Əgər Rusiya buna seyirçi qalacaqsa... - ŞƏRH ÖZƏL

Əgər Rusiya buna seyirçi qalacaqsa... - ŞƏRH ÖZƏL

“Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən erməni separatçılarının rəhbəri Arayik Arutyunyanın rus dilinə "rəsmi status" verməsi, birbaşa Kremldən idarə olunan porsesdir. Arayik Arutyunyan Kremlin nəzarətində olan şəxsdir və onun bütün qərarları Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovla razılşadırılır. Ona görə də Azərbaycanın suverenliyinə və üçtərəfli birgə bəyanata zidd olan bu qərara qarşı rəsmi Bakı hərəkətə keçməlidir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, göründüyü kimi Rusiya hakimiyyəti Dağlıq Qarabağda konkret olaraq Azərbaycanın əleyhinə fəaliyyətə yaşıl işıq yandırır: “Bununla da azərbaycanlıların Xankəndi, Ağdərə və Xoacavəndə köçürülməsinin qarşısını alır. Azərbaycan bu müharibədə qalib tərəfdir və heç vaxt Qarabağın kiçik bir ərazisində ermənilərə müstəqillik verməyəcək. Xankəndində separatçıların fəaliyyəti yaxın perspektivdə qarşısı alınmaldır. Dağlıq Qarabağın kiçik bir hissəsində Rusiya burada Azərbaycanın milli təhlükəsizliyini, suverenliyini təhdid edəcək prosesə seyirçi qalacaqsa, erməni separatçılarını müdafiə edəcəksə, birmənalı şəkildə Rusiyanın sülhməramlı fəaliyyətinə son verilməsi tələb edilməlidir”.

M.Əsədullazadə vurğulayıb ki, əgər, Arayik Arutyunyan bu gün rus dilinə rəsmi dil statusu verirsə, bir neçə müddətdən sonra buradakı ermənilərə Rusiya pasportunun verilməsi üçün müraciət edə bilər: “Həmçinin sabah qondarma referendum keçirib, Rusiyanın tərkibinə qatılmağa cəhd edə bilər. Təbii ki, Rusiya buna getməz. Amma, onların hərbiçiləri buradadır və təhlükə var. İlk növbədə Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin mandatını aydınlaşdırmalıdır. Və BMT-nin mandatı altında olmaqla digər ölkələrin də sülhmərmalı qüvvələri yerləşməlidir. Bu, Rusiyanın təkbaşına qərar vermək mexanizminin qarşısını ala bilər. Bu kimi ssenarilərin qarşısını almaq üçün Azərbaycanın konkret planlar həyata keçirməlidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə