“Sosial şəbəkə platformaları çərçivələri aşır” ÖZƏL-MÜNASİBƏT

“Sosial şəbəkə platformaları çərçivələri aşır” ÖZƏL-MÜNASİBƏT

"Sosial şəbəkələr mahiyyət etibarilə sərbəst fikir paylaşımı platformasıdır. Təhqir, böhtan, nifrət çıxışı, başqalarının şəxsi həyatına müdaxilə isə “fikir”, “ideya” deyil, hansısa çirkin məqsədlərin həyata keçirilməsi üçün istifadə edilən mexanizmdir; başqalarının hüquqlarının pozulmasına yönəlmiş aktdır. Belə daranışlar qanunvericiliklə yasaqdır, təhqir, böhtan, nifrət çıxışı dünyanın bütün ölkələrində qanunla yasaqlanır, yolverilməz sayılır". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, burada ikinci bir məqam da var: sosial şəbəkə istifadəçiləri bu platformalarda təkcə şəxsi fikir müəllifi kimi çıxış etmirlər, həm də yaratdıqları sosial şəbəkə hesablarını KİV qurumu kimi təqdim etməyə çalışırlar: "Yəni, paylaşdırları şəxsi fikirlərini KİV məhsulu-informasiya, məqalə, reportaj kimi təqdim edirlər. Bu da insanları çaşqın salır: anlamaq olmur ki, sosial şəbəkə istifadəçisinin hesabından yayılmış “məlumat” onun şəxsi fikridirmi, yəni subyektiv mülahizələr üzərində qurulubmu, yoxsa “araşdırılmış”, “dəqiqləşdirilmiş”, “düzgünlüyü isbatlanmış” xəbərdir. Qanunvericilik şəxsin şəxsi fikri ilə KİV məhsulu-xəbər, məlumat, informasiya arasında sərhədləri müəyyən edir. KİV məhsulu, yəni xəbər, informasiya, reportaj, müsahibə standarta uyğun hazırlanmalıdır, içində təhqirə, böhtana yol verilməməidir, digər amillər də nəzərə alınmalıdır. Söz yox ki. təhqir və böhtanın yolverilməzliyi təkcə KİV məhsulu üçün deyil, həm də şəxsi çıxışlar üçün keçərlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, 147-148-ci maddələr sosial şəbəkə istifadəçilərinin paylaşımlarında da təhqir və böhtanın yolverilməzliyini ehtiva edir. Təəssüf ki, bu gün sosial şəbəkə platformaları bu çərçivələri aşır, qanunların tələblərinə məhəl qoymurlar".

M.Ələsgərli onu da bildirdi ki. məsələnin ikinci tərəfi ondan ibarətdir ki, sosial şəbəkə adminləri də bu problemlərin qarşısının alınmasında maraqlı görünmürlər: "Əvvəllər fikir bu idi ki, sosial şəbəkə platformaları çox böyük arealı əhatə etdiyi üçün tənzimlənməsi çətindir, qanun pozuntularının qarşısını almaq imkansız olur. Amma bu gün bəlli olur ki, onlar tənzimləmədə maraqlı görünmürlər, xaotik durumun davam etməsində maraqlıdırlar. Öz istəkləri olanda tənzimləməni çox rahatlıqla tətbiq edə bilirlər. Tvitter, Facebook və instaqram ABŞ-ın keçmiş prezidenti Donald Trampı cəzalandıraraq onun hesablarını donduranda bu fakt bir daha təsdiqini tapdı. Bunları nəzərə alaraq, dünya dövlətləri artıq sosial şəbəkələrin tənzimlənməsi üçün təşəbbüslər irəli sürürlər, öz ərazilərində qanunlar qəbul etməklə, sosial şəbəkə platformalarını lokal səviyyədə də olsa, tənzimləmə altına ala bilirlər. Rusiyada, Türkiyədə, Almaniyada, Fransada olan nümunələr bunu təsdiq edir. Demək olar ki, indi dünyada sosial şəbəkələri lokal səviyyədə tənzimləmək yönündə presedent var. Güman edirəm ki, Azərbaycanda da bənzər anunların qəbul edilməsinə, sosial şəbəkələrin heç olmazsa, okal şəkildə tənzimlənməsini həyatav keçirməyə ehtiyac var".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə