Qarabağın azad olunmasından sonra qarşıda həmin bölgənin bərpası, yenidənqurulması, sosial-iqtisadi infrastruktur, o cümlədən kommunal sistemlərin yaradılması kimi böyük və çətin vəzifələr durur. Lakin bütün bunların başlanması üçün, ilk növbədə, daha ağır bir problem həll edilməlidir. Bu da ərazinin minalardan təmizlənməsidir. Bu işi başa çatdırmadan digərlərinin yerinə yetirilməsi mümkün deyil. Ərazi böyük olduğundan, relyefi mürəkkəb olduğundan, minalanmış sahələrin xəritəsi olmadığından, bu, bir ölkənin qısa müddətə öhdəsindən gələcəyi bir iş deyil. Ona görə də, digər ölkələrin yardımından da istifadə edilməlidir ki, Azərbaycan elə belə də edir. Mina təmizlənmə işlərində, Rusiya, Britaniya, Türkiyə, İran və digər ölkələrin həm texnika ilə, həm də mütəxəssis köməyindən istifadə olunur və olunması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, azad edilmiş torpaqların minalardan təmizlənməsi işi birinci dərəcəli vəzifədir: “Bu işlər elə aparılmalıdır ki, işlər başa çatandan sonra hər hansı bir bədbəxt hadisə baş verməsin. Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər. Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun.
Bu bədbəxt hadisələr bir daha onu göstərir ki, mənfur düşmən işğaldan sonra nəinki bütün binalarımızı, bütün tarixi abidələrimizi dağıdıb, eyni zamanda, hər tərəfi minalayıb. Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb və bizdə mina sahələrinin xəritələri yoxdur. Ona görə, bizim istehkamçıların üzərinə çox böyük vəzifə düşür. Onlar bu vəzifəni elə icra etməlidirlər ki, azad olunmuş torpaqları tamamilə minalardan təmizləyə bilsinlər.
Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işləri də biz ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra görə bilirik. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın”.
Göründüyü kimi, dövlət başçısı ilk növbədə, insanların təhlükəsizliyini düşünür. Köçkünlər bir qədər də gec qayıda bilər, amma heç kim minaya düşüb həlak olmalı deyil: “Mən ardıcıllıqla bağlı öz fikirlərimi dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, birinci dərəcəli vəzifə minalardan təmizləmə işləridir. Sonra ziyanın qiymətləndirilməsi, ondan sonra artıq bərpa işləri aparılacaqdır. Biz keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq. Ancaq hər kəs bilməlidir ki, birinci dərəcəli məsələ minalardan təmizləmədir.
Ölkə prezidenti bunun üçün bütün imkanlardan istifadə ediləcəyini, ən müasir texnologiyalardan tətbiq ediləcəyini bəyan edib: “Yeni texnikanın alınması, əlbəttə ki, növbədə duran əsas vəzifələrdən biridir. Son illərdə bu sahədə texnoloji inkişaf özünü qabarıq şəkildə büruzə verir. İndi elə maşınlar, mexanizmlər, texnika var ki, işi həm sürətləndirir, həm də keyfiyyətlə aparmağa imkan verir. Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir. Çünki işin keyfiyyəti və sürəti bundan asılı olacaq. Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur, bu da təbiidir. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olmuşdur. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər”.
İlham Əliyev əvvəlcə dağıntıların miqyasının və zərərin məbləğinin ölçüləcəyini, daha sonra Qarabağdakı yaşayış məntəqlərinin, sosial və kommunal infrastrukturun bərpa edilməsi işlərinin də ciddi planlaşdırma üzrə aparılacağını deyir: “Dəyən ziyanın qiymətləndirilməsi, infrastruktur layihələrinin icrası, evlərin tikilməsi, iş yerlərinin yaradılması- əgər bu işlər görülməsə, insanlar gedib o torpaqlarda necə yaşaya bilərlər? Gərək ev-eşiyi, şəraiti, suyu, elektriki, yolu, məktəbi, xəstəxanası olsun. Bu, böyük, genişmiqyaslı bir işdir. Mənfur düşmən işğal edilmiş və azad olunmuş torpaqlarda hər şeyi dağıdıb. Hətta son günlərə qədər yaşadıqları evləri də çıxarkən məhv edib, yandırıb, ağacları qırıb, xüsusilə Kəlbəcər və Laçın rayonlarında. Ağacların bir hissəsini yük maşınlarına doldurub Ermənistana satmağa aparıb. Qalan ağacları, sadəcə olaraq, qırıb ki, bizə qalmasın. Özləri tikmədikləri, - azərbaycanlıların yaşadıqları evləri ki, onları zəbt etmişdilər, - yandırıblar, dam örtüklərini, pəncərə çərçivələrini, sanitar qovşaqlarını çıxarıb aparıblar. Bu biabırçı kadrlar xarici mediada da kifayət qədər işıqlandırılmışdır. Görün, onlar nələri özləri ilə aparırlar?! Sanitar qovşaqlarını. Mənfur xuntanın özünə ofis yaratdığı Şuşa şəhərinin keçmiş raykom binasında kondisionerləri, radiatorları bu qaçaqaçda çıxarıblar. Çünki biz bilirdik ki, onlar oradan necə qaçırdılar. Bəlkə də qaçışda rekord nəticələr göstərmişlər. Amma bu qaçaqaçda da bellərinə yəqin ki, radiator, kondisioner bağlayıb Ermənistana qaçırdılar. Yəni, bizim bütün infrastrukturumuz, binalar yerlə-yeksan edilib.
…Biz, ilk növbədə, şəhərləri bərpa etməliyik. Ona görə, bütün şəhərlərin əraziləri birinci növbədə minalardan təmizlənməlidir. Bununla paralel olaraq, yaxın gələcəkdə bəzi kəndlərdə bərpa işlərinə start veriləcək və mən artıq bunu bildirmişəm. Biz indi “ağıllı kənd” konsepsiyasını da hazırlayırıq. Bu konsepsiya demək olar ki, hazırdır, mənə məruzə edildi, mən bunu təsdiqlədim. “Ağıllı kənd” birinci pilot layihəsi icra ediləcəkdir. Məhz o yerlər də düzgün təsbit edilməlidir. Əkin sahələri və əkin sahələrinə gedən yollar təmizlənməlidir. Bu da prioritetlər sırasındadır. Çünki mənfur düşmən bizim torpağımızı da vəhşicəsinə istismar edib. Azad olunmuş torpaqlarda təkcə taxıl altında 90 min hektar sahədən mənfur düşmən qanunsuz istifadə edib və qanunsuz varlanıb. Vaxt itirməmək üçün mənim göstərişimlə bütün güclər artıq səfərbər edilib və müharibə başa çatandan sonra mən dərhal bu işlərə start verdim. Deyə bilərəm ki, payızlıq əkin də aparılmışdır. Baxın, müharibə noyabrın 10-da dayandı və biz dekabr ayından payız əkininə başlamışıq. Mənə gündəlik məlumat verilir, 7 min hektarda artıq payız əkini aparılıb. Yəni, bu, yenə də bizim gücümüzü göstərir. Onu göstərir ki, biz bir dəqiqə də, bir gün də gözləmək istəmirik. Biz bu torpaqlara qayıtmaq istəyirik və keçmiş köçkünlər, əlbəttə ki, bu arzularla 30 il yaşayıblar. Onların hisslərini başa düşmək olar. Amma, eyni zamanda, onların və onlarla birlikdə olanların təhlükəsizliyi birinci dərəcəli məsələdir. Bu yaxınlarda üç nəfər minaya düşüb, bir nəfər həlak olub. Yəni, o işin təşəbbüskarı var. Təşəbbüsü irəli sürən adam özü də xəsarət alıb, yanında olanlar da. Ona görə, bu, çox ciddi məsuliyyətdir. Ona görə, indi yazlıq əkin üçün sahələrin müəyyənləşdirilməsi prosesi də gedir, torpaqlar müəyyən edilib və o əkin sahələrinə gedən yollar da mütləq prioritetlər sırasında olmalıdır”.
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə həm sürətli təmizləmə, həm yaşayış evlərinin tikilməsi, həm infrastrukturu, həm iqtisadi potensialı bərpa etmək üçün aydın strateji proqrama malikdir. Və bütün bu işlər planauyğun şəkildə, sistemli şəkildə aparılacaq. Şübhə yoxdur ki, yaxın bir neçə il ərazində Qarabağ bölgəsi tam bərpa olunacaq, köçkünlər yurdlarına qayıdacaq və bölgənin sosial-iqtisadi inkişafı sürətlənəcək.
Altay
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB