“Əli Kərimli, uşaqları və “Milli Şura” təhdid yolunu seçiblər” RƏY-ÖZƏL
“Milli Şura” adlanan qurum yarandığı vaxtdan destruktiv fəaliyyətə üstünlük verib. Milli maraqlar, dövlət və dövlətçiliyimizin, müstəqilliyimizin qorunması ilə bağlı bu vaxtadək onlardan bir fikrə rast gəlinməyib”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev bildirib.
Onun fikrincə, radikal müxalifət düşərgəsinin məqsədləri ölkədə vətəndaş qarşıdurması yaratmaq, Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə aşağı salmaqdan ötrü dəridən, qabıqdan çıxmaqdır: "Bundan ötrü bütün yola, vasitələrə əl atırlar, alçaldıcı təkliflərə razılaşırlar. 44 günlük qələbəmizi belə həzm edə bilməyən radikal düşərgənin nümayəndələri hakimiyyəti yox, birbaşa xalqı təhqir etməyə başladılar".
C.Şahverdiyev qeyd edib ki, bu gün sosial şəbəkələr üzərindən onların fəallaşması təhdid deyil, xalqı aşağılamaq, təhqir etməkdir: "Milli Şura” və Kərimlinin uşaqları hakimiyyətlə yanaşı, dövlət atributlarımızdan incik düşüb onları təhdid edir. Xalqımızı, millətimizi, dövlətimizi təhdid edir. Hər bir dövlətdə, inkişaf etməkdə olan ölkədə sosial problemlər mövcuddur. O cümlədən Azərbaycanda da. Bu gün hamılıqla bu problemlərin həllinə çalışmalıyıq, hamılıqla işğaldan azad edilən torpaqlarımızda həyatın dirçəldilməsi istiqamətində hökumətə dəstək olmalıyıq. “Milli Şura” adlanan qurum isə əksinə, qələbəmizə görə kədər içindədir, hələ də, ermənilərə yas saxlayır. Bu insanlar hələ də reallığı dərk etmək istəmirlər. Qonşu Ermənistan və Gürcüstandakı vəziyyəti təhlil etmək istəmirlər. Bu gün Ali Baş Komandan İlham Əliyevin cəsarəti, müdrik siyasəti nəticəsində 30 ilə yaxın işğalda qalan torpaqlarımız azad edilib. Krım, Cənubi Osetiya, Abxaziya, Dnestryanı bölgə münaqişələrə baxsınlar, bütün dünya onları müdafiə edir, amma torpaqlar hələ də işğal altındadır. Azərbaycanı isə dünya birlikləri dəstəkləmədi, döyüş meydanında belə onun haqlı işinizi müdafiə etmədi, ancaq xalq-hakimiyyət-ordu birliyi nəticəsində Qarabağ işğaldan azad edildi. Bu mübarizliyimizi, qəhrəmanlığımızı, dünyaya göstərdiyimiz gücü Əli Kərimli, uşaqları və “Milli Şura” qəbul etmək istəmir, qələbəmizlə barışmır, təhdid yolunu seçiblər".
QHT sədrinin fikrincə, belə qurumlar və onların rəhbərləri məsuliyyətə cəlb olunmalıdır: "Ölkədə müxalifət olmalıdır, hakimiyyətin fəaliyyəti tənqid edilməlidir, siyasi mübarizə aparılmalıdır, sosial problemlər ictimailəşməlidir... Amma bütün bunlar sivil, demokratik yolla həyata keçirilməlidir. Hədə-qorxu, təhdid dili ilə danışmaq 90-cı illərdə qalıb. Radikal müxalifət gec də olsa düz yola qayıtmalı, xalqla birlikdə olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev 44 gün qələbəmizə ölkəmizi dünyaya tanıtdı, dünya xalqımızın mübarizliyi, əzmi, həmrəyliyinə heyran oldu. Bu gün Azərbaycan fəxr, qürur duyur ki, onun İlham Əliyev kimi müdrik və uzaqgörən, cəsarətli bir Lideri var. İlham Əliyev hər birimizin Prezidentidir, o cümlədən radikal müxalifət düşərgəsinin. Kərimli də, onun ətrafında olub xalqımıza təhdid yağdıranlar da Azərbaycan vətəndaşlarıdır. Amma hər birimiz qanunun aliliyinə hörmətlə yanaşmalıyıq. Kərimlinin ətrafındakılar bir-birləri ilə təhdid, hədə qorxu dilində danışa bilərlər, zatən illərdir bu yoldadırlar. Amma bütövlükdə xalqı təhdid etmək, dövlətə qarşı çıxmaq cinayətdir. Cəzalarını mütləq almalıdırlar. Onların fəaliyyəti siyasi terrordur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB