2020-ci il ölkəmiz üçün çətin və mürəkkəb bir il olsa da, qələbə tariximizin yazıldığı zaman olaraq tarixiləşdi. Vətən müharibəsi, koronavirus pandemiyası ilə mübarizə. İki cəbhədə gedən mübarizədə Azərbaycan öz iradəsini, gücünü, həmrəyliyini ortay qoyaraq nəyə qadir olduğunu sübut etdi. Bu gün Azərbaycan işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə start verərək, yeni dirçəliş dövrünü yaşayır. Koronavirus pandemiyası ilə mübarizə istiqamətində ardıcıl olaraq davamlı tədbirlər həyata keçirilir. Belə bir zamanda Azərbaycan dövləti əhalinin sosial rifahının və onun daim yüksələn xətt üzrə inkişafına nail olunmasını diqqətdə saxlayır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Təbii ki, bütün bunlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. Məlumdur ki, hər bir zaman öz vətəndaşının yanında olan dövlət başçısının Sərəncamı ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı tədbirlər həyata keçirildi. Belə ki, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində vəsaitlərin ödənilməsi təmin edildi. Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı və digər rəsmi sənədlər Prezident Cənab İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir.
Həyata keçirilən davamlı tədbirlər nəticəsində şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri iləəlaqədar əlilliyi olan şəxslərə, Milli Qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına dövlətimiz tərəfindən qayğı və diqqət davamlıdır. Prezidentin təqaüdlərinin məbləği şəhid ailələri üçün 66,7%, Azərbaycanın Milli Qəhrəmanı üçün 20%, İkinci Dünya müharibəsi iştirakçıları üçün 100%, müharibə və 20 Yanvar əlilləri, müharibə əlillərinə bərabər tutulanlar üçün 50%-dən çox artırılması fikirlərimizi əsaslandırır. Vətən Müharibəsi Qəhrəmanları üçün Prezidentin aylıq təqaüdü isə 2000 manat təsis olundu.
Prezident İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" 5 fevral 2021-ci il tarixli Sərəncamı ölkədə sosial müdafiə tədbirlərinin gücləndirilməsi, pensiyaçıların rifahının yaxşılaşdırılması istiqamətində növbəti addım oldu. Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb. Qeyd edək ki, 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq pensiyalar indeksləşdirilərək 11,4% artırılır. Pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93%-ni əhatə edir. Digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir.
Ölkədə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində göründüyü kimi, əhalinin, onun müxtəlif, o cümlədən aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB