülüb. Erməni tarixçiləri bu “faktı” tez-tez qabardırlar. Halbuki Teyleryan 1915-ci ildə həmin hadisələrin cərəyan etdiyi ərazidən çox-çox uzaqlarda idi. 28 iyun 1914-cü ildə Birinci Dünya müharibəsinə səbəb olan hadisənin – Avstriya-Macarıstan şahzadəsi Ferdinandın Sarayevoda güllələndiyi gün Teyleryan da Serbiyaya köçmüşdü. “İndependent” qəzetinin Orta Şərq müxbiri Robert Fiskin Teyleryanın oğlu ilə söhbətində ermənilərin həqiqət kimi sırıdıqları uydurmaların üstü açılır. “Atamın bacısı yox idi, iki qardaşı ilə birgə Serbiyada yaşayırdı”.

2.Teyleryan qatil idi.

Məhkəmədə “mən bir adam öldürdüm, amma qatil deyiləm”, – söyləməsinə rəğmən qatil idi. Tələt paşadan öncə, türklərə işlədiyi söylənilən Arutyun Mkrtıçyanı da məhz o qətlə yetirmişdi. Türk mənbələrində Soqomon Teyleryanın böyük qardaşı, hərbi həkim olan Vazgeni və onun arvadını türklərə xidmət etdiyini görə öldürdüyü də qeyd olunur.

3.Teyleryan qorxaq idi.

Tələt paşanı arxadan xaincəsinə vurmuşdu. Paşanı nə üçün arxadan vurdun, sualına belə cavab vermişdi: “Öldürmək üçün bir neçə dəfə qarşısına çıxmışdım. Amma elə bir baxışı var idi ki, silahımı çıxara bilmədim. Buna görə də arxadan vurdum”.

Bu terrorçu ömrü boyu səksəkə içində yaşadı. Həyatının son illərində ermənilərin Amerika şəhərlərindəki tədbirlərində vətənpərvər çıxışlar etsə də, əsl həqiqətdə nə baş verdiyindən danışmağı sevməzdi. Övladı isə özünü atasının da iştirakçısı olduğu tarixdən uzaq tutmaq üçün adını dəyişib. Və bir də əsas və maraqdoğurucu fakt budur ki, onun oğlu, kiçik Teyleryan ermənilərin uydurduqları “soyqırım” əfsanəsinə inanmadığını da bəyan etmişdi. SİTAT: “Ermənilər fasiləsiz olaraq məzardan nələrisə çıxarmağa çalışırlar. Bunlar bir neçə qərinə öncə yaşandı. Tarixdə qaldı. Tərəflərin hər biri xeyli sayda insan öldürdü. İspan inkvizisiyasına və Roma imperiyasına geri dönüb, baş verənləri canlandıra bilməzsiniz. Bu, mənlik deyil”.

Daha bir hiddətdoğurucu fakt budur ki, terrorçu Teyleryana Ermənistanda abidə qoyulub və bu abidənin özü açıq-aydın terroru və qeyri-insaniliyi təbliğ edir. Həmin abidədə Teyleryan əlində silahla dayanıb və ayağının altında guya Tələt Paşanın kəsilmiş başı var.

Sosial elmlər üzrə tədqiqatçı, professor Metin Yıldırım bununla bağlı bildirib ki, Tələt Paşanın qatilinin heykəlini bu şəkildə hazırlayan Ermənistan heç bir şey qazana bilməz. Ermənilər bu addımı atmaqla nə qədər qəddar olduqlarını və bəsit təfəkkürlə qərarlar qəbul etdiklərini ortaya qoyurlar. Onlar hesab edirlər ki, Tələt Paşa, Ənvər Paşa və Camal Paşa “İttihad və Tərəqqi" hərəkatını quraraq o zamanlar Anadolu topraqlarında yaşayan ermənilərin Suriyaya göndərilməsini əmr edən insanlardır. Ermənilər bu qərarı sürgün olaraq qiymətləndirsə də, əslində, belə deyil. Həmin vaxtlar ermənilərin xəyanətkar hərəkətlərini görən “İttihad və Tərəqqi" hərəkatının rəhbərliyi onları öz əsgərləri ilə birlikdə Suriyaya göndərir. Çünki ermənilər səhərlər özlərini dost mövqeyində göstərdikləri halda, axşamlar düşmən cəbhəsinə keçir və xəyanət edirdilər. Anadoludan kənarda yerləşdiyindən ermənilərin Suriyaya göndərilməsi əmri verilir. Azərbaycana gedən ermənilərin əksəriyyəti Anadoluda yaşayan ermənilər olub".

Onun sözlərinə görə, Daşnaksütyun köç sırasında ölən ermənilərin intiqamını almaq üçün "Nemesis" (yunan mifologiyasında intiqam mələyi deməkdir) əməliyyatı keçirirlər: "Nəticədə muzdlu qatil Soqomon Teyliryan Almaniyanın Berlin şəhərində Tələt Paşanı evindən çıxarkən güllə ilə qətlə yetirir. Polislər qatili həbs edir və Teyliryan "sürgün"də çox acılar çəkdiyini, hətta bacılarının da köç sırasında öldüyünü deyir. Ancaq sonradan onun söylədiklərinin tamamilə yalan olduğu ortaya çıxır. Belə ki, S.Teyliryanın oğlu 2015-ci ilə Almaniyada verdiyi müsahibə zamanı atasının "sürgün" zamanı Serbiyada olduğunu və bibisinin isə olmadığını açıqlayır”.

Professor bildirib ki, bu heykəlin qoyulması Xocalıda ermənilərin törətdikləri soyqırımla eynidir: “Biz ermənilərin Xocalıda insanları nə qədər qəddarlıqla qətlə yetirdiklərini gördük. Fikrimcə, onlar öz uşaqlarını türklərə hiss etdikləri kin və nifrəti aşılamaq üçün belə bir yolu seçiblər. Bunu qismən də olsa həyata keçirə biliblər. Bizim istək və tələbimiz bu heykəlin tezliklə götürülməsidir. XXl əsrdə belə nifrət dolu heykəllərin yeri yoxdur. Ermənistan hökuməti səhvini başlayıb heykəli bir an öncə qaldırmalıdır”.

İstanbul Universitetinin tarix müəllimi, professor Halil Bal isə deyib ki, bu, türkləri təhqir etmək üçün hazırlanmış bir abidədir və ən qısa zamanda götürülməsi zəruridir: “Dövlətimiz bu işə müdaxilə etməli və insanlığa sığmayan abidənin çox böyük səhv olduğunu görən hər kəs buna qarşı çıxmalıdır. Tələt Paşa Osmanlının baş naziri və ən müdrik dövlət xadimlərindən biri olub. O, Türkiyəni I Dünya müharibəsində və ən çətin zamanlarında mükəmməl şəkildə idarə edərək qoruyub saxlayıb. Bir qatilə abidə ucaltmaq, əslində, Ermənistan hökumətinin ən böyük səhvidir. Bu əməl onların gənclərinə də yaxşı örnək deyil. Başqa sözlə desək, bu, cinayətə haqq qazandırmaq və terrorizmi alqışlamaqdır. Onlar anlamalıdır ki, bu cür addımlar çıxış yolu deyil. Ermənilər qonşuluq münasibətlərinə və başqa ölkələrin tarixinə böyük hörmətsizlik edirlər. Ona görə də bu əməllərindən əl çəkmələri lazımdır. Türk dövlətləri əl-ələ verib bu heykəlin götürülməsi üçün birlik nümayiş etdirməlidirlər. Yaxın keçmişdə ASALA terror təşkilatı 40-dan çox diplomatımızı qətlə yetirib. Dünya ədalətsizliyə göz yummamalı, terroru və kini yayan dövlətin layiqli cəzası verilməlidir”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə