Azərbaycanda sarsılmaz birlik və bərabərlik vəhdəti mövcuddur ŞƏRH

Azərbaycanda sarsılmaz birlik və bərabərlik vəhdəti mövcuddur ŞƏRH

Qüdrət Həsənquliyev: "Hazırda qansız-qadasız bu islahatları yalnız İlham Əliyev həyata keçirə bilər"

Prezident İlham Əliyevin siyasi-iqtisadi islahatlar konsepsiyasını uğurla həyata keçirməsi digər problemlərin həll olunması ilə yanaşı, nəticə etibarı ilə Azərbaycanın bir nömrəli probleminin aradan qalxmasına da münbit şərait yaratdı – 30 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərimiz düşmən tapdağından azad olundu. Bu siyasət eyni zamanda dünyaya qalib Azərbaycanın inkişaf, tərəqqi modelini də təqdim etdi ki, artıq həmin model, hətta bir sıra aparıcı ölkələr tərəfindən də öyrənilməkdə, nümunə etalonu olaraq tətbiq edilməkdədir. Bütövlükdə isə həm daxili, həm də xarici siyasət xəttində əldə edilən əsas uğur isə Azərbaycanda ümummilli birliyin əldə olunması, bu birliyin sarsılmazlığının sübutu oldu.

Lakin təəssüf ki, bu uğurlara qıyqacı baxan sapı özümüzdən olan baltalar da mövcuddur və həmin “təbəqələr” əldə edilən nailiyyətlərə öz təbirlərincə qara yaxmağa, hətta düşmənin dəyirmanına su tökməyə başlayıblar. Daha dəqiq desək, özlərini “milli” qismində təqdim edən, əslində isə qeyri-milli və xəyanətkarlıq yolunu tutan radikal dairələr hələ də “biz də varıq” tipli uğursuz prinsipləri ilə varlıqlarını isbatlamağa cəhdlər göstərirlər – xarici anti-Azərbaycan xarakterli qurumlarla gizli sövdələşmələrə getməklə, satqınçılıq siyasəti yürütməklə...

BAXCP-nın sədri: “Hikkələrindən onları müdafiə etməyən xalqı təhqir edirlər”

Sözügedən mövzu ilə bağlı müxalifətyönlü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyasının mətbuat xidmətinə verdiyi müsahibəsində son vaxtlar bəlli düşərgənin - radikal müxalifət qanadının məlum təmsilçilərinin iqtidarı dəstəkləyən xalqı təhqir hədəfinə çevirmələrinə münasibətini bildirib. Daha dəqiq desək, xalqı onların “küçələrə çıxın” çağırışlarına səs vermədiklərinə görə söyüb-təhqir edən radikallar, əslində, bununla özlərini xalqdan daha çox təcrid edirlər, yaxud xalq onları daha sərt şəkildə rədd edir.

Beləliklə, “Xalqı heç vaxt nəyə görəsə qınamaq və ya təhqir etmək olmaz, bunu edənlər ədəbsiz və savadsız insanlardır”, deyən BAXCP sədrinin sözlərinə görə, siyasətçilər öz fəaliyyətlərini xalqın sosial inkişaf səviyyəsinə görə qurmalıdırlar: “Kimsə bunu başa düşmürsə, bu, onun problemidir. Hələ 20 il öncə mən deyəndə ki, cəmiyyətimizdəki bütün nöqsanlara görə iqtidarı günahlandırmaq olmaz və biz Qərb standartlarına uyğun cəmiyyət qurmaq istəyiriksə, əvvəlcə həmin cəmiyyəti quracaq insanları hazırlamalıyıq, buna görə radikallıqdan imtina edib azsaylı tərəfdarlarımızı mərhumiyyətlərlə üz-üzə qoymamalı, iqtidarla əməkdaşlıq edib, təlatümlərsiz cəmiyyətin inkişafına nail olmalıyıq, o zaman mənə hücum edirdilər ki, yox, xalqımız demokratik cəmiyyət qurmağa hazırdır, amma iqtidar imkan vermir. Baxmayaraq ki, Milli Azadlıq Hərəkatının lideri Elçibəy də deyirdi ki, elə məsələlər var, onun həlli zamana bağlıdır. 20 ildən sonra mən deyəni, deyəsən, başa düşüblər. Amma onları cəmiyyətin inkişafı yox, hakimiyyətə gəlmək düşündürür. Ona görə də hikkələrindən onları müdafiə etməyən xalqı təhqir edirlər”.

Millət vəkili: “İctimai təhlükəsizlik və dövlət təhlükəsizliyi DİN və DTX tərəfindən ciddi şəkildə qorunur, təxribatlar üçün hər hansı imkan və şərait yoxdur”

Qüdrət Həsənquliyevə görə, hazırda ölkəmizin xoşbəxt gələcəyi hakimiyyət dəyişikliyində yox, yuxarıdan islahatlar yolu ilə cəmiyyətin inkişafına nail olmaqdadır. Bu siyasəti həyata keçirən isə Prezident İlham Əliyevdir və reallaşdırılan islahatların uğurlu nəticələri də bu gerçəkliyi ehtiva etməkdədir: “Mövcud daxili və xarici siyasi konyukturanı, beynəlxalq və regional vəziyyəti təhlil edərək əminliklə deyirəm ki, hal-hazırda qansız-qadasız bu islahatları yalnız İlham Əliyev həyata keçirə bilər”.

Partiya sədri əmindir ki, xalqımız Prezident İlham Əliyevi dəstəkləyir, Ona Qarabağı işğaldan azad edən Ali Baş Komandan kimi rəğbət bəsləyir və onların həyatını yaxşılaşdıracaq islahatları həyata keçirəcəyinə inanır: “Bundan başqa ictimai təhlükəsizlik və dövlət təhlükəsizliyi DİN və DTX tərəfindən ciddi şəkildə qorunur, təxribatlar üçün hər hansı imkan və şərait yoxdur. Eyni zamanda, bölgəyə təsir imkanları olan heç bir ölkə Azərbaycanda sabitliyin pozulmasında maraqlı deyil. Ona görə sabitliyi pozacaq heç bir real şərait yoxdur və sabitliyi xalqımız göz bəbəyi kimi qorumalıdır”.

Beləliklə, buradan həm də belə bir nəticə çıxarmaq olar ki, mövcud problemlərin olduğu və həmin problemlərin aradan qaldırıldığı bir vaxta da xalq-hakimiyyət birliyi qorunub-saxlanılır, o cümlədən, dövlətin dayaqları, dövlətçilik maraqları da etibarlı şəkildə mühafizə edilir. Bu baxımdan, sözügedən anti-milli dairələrin sözdə müxalifətçilik adı altındakı var-gəlləri, eləcə də hər hansı siyasi üstünlük qazanaraq, xidmət göstərdikləri xarici dairələrdən dəstək alaraq hakimiyyətə yiyələnəcəkləri ətrafındakı düşüncələri boş olaraq da qalacaq. Artıq bu reallığı onlara təhqir hədəfinə çevirdikləri xalq da dərk etdirir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə