Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya start verən ilk ölkədir ÖZƏL-MÜNASİBƏT

Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya start verən ilk ölkədir ÖZƏL-MÜNASİBƏT

“Artıq bir ildən çoxdur ki, dünya COVİD-19 virusu ilə mübarizə aparır. Pandemiya elan olunmasına və bununla bağlı karantin qaydaları tətbiq olunmasına baxmayaraq dünya üzrə bu günə qədər 110 milyondan çox insan bu virusa yoluxmuş və 2 milyondan çox insan isə həyatını itirmişdir. Dünyanın elmi mərkəzləri virusa qarşı vaksinlərin hazırlanması prosesinə qoşulmuş və hal-hazırda təxminən, ilkin sınaqlardan uğurla çıxmış müxtəlif vaksinlər ÜST-nın rəyi ilə insanlara vurulur. Çox təəssüflər ki, dünyanın aparıcı inkişaf etmiş dövlətləri hal-hazırda mövcud olan vaksinlərin 50%-ni sifariş etmişlər. Təbii ki, bu da dünyada ədalət prinsipinin pozulmasıdır. Haqdan, ədalətdən, insan hüquqlarından danışan bu ölkələr atdıqları addımla sübut edirlər ki, onları ancaq öz mənafelərini düşündürür. Söylədikləri şüarlar isə dünyanı idarə edərək sərvətlərə yiyələnməyə xidmət edir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
İctimai birliyin sədri qeyd edib ki, ancaq bütün bunlara baxmayaraq bu gün ölkəmiz Cənubi Qafqazda vaksinasiyaya start verən ilk ölkədir.
“Artıq 65 yaşdan yuxarı vətəndaşlarımız, səhiyyə işçilərimiz, polis və digər həyati əhəmiyyətli sahələrdə işləyən şəxslər növbəli şəkildə vaksinasiya olunurlar. Ölkəmizdə tətbiq olunan vaksin Çin istehsalı olan “CoronoVAC” vaksinidir. Dünyanın aparıcı “The Lancet” tibbi jurnalının araşdırmasına görə vaksin keyfiyyətli və təhlükəsizdir. 92 faiz virusa yoluxmanın qarşısını alır. Bundan əlavə vaksin ölkəmizə gətirilməmişdən əvvəl Turkiyədə Laboratoriyada tam olaraq araşdırılıb və virusa qarşı effektivliyi təsdiq olunub. Bundan sonra ölkəmizdə tətbiqinə başlanılıb. Lakin biz bəzi məsuliyyətsiz insanların sosial şəbəkələrdə vətəndaşlarımızı çaşdırmaq cəhdlərinə də rast gəlirik. Mən tam məsuliyyətimlə bildirirəm ki, heç bir elmi əsasa əsaslanmayan bu tip çağırışlar və fikirlər cəmiyyətə qarşı cinayət əməlidir.
Ölkəmizdə bu sahədə kifayət qədər tanınmış mütəxəssis və ekspertlərimiz var. Məhz yalnız onların fikilərinə diqqət etmək və inanmaq lazımdır. Xatırladım ki, məhz bu səpkili çağrışların nəticəsində ölkəmizdə virusun geniş yayılmaması naminə sərt karantin qaydaları tətbiq olunmuşdur ki, bunun da nəticəsində iqtisadiyyatımıza və vətəndaşlarımızın sosial psixoloji durumuna zərər dəymişdir. Lakin ölkə Prezidentinin göstərişi ilə Azərbaycan hökuməti tərəfindən pandemiyanın ilk günlərindən həyata keçirilən tədbirlər, görülən işlər nəticəsində virusun ölkəmizdə geniş yayılmasının qarşısını almaq mümkün olmuşdur. Bu günün yoluxma statistikası buna əyani sübutdur. Son dövrlər bir çox ölkələrdə virusa yoluxma statistikası artır. Eyni zamanda, biz müşahidə edirik ki, virusun yeni ştammı daha sürətlə artır. Hal-hazırda yeni ştamma ölkəmizdə yoluxma olmasa da, bu təhlükənin olma ehtimalı vardır.
Məhz bunu nəzərə alaraq vaksinasiya prosesinə bütün vətəndaşlarımız ciddi yanaşmalı və könüllü olsa belə vaksin vurdurmalıdırlar. Azərbaycan COVAKS təşəbbüsünün üzvüdür və bu xətlə müxtəlif vaksinlər ölkəmizə gətiriləcəkdir. Azərbaycan höküməti necə ki, virusla mübarizədə dünyada nümunəvi ölkələr sırasında olduğu kimi, vaksinasiya prosesində də uğurlu beynəlxalq əlaqələrin nəticəsində ölkəmizdə əhalinin sağlamlığının qorunması naminə vətəndaşlarımızı vaksinlə tam təmin edəcəkdir. Mən bütün vətəndaşlarımıza çağrış edirəm ki, çəkinməsinlər vaksinasiyada iştirak etsinlər. Biz bununla virusa qalib gələcək sərt karantinlərdən qurtulacaq və yenidən normal həyata qayıdacayıq. Bizi tez bir zamanda virusa qalib gələrək, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlişi naminə iqtisadiyyatımızı gücləndirməliyik”, deyə Anar Xəlilov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə