Eks-prezident Sarkisyan Qarabağ danışıqları tarixini saxtalaşdırmağa başlayıb - AÇIQLAMA

"Ermənistanda siyasi ziddiyyətlər kəskinləşdikcə keçmiş prezidentlər özlərini haqlı çıxarmaq üçün Qarabağ danışıqlarının bir sıra səhifələrini özlərinə sərf edən formada xatırlamağa başlayıblar. Bu sırada Serj Sarkisyanın çox uzun müsahibəsi daha diqqətçəkicidir. Onun müsahibəsinin tam məzmununu təhlil etməyəcəm. Bir neçə nümunəni göstərsək, Azərbaycan diplomatiyasının nə etməli olduğu və nə edəcəyi aydın olar". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, Serj deyir ki, Madrid prinsipləri 2007-ci ildə tərəflərə təqdim edilsə də, Azərbaycan onu bir ildən sonra qəbul etdi: "Deyir ki, 2011-ci ildə Azərbaycanın da razılaşdığı Kazan sənədində belə bir bənd var idi ki, Dağlıq Qarabağ müstəqilliyin vacib şərt olmadığı beynəlxalq təşkilatlara üzv ola bilər və əlavə edir ki, Kazan sənədində DQ-nin təhlükəsizliyinin 7 şərti qoyulurdu ki, bunun biri də onun özünümüdafiə qüvvələrinin tanınması idi. Guya bu sənəddə qondarma qurumun qanunverici və icra hakimiyyətinin seçkiləri tanınırdı və sair. Bildirir ki, hələ müharibədən əvvəl "mən danışmağa başlayan kimi İlham Əliyevlə bu kapitulyant (Paşinyanı nəzərdə tutur) mənə qarşı birləşirdilər". Torpaqların qaytarılması müqabilində guya İlham Əliyevin ona 5 milyard dollar təklif etməsi barədə suala elə cavab verir ki, əslində, bunu təsdiqləyir və qeyd edir ki, İlham Əliyev erməni xalqını yox, erməni ordusunu yox, fərsiz erməni hakimiyyətini məğlub edib".

A.Quliyev bildirib ki, Sarkisyan - mən zəfər prosesimizi başa çatdırmaq üçün baş nazir olmağa razılıq verdim - deyə qeyd edib: "Halbuki baş nazir olmaq üçün konstitusiyanı 2015-ci ildə dəyişməkdən başlamış hansı hoqqalara qədər getdiyini ekspertlər yaxşı bilir. Göründüyü kimi, Sarkisyan özünün Paşinyandan daha "ağıllı və səriştəli rəhbər" olduğunu göstərmək üçün Qarabağ danışıqları tarixinin bir sıra səhifələrini öz bildiyi kimi yozur, özünü qorumaq xatirinə real diplomatiya tarixini və həm də bizim tariximizi saxtalaşdırır. Sarkisyanın və digər erməni ekslərinin bu mənfəətpərəst taktikasını ifşa etmək üçün Azərbaycan diplomatiyasının danışıqlar tarixindən bəzi sənədləri açıqlaması pis olmazdı".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə