Təranə Kərimova: “Qurultayaqədərki dövrün ən böyük hadisəsi torpaqlarımızın işğaldan azad olunması idi”

“Martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı bir daha göstərdi ki, YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır və ölkənin ictimai-siyasi həyatında baş vermiş çox mühüm bir hadisədir. Xalqın böyük etimadını, inamını qazanan partiyanın VII qurultayı ölkə Prezidenti İlham Əliyevin uzaqgörənliyi sayəsində bütün sahələrdə həyata keçirilən sistemli, ardıcıl islahatlar fonunda ölkədə yeni siyasi mühitin milli və siyasi həmrəyliyin formalaşdığının nümayişi oldu. Qurultayda qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacaqdır”. Bu fikirləri SİA-ya açıqlamasında UNEC Qadınlar Şurasının sədri, dosent Təranə Kərimova bildirib.

T.Kərimova vurğulayıb ki, islahatlar və inkişafın müəllifi olan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin qalib sərkərdəsi, “Dəmir yumruq” əməliyyatının müəllifi kimi öz adını tarixə yazdı: “İkinci Vətən müharibəsində əldə olunan qələbə siyasi partiyalarla yanaşı vətəndaşlar tərəfindən də razılıqla qarşılandı. Ancaq etiraf edək ki, islahatlara qarşı çıxan və imkan düşdükcə bu addımları sabotaj etmək istəyən qüvvələr də az deyildi. Bu qüvvələr nəyin bahasına olursa olsun hakimiyyət ilə xalq arasında sədd yaratmağa çalışmağa cəhd etsələr də, istəklərinə nail ola bilmədilər”.

“Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə genişlənir. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Artıq monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilata çevrilən, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirir”,-deyən T.Kərimova onu da söyləyib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir: “Ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası regionda ən iri siyasi partiyadır. Partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin söylədiyi kimi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. Ümumxalq partiyası olan YAP-ın qurultayında qəbul edilən tarixi qərarlar müasir və qüdrətli Azərbaycanın gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək”.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə