Balakənli gənclər Vətən Müharibəsində qəhrəmanlıq salnaməsi yazdılar
Vətən müharibəsi Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilərək torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəman ordumuz cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoydu, tariximizi şərəfləndirən, gələcəyimizə işıq salan böyük Qələbəyə imza atdı. Xalqımız müharibə başlayandan yumruq kimi bir oldu, vətən torpaqlarının azadlığı uğundu ayağa qalxdı.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. 44 gün ərzində bütün dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi. 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.
Müharibənin ilk günlərindən yüzlərlə balakənli gənc döyüşlərdə iştirak etmək üçün səfərbər oldu. Minə yaxın balakənli gənc düşməndən qisas almaq üçün ön cəbhəyə yollandılar, Vətəni darda qoymadılar. Azərbaycan Ordusu müharibənin ilk anından son gününə qədər işğalçıya divan tutdu, necə lazımdırsa cəzalandırdı. Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti isə öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Şərəfli döyüş yolu keçən balakənli gənclər igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdılar, yüksək vətənpərvərlik nümunəsi göstərərək qəhrəmanlıq salnaməsi yazdılar.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş gənclərimiz Prezident İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunublar. Onlardan bir qismi iki, bəziləri üç medala layiq görülüblər. Onlar hər zaman bu orden və medalları sinələrində şərəflə daşıyacaqlar. Elin-obanın, gələcək nəsillərin qürur yeri olacaqlar.
Bu böyük zəfər qətiyyətli siyasi iradə və əzmin nəticəsində, ilk növbədə qəhrəman igidlərimizin canı-qanı bahasına əldə edilib. Bu qələbədə mənfur düşmənə qarşı inanılmaz şücaətlə vuruşan, öz həyatını qurban edən şəhidlərimizin payı əvəzsizdir. Vətən müharibəsində iştirak edən və təcavüzkar düşmənə qarşı döyüşən Balakən rayon sakinlərindən 30 nəfəri bu mübarizədə qəhrəmancasına şəhid oldu. Şəhidlərin dəfni ümumxalq sevgisinin əyani təzahürünə çevrildi. Vətən müharibəsində şəhid olmuş gənclərimizin məzarları ən müqəddəs and yerimizdir. Dövlətimiz şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın hər zaman yanındadır. Onların sosial müdafiəsi üçün lazımi tədbirlər görülür. Onların və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan digər şəhidlərimizin qanı yerdə qalmadı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı, dəmir yumruq qalib gəldi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa hazırlaşırlar. Tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu.
Vətən müharibəsində şəhid olan gənclərimizi bir daha ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı onların əziz xatirəsini hər zaman uca tutacaq, daim xatırlayacaqdır.
Azad Balayev,
Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB