20 Fevral Dünya Sosial Ədalət Gününüdür

20 Fevral Dünya Sosial Ədalət Gününüdür

Azərbaycandakı reallıqlar sosial ədalətin göstəricisidir

Bu gün ölkəmizdə cəmiyyətdə sosial ədalətin təmin edilməsi prioritet məsələlərdən biridir. Sosial ədalət müxtəlifliyə hörmət, sosial müdafiə dəyərləri və iş yerləri də daxil olmaqla, həyatın bütün sahələrində insan hüquqlarının qorunması üzərində qurulub. Azərbaycanda dövlətin iqtisadi siyasətinin sosial yönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət, insan amilinə verilən yüksək dəyər sosial ədalətdən qaynaqlanır. Əhalinin sosial müdafiəsi sahəsində bir sıra uğurlu layihələr icra edilir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də bu sahəyə böyük önəm verilir. Sənəddə qeyd olunduğu kimi, davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Belə ki, inkişafdan hər bir vətəndaş bəhrələnməlidir. Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağı gəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Dövlətin 2030-cu ilədək həyata keçirəcəyi iqtisadi layihələrin gətirəcəyi faydalardan ölkə vətəndaşlarının bəhrələnməsi milli prioritetlərin əsas məqsədidir.

SOSİAL SİYASƏTİNİN BAŞLICA HƏDƏFİ ƏHALİNİN RİFAHININ TƏMİNATIDIR

Bu gün 20 Fevral dünya Sosial Ədalət gününü qeyd edir. Milyonlarla insanların qeyd etdiyi bu gün BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi ilə yaradılıb. Müasir dünya cəmiyyətlər daxilində və cəmiyyətlərarası həmrəylik, harmoniya və bərabər imkanlar aşılamaq üçün yoxsulluq, ayrı-seçkilik və işsizliklə məşğul olmağın əhəmiyyətini dərk edir. Daha sabit, ədalətli və təhlükəsiz dünya qurmaqda sosial ədalətin vacibliyi əsas məsələlərdəndir. Hər kəs üçün sosial ədalətə nail olmaq naminə BMT-nin əsas məqsədi inkişaf və insan ləyaqətini yaymaqdır. 2009-cu ildə fəaliyyətə başlamış Sosial Müdafiə Təşəbbüs Platforması hər kəs üçün əsas sosial zəmanət əldə etmək naminə ümumi prioritetlər müəyyənləşdirən bir BMT sistemidir.

Bütün dünya ölkələri ilə yanaşı, Azərbaycanda da Dünya Sosial Ədalət günü qeyd olunur. Müasir dünyamızda Azərbaycan dünyanın çağırışlarına yüksək səviyyədə cavab verir. Təbii ki, bu sosial ədalətə nail olmaqda ölkəmizdə həyata keçirilən islahatları qeyd etməliyik. Həyatımızın bütün siferaların əhatə edən islahatlar öz nəticəsin verib və bu davamlıdır. Ölkəmizin maliyyə imkanlarının güclənməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına səbəb olub. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Azərbaycan Prezidentinin dərin islahatları iqtisadi və sosial sahədə, eləcə də struktur islahatları vətəndaşların məmnunluğuna səbəb olub. Davamlı olaraq islahatların həyata keçirilməsi vətəndaşların rifahının daha da yüksəldilməsinin, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsinin daim dövlətin diqqət mərkəzində olduğunun əyani göstəricisidir. Məlumdur ki, 2020-ci il ölkəmiz üçün çətin və mürəkkəb bir il olsa da, qələbə tariximizin yazıldığı zaman olaraq tarixiləşdi. Vətən müharibəsi, kornovirus pandemiyası ilə mübarizə də Azərbaycan öz iradəsini, gücünü, həmrəyliyini ortay qoyaraq nəyə qadir olduğunu sübut etdi. Belə bir zamanda Azərbaycan dövləti əhalinin sosial rifahının və onun daim yüksələn xətt üzrə inkişafına nail olunmasını diqqətdə saxlayır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Təbii ki, bütün bunlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı və digər rəsmi sənədlər Prezident Cənab İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalətin dayandığının göstəricisidir.

SOSİAL CƏHƏTDƏN HƏSSAS ƏHALİ QRUPLARINA DÖVLƏT QAYĞISI DAVAMLIDIR

Həyata keçirilən davamlı tədbirlər nəticəsində şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli Qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına dövlətimiz tərəfindən qayğı və diqqət davamlıdır. Prezidentin təqaüdlərinin məbləği şəhid ailələri üçün 66,7%, Azərbaycanın Milli Qəhrəmanı üçün 20%, İkinci Dünya müharibəsi iştirakçıları üçün 100%, müharibə və 20 Yanvar əlilləri, müharibə əlillərinə bərabər tutulanlar üçün 50%-dən çox artırılması fikirlərimizi əsaslandırır.

Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 5 fevral 2021-ci il tarixli Sərəncamı ölkədə sosial müdafiə tədbirlərinin gücləndirilməsi, pensiyaçıların rifahının yaxşılaşdırılması istiqamətində növbəti addım oldu.

Azərbaycanda aparılan sosialyönümlü siyasət, əhalinin öz güzəranını təmin etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şərait yaradıb. Sahibkarlara daim diqqət göstərilir, onlara güzəştli kreditlər verilir, fermerlərə subsidiyalar ayrılır ki, bu da ölkədə sahibkarlığın inkişafına münbit şəraitin olduğunu əks etdirən amillərdir. Aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, eləcə də kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaradılıb.

Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb.

MÜASİR AZƏRBAYCANIN SİMASINI ƏKS ETDİRƏN MƏRKƏZ

Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin mütərəqqi beynəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır. DOST adlanan daha bir innovativ xidmət növü də vətəndaşlarda məmnunluq yaradıb. Prezident İlham Əliyevin fərmanı ilə yaradılan DOST mərkəzləri əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə xidmətlərdə vətəndaş məmnunluğuna tam təminat verir. 2025-ci ilə kimi ölkə ərazisində, ümumilikdə, 31 DOST mərkəzi açılacaq və bununla da Azərbaycanın bütün ərazisi və bütün vətəndaşları DOST xidmətləri ilə əhatə olunacaq. Bu xidmətlərə ehtiyac duyan hər kəs ondan asanlıqla yararlana biləcək. Azərbaycan Prezident İlham Əliyevin vurğuladığı kimi, "Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək".

AZƏRBAYCANDA GENDER SİYASƏTİ MÜASİR DÖVRÜN TƏLƏBLƏRİNƏ UYĞUN HƏYATA KEÇİRİLİR

Qeyd etdiymiz kimi, Dünya Sosial Ədalət Günü bu və ya digər məsələlərlə yanaşı, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi də daşıyır. Bütün dünyaya inkişaf modelini təqdim edən ölkəmizdə gender bərabərliyi də nümunədir. Azərbaycan xalqı tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duyub. Müasir dövrdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə və beynəlxalq münasibətlərdə yeni uğurların əldə olunmasında qadınlarımız da yüksək təşəbbüskarlıq və fəallıq göstərirlər. Cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar müstəqil respublikamızın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar.

Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Qadın siyasətinin daha çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsi, yeni dövrün tələbləri səviyyəsində qurulması məqsədilə son 17 ildə beynəlxalq təcrübə də dərindən öyrənilib. Azərbaycan Respublikası bir sıra mühüm beynəlxalq sazişlərə qoşularaq bu sahədə qanunvericiliyini təkmilləşdirmək imkanı əldə edib. Azərbaycan qadınının ictimai-siyasi fəallığı artıb, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolu güclənib. Bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılıb. Hazırda ölkədə onlarla qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Müasir dünyamızda Azərbaycan dünyanın çağırışlarına yüksək səviyyədə cavab verir. Bu gün ölkəmizdə mövcud olan vəziyyət Azərbaycanda sosial ədalət prinsipinin mövcudluğunu təsdiqləyir. Dünyanın bir parçası olan Azərbaycanda da Dünya Sosial Ədalət günü qeyd olunur.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə