Prezident İlham Əliyev: “Hazırda bizim əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir”
İqtisadiyyatın şaxələndirilməsi inkişaf etmiş dövlətlərin iqtisadi inkişaf siyasətinin əsas xüsusiyyətlərindən biridir. Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı müsir Azərbaycanın iqtisadi inkişaf siyasətinin əsas istiqamətlərindəndir. Regionların iqtisadi inkişafına dair dövlət proqramlarında qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas prioritet istiqamət kimi həyata keçirilmişdir.
«Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır və Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb» söyləyən Prezident İlham Əliyevin sözləri reallığa əsaslanır. Xüsusilə də 44 günlük İkinci Vətən müharibəsinin qələbəsindən sonra ölkəmizlə əməkdaşlıq edən ölkələrin diqqət göstərməsi reallığın göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbulu zamanı bildirib ki, demək olar son 30 ildə biz çox güclü tərəfdaşlıq əlaqələri qurmuşuq.
“Son 30 ildə biz çox güclü tərəfdaşlıq əlaqələri qurmuşuq”
“Son 30 ildə biz çox güclü tərəfdaşlıq əlaqələri qurmuşuq. Bank ölkənin transformasiyasında, iqtisadiyyatımızın şaxələndirilməsində bizi dəstəkləyib. Bizim 3 milyard avrodan çox məbləğdə layihələrimizin maliyyələşdirilməsi faktı bunu açıq-aşkar nümayiş etdirir. Hazırda bu portfelin yarısının özəl sektora yönəlmiş vəsait olması da mühüm əhəmiyyət kəsb edir. Bu da əməkdaşlığımızın yaxşı göstəricisidir”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbulu zamanı bildirib. “Bizim dövlət şirkətləri tərəfindən həyata keçirilən infrastruktur layihələrinə gəlincə, onların demək olar ki, hamısı tamamlanıb. Mənə məlumat verilib ki, bizdə 13 layihə var, onların 12-si uğurla tamamlanıb və sonuncusu tamamlanma prosesindədir. Mən, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının bizim enerji layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə, onun Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 1 milyard avro məbləğində maliyyələşdirilmiş sonuncu hissəsi olan TAP-a verdiyi dəstəyə görə minnətdaram”,-deyən dövlət başçısı söyləyib ki, ötən ilin son günündə biz TAP və Cənub Qaz Dəhlizinin açılışını qeyd etdik: “Bu, həqiqətən də Avrasiyanın enerji xəritəsini dəyişən tarixi nailiyyət idi. Bildiyiniz kimi, hazırda bizim əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir. Düşünürəm ki, xüsusilə bu il və ötən il, pandemiyaya baxmayaraq, nəticələr çox ümidvericidir. Ümumi daxili məhsulda müəyyən azalmaya baxmayaraq, bizdə qeyri-enerji sənayesi istehsalında artım var. Bu iki ayda bizdə artım 12 faizdən çox olub. Beləliklə, bu, bizim sənayemizin şaxələndirilməsinin yaxşı göstəricisidir. Biz neft satışlarından topladığımız vəsaiti özəl sektoru, sənaye potensialımızı dəstəkləməyə yönəltməyə nail olduq və qeyri-enerji sənayesində 12 faiz artım həqiqətən də əlamətdar hadisədir”.
Azərbaycan Prezidenti qəbul zamanı onu da bildirib ki, hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır: “Hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Ermənistan tərəfdən 25 ildən çox, demək olar ki, 30 il davam edən işğal nəticəsində hər şey dağıdılıb. Əcnəbi diplomatlar və media nümayəndələri işğaldan azad edilmiş ərazilərə artıq dəfələrlə səfər ediblər və özləri hər şeyin tamamilə dağıdıldığının şahidi olublar. Şəhərlər dağıdılıb, kəndlər dağıdılıb. Odur ki, biz öz doğma torpaqlarına qayıtmağı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq. Beləliklə, bu, bizim əsas vəzifəmizdir və biz artıq buna başlamışıq. Münaqişənin və müharibənin faktiki sonu olan bəyanatın imzalanmasından yalnız dörd ay keçməsinə baxmayaraq, biz artıq işlərə başlamışıq. Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var”.
“Azərbaycanın və regionun inkişafında yeni bir dövr və ya hətta yeni bir eradır”
Azərbaycan Prezidenti İlham Əliyev keçirilən qəbul zamanı azad olunmuş torpaqlarda görüləcək işlərdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvəndiyini bildirib: “Əlbəttə ki, biz bu məsələlərdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvənirik. Mən işğaldan azad olunmuş torpaqları «yaşıl enerji» zonası elan etmişəm. Biz əsasən bərpa olunan enerji mənbələrindən, su, günəş və külək mənbələrindən istifadə etməyi planlaşdırırıq. Bizim böyük beynəlxalq enerji şirkətləri ilə yaxşı iş təcrübəmiz var. Yeri gəlmişkən, Avropa Yenidənqurma və İnkişaf Bankı bu investisiya layihələrinin maliyyələşdirməsində iştirak edir”.
“Ümid edirik, eyni təcrübə azad edilmiş ərazilərdə də tətbiq olunacaqdır. Çünki bərpa olunan enerji mənbələri baxımından orada böyük potensial var. Başqa sözlə, bu, Azərbaycanın və regionun inkişafında yeni bir dövr və ya hətta yeni bir eradır”,-deyən Azərbaycan Prezidenti bildirib ki, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regional inkişaf, regional əməkdaşlıq, bağlılıq üçün yeni imkanlar var və Azərbaycan bunlara hazırdır: “Demək olar ki, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regional inkişaf, regional əməkdaşlıq, bağlılıq üçün yeni imkanlar var və Azərbaycan bunlara hazırdır. Mən artıq ictimaiyyətə bunu açıqlayaraq demişəm ki, biz əməkdaşlıq, düşmənçilik səhifəsini geridə qoymaq, regionda daha yaxşı vəziyyəti və daha da proqnozlaşdırıla bilən vəziyyəti təmin etmək üçün qonşularımızla dürüst şəkildə işləməyə hazırıq”.
Söhbət zamanı Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olundu, bu əməkdaşlığın daha da dərinləşdirilcəyinə əminlik bildirildi. Görüşdə nəqliyyat, bərpa olunan enerji, “Gəncə - Green City” layihəsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, telekommunikasiya, bank sektoru və işğaldan azad edilmiş rayonlarda həyata keçirilən və icra olunacaq layihələrlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB