Azərbaycan uğurlu bir gələcək qarşısındadır

II Qarabağ müharibəsinin zəfərlə başa çatmasından keçən hər bir gün ölkəmizi uğurlu sabaha aparır. Bu Zəfər Azərbaycanın haqq sözünü bütün dünyaya bir daha çatdırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qalib ölkənin Ali Baş Komandanı kimi istər müharibə zamanı, istərsə də ondan sonrakı günlərdə apardığı daxili və xarici siyasəti region ölkələri arasında iqtisadi-siyasi əlaqələrin möhkəmlənməsinə həsr edilmişdir.

Ölkə rəhbərinin yüksək intelektual səviyyəsi, uzaqgörən siyasətilə irəli sürdüyü mühüm təkliflərin, beynəlxalq səviyyədə təqdim etdiyi təşəbbüslərin zaman-zaman özünü doğrultması ona yüksək nüfuz qazandırır. Bununla yanaşı, fundamental dəyərlərə, ədalətli davranış qaydalarına sadiqliyi Prezident İlham Əliyevə böyük inam yaradıb. Artıq beynəlxalq qurumların ali rəhbərləri, dünya liderləri qəbul ediblər ki, əgər hər hansı bir təklif Azərbaycan Prezidentindən gəlirsə, deməli, bu, dərin təhlillərə, aydın proqnozlara və real həllərə əsaslanır. Müharibənin ilk günlərindən torpaqlarımız azad olunduqca həmin ərazilərdə təmizlənmə, bərpa və quruculuq işlərinə başlanılırdı.

Artıq sərhədlərimiz sovet dövrü xəritəsinə əsasən bərpa olunur. İnfrastruktur layihələri üzrə quruculuq-bərpa işlərinə başlanılıb. Hazırda bu istiqamətdə həyata keçirilən layihələr bütün sahələri əhatə edir. Bunlar bölgənin həm iqtisadi, həm də sosial inkişafının təmin olunması üçün vacib sahələrdir.Odur ki, ilk növbədə enerji və yol layihələrinə önəm verilir. Bütün Qarabağın elektrik enerjisi ilə təmin etmək üçün yüksəkgərginlikli xətlər çəkilir və elektrik yarımstansiyaları inşa olunur.

Həmçinin bölgənin yüksək enerji istehsal etmək potensialı nəzərə alınır. İşğaldan azad olunan ərazilərdə ekoloji cəhətdən təmiz, bərpa olunan enerji növlərinin yaradılması üçün geniş imkanlar mövcuddur. Odur ki, dövlət başçısı bu ərazilərin tezliklə “yaşıl enerji” zonasına çevriləcəyini inamla bəyan etmişdir. Tezliklə bu ərazilərdə günəş, külək və su mənbəələrindən istifadə olunacaqdır.

Füzulidə aeroportun tikintisinın sürətlə davam etməsi, Şuşaya yeni avtomobil yolunun çəkilməsi, Naxçıvana istiqamət götürən dəmir yolunun təməlinin qoyulması Qarabağda müasir tələblərə cavab verən yol infrastrukturunun yaradılmasından xəbər verir. Belə ki, həmin nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad edilmiş ərazilərə səfərlərini asanlaşdırmaqla yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranması baxımından da önəmlidir. Bir mühüm cəhət isə odur ki, bu marşrut tezliklə region ölkələrinin qarşılıqlı əlaqələrinin genişlənməsınə öz töhfəsini verəcək. Bundan əlavə, həmin dəmir yolu xətti Asiya ilə Avropa arasında yüklərin daşınmasını sürətləndirməklə beynəlxalq əhəmiyyət qazanacaq. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşəcək. Eyni zamanda Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Həmçinin Rusiya, İran, Türkiyə, Ermənistan arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Yəni bütün bölgə ölkələri bundan xeyir görəcəkdir.
Bununla da əgər erməni xalqı ağıllı və uzaqgörən olarsa gələcəyini Azərbaycanın yaratdığı şəraitdən faydalanıb qurmaqla dağıdıcı faşist ideologiyasından birdəfəlik yaxasını qurtara bilər.

Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü və nüfuzlu olmamışdır. Bu güc həm siyasi, iqtisadi, hərbi gücdür, həm də xalq-iqtidar birliyinin gücüdür və bütün bunların nəticəsində bizim regionda oynadığımız müsbət roldur.

II Qarabağ müharibəsinin ilk günlərindəölkədə fəaliyyət göstərən partiyaların böyük əksəriyyəti ölkə başçısının haqq işinə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda demək olar ki, bütün siyasi qüvvələr iştirak edir. İştirak etməyənlərə siyasi qüvvə demək mümkün deyildir. İştirak etməyən dəstə məlum olduğu kimi xain, satqın antimilli şuradır.Onlar qan və can bahasına qazanılmış uğurlarımızı ləkələmək istiqamətində Azərbaycana düşmən xarici qüvvələrə arxalanaraq növbəti təxribat xarakterli addımlar atmaqdadırlar.

Azərbaycan Xalq Cəbhəsi və bu gün onunla antimilli şurada cəmləşən törtöküntülərI Qarabağ müharibəsi dövründə fərarilik etmişlər. O zaman AXC-Müsavat cütlüyü torpaqlarımızın müdafiəsi üçün ordu qura bilmədi. Bu cütlük iqtidarda olduğu müddətdə yalnız şəxsi maraqlarını güdürdü. Dünən bir yerdə hakimiyyət uğrunda mübarizə aparanlar hakimiyyətə gəldikdən sonra AXC-nin şinelini soyunaraq hərəsi bir mundir geyindi və partiya yaratmaqla prezident postu uğrunda mübarizəyə başladılar. Hər bir partiyanın şəxsi silahlı dəstəsi vardı. Ümumi tabeçilik və rəhbərlik yox idi. Prezidenti öz komandası eşitmirdi, özü isə qardaş Türkiyədən iki mülki helikopter belə almaq iqtidarında deyildi.Məhz bu anarxist quruluş və səbatsız idarəetmə torpaqlarımızın işğalına, böyük insan köçünə və itgisinə səbəb olmuşdu.

Yalnız tarixi qayıdış ölkəmizi xilas etdi. Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, dirçəldi, regionun güclü və nüfuzlu dövlətinə çevrildi. Torpaqlarımızın 30 illik işğalına son qoyuldu.

Artıq işğaldan azad olunmuş torpaqlarımızın bərpası prosesi başlamışdır. “Qarabağ bölgəsində cənnət yaradacağıq” deyən ölkə Prezidenti işğaldan azad edilən bütün şəhərlərin, kəndlərin bərpasının müasir tələbləri nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlı öz göstərişlərini vermişdir. Dövlətimiz azad edilmiş rayonlarda tezliklə geniş miqyaslı quruculuq işlərinə başlayacaq, münbit torpaqların istifadəsi təmin olunacaq, maddi və mənəvi sərvətlərimiz bərpa ediləcəkdir.

Azərbaycanın uzun müddət işğal altında qalmış ərazilərinin azad edilməsi bölgədə davamlı inkişaf üçün yeni imkanlar açacaqdır. Ölkə başçısının göstərişinə əsasən, işğaldan azad olunmuş ərazilər "yaşıl enerji zonalarına" çevriləcək,Qarabağ regionunda “ağıllı kənd”, “ağıllı şəhər” layihələri həyata keçiriləcəkdir.Bununla bağlı artıq beynəlxalq şirkətlərlə əməkdaşlıq işlərinə başlanılmışdır.Xatırladaq ki, bu konsepsiyası Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapmışdır.Ölkə Prezidenti istər birinci, istərsə də ikinci Vətən müharibəsi şəhidlərinə və qazilərinə, onların ailələrinə böyük həssaslıqla, diqqətlə yanaşır. Onlara göstərilən qayğı günü-gündən artır.Dövlət başçısının bu sahədəki siyasəti birmənalıdır. Son 17 il ərzində cənab İlham Əliyev şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşdür. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. 2025-ci ilə qədər bu rəqəm 11 minə çatdırılacaq.Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib.

Ermənistanın 44 günlük biabırçı məğlubiyyəti işğalçı ölkədəki mövcud sosial-iqtisadi böhranı daha da dərinləşdirdi, mənəvi-psixoloji durumu sürətlə gərginləşdirdi. Hazırda Ermənistan sonu görünməyən tənəzzül dövrünü yaşayır. İqtisadiyyatı tamamilə çökmüş işğalçı ölkənin hökuməti əhalinin sosial vəziyyətini düzəltmək və sosial müdafiə layihələrini həyata keçirmək iqtidarında deyil. Elə bu səbəbdən əhali vəziyyətdən çıxış yolunu yenə də ölkədən qaçmaqda, başqa dövlətlərəsığınmaqda görür. Ermənistan prezidentinin etiraf etdiyi kimi, indi erməni xalqı təkcə dövlətin deyil, millətin böhranını yaşayır. Ölkədə daxili qarşıdurma da pik həddə çatıb. Kilsə ilə hökumət arasında münasibətlərin gərginliyi artıb.Ermənistanda bir sıra siyasi qüvvələr uğradıqları acı məğlubiyyətlə barışmaq istəmirlər. Ölkədə revanşist müxalif qüvvələr baş qaldırmışdır. Onlar yeni müharibədən, qisasçılıqdan, hətta işğaldan azad olunan ərazilərimizin yenidən geri qaytarılmasından da dəm vururlar.

Bu azmış kimi, erməni qəsbkarlar Nikol Paşinyan hakimiyyətini devirib tarixi 10 noyabr sazişinə əməl etməyəcəklərini də açıq şəkildə bildirirlər. Qarabağ ərazisinə təxribatçı səfərlər, öz havadarlarına güvənərək ərazilərimizdə kəşfiyyat-diversiya dəstələri ilə terror və təxribatlar törətmək cəhdləri mənfur düşməni daha pis vəziyyətə gətirib. Onlar bu uğursuz cəhddən əl çəkməlidirlər. Əksinə, Rusiya Prezidenti Vladimir Putinin sözləri ilə desək, belə addımlar Ermənistan üçün intihar olacaqdır.

Azərbaycan Ordusnun Qarabağın azad edilməsi uğrunda apardığı "Dəmir yumruq" əməliyyatı Ermənistana və onun bəzi xarici havadarlarına bir mesaj oldu. Onlar bundan məntiqi nəticə çıxarmalıdırlar.Bu barədə ölkə Prezidenti cənab İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında qeyd etdiyikimi “...bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər”.

Ərazilər işğaldan azad olunduqdan sonra ermənilərin bizim torpaqlarda apardığı talançılıq və dağıdıcılıq nəticəsində Azərbaycana dəyən ziyanın nə qədər olması diqqət mərkəzinə gəlir. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi məqsədilə İşçi Qrupu yaradılıb və 1988-1994-cü illərdə erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı hər cür əmlakın, o cümlədən yeraltı yerüstü sərvətlərin itkisinin dəyərinin hesablanması, onların qiymətləndirilməsi və bu sahədə elektron məlumat bazası yaradılıb.

Ermənistan bir dövlət kimi dünya xəritəsindən silinəcək bir vəziyyətdədir.Bu ölkədə yaşanan böhranı, qeyri-müəyyənliyi aradan qaldırmağın yeganə yolu keçmişin səhvlərindən nəticə çıxararaq dünya miqyasında inkişaf etmiş ölkə kimi tanınan və regionda söz sahibi olan Azərbaycanla dinc qonşuluq yoluna qayıtmaqdır.
İnanırıq ki, xalqımızın Prezident İlham Əliyev ətrafında daha da sıx birləşməsi, milli birlik, həmrəylik ideyalarımızı daha da artıracaq, xalqın sonsuz etimadına, inam və dəstəyinə güvənən prezidentimiz bundan sonra da, respublikamızın inkişafı üçün apardığı şərəfli və çətin missiyanı uğurla həyata keçirəcəkdir.

Abil Ağasəfov
Yeni Azərbaycan Partiyası
Qəbələ rayon Təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə