Avropa Birliyi: COVİD-19 sosial-iqtisadi mühitə ağır zərbələr endirir ANALITIK + VIDEOLAR
Pandemiya AB-də yoxsulluğa və tənhalığa səbəb olmaqdadır
Dünyanı bürüyən COVİD-19 pandemiyasının bəşəriyyətə vurduğu ağır zərbələri başa çatmamış onun digər fəsadları da insanların bundan sonrakı həyatlarının əvvəlki kimi olmayacağı siqnallarını verməkdədir. Lakin maraqlıdır ki, bir zamanlar iqtisadi və sosial cəhətdən inkişaf etmiş və mütərəqqi ölkələr hesab edilən dövlətlər indi çoxsaylı problemlər məngənəsində çabalayır, üstəlik, çıxış yolları tapmaqda da çətinlik çəkirlər. Halbuki, COVİD-19-un daha çox inkişaf etməkdə olan ölkələrə və dövlətlərə daha ağır zərbələr vuracağı proqnozlaşdırılırdı. Sən demə, heç də belə deyilmiş...
BMT-nin yoxsulluq üzrə məruzəçisi böhranın ikinci dalğasının yaxınlaşması barədə xəbərdarlıq edib və AB-ni sosial xərcləri azaltmamağa çağırıb
Ağır dövr keçirən ölkələrin əksəriyyətinin əsasən Avropa Birliyində (AB) təmsil olunmaları isə həm də belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, hətta birlik, ittifaq şəklində bir-birlərini iqtisadi və s. cəhətlərdən dəstəkləyənlər pandemiyanın yaratdığı situasiyadan sığortalanmayıblar. SİA xəbər verir ki, bu barədə reportajlar hazırlayan "Euronews"in məlumatına görə, COVİD-19 pandemiyası və sosial-iqtisadi tənəzzül çoxsaylı avropalıları yoxsulluq və tənhalığa məhkum etməkdədir. Buna qarşı hazırlanan proqram və layihələr isə gözlənilən nəticələri verməməklə yanaşı, həm də kütləvi narazılıqlarla müşahidə edilir.
Bu arada o da bəlli olub ki, problemlər başa çatmamış BMT-nin yoxsulluq üzrə məruzəçisi böhranın ikinci dalğasının yaxınlaşması barədə xəbərdarlıq edib və AB-ni sosial xərcləri azaltmamağa çağırıb. Belə ki, pandemiya AB-də yoxsulluq və tənhalıq boşluqlarını daha da dərinləşdirir.
Belçikalı Raymond Jacquet: "Avtomobilimə yanacaq doldurmağa pulum olmadığı üçün sürmürəm, hesabımda 1 sent var"
Reportajda belçikalı Raymond Jacquetin timsalında Avropada tənhalıqdan və yoxsulluqdan əziyyət çəkənlərin mənzərəsi göstərilir, hətta ən kiçik detallara toxunulur və bildirlir ki, Raymond bu gün nəinki özünün sosial tələblərini qarşılaya bilmir, hətta yeni kitab da ala bilmir.
"Avtomobilimi yanacaq doldurmağa pulum olmadığı üçün sürmürəm, hesabımda 1 sent var", deyən Raymond hətta çörək almaqda çətinlik çəkdiyini bildirib: "Ötən gün pitta axtarırdım. Bu çörək mənə 6,5 avroya başa gəldi. Büdcəm üçün bu, çox böyük bir yükdür. Bunu yalnız vaxtaşırı ödəyə bilərəm. Ən sevdiyim friski hazırlamaq üçün yumurta, pomidor və kartof aldım. Mənim pulum yox idi". Onu da qeyd edək ki, Avropa Birliyi yoxsulluğun azaldılması hədəfinə çatmayıb.
AB iqtisadiyyatı sağalmaz xəstəliyə düçar olub – faizlər və rəqəmlərlə
"Euronews" onu da bildirir ki, Avropa iqtisadiyyatının cari ilin ilk rübündə daha kəskin bir enişə getməsi üçün şərtlər var. Avropa Birliyinin statistik idarəsinin məlumatına görə, Avropa bölgəsində illik ÜDM 6.8%, AB ölkələrində isə 6.4%azalıb. Mütəxəssislərin fikrincə, Avropa iqtisadiyyatının bərpası təxminən iki il çəkə bilər. Ötən ilin dördüncü rübündə ən nəzərə çarpan azalma Avstriyada (-4,3%) və İtaliyada (-2%) qeydə alınıb. Ekspertlər 2021-ci ilin birinci rübündə ÜDM-in dinamikasının ilk növbədə COVİD-19 əleyhinə məhdudiyyətlərin şiddətindən və vaksinasiya işlərinin uğurundan asılı olacağını vurğulayırlar.
Lakin bu tədbirlərin də sadəcə ehtimal olunduğu bildirilir və baş verənlər AB-nin iqtisadi cəhətdən sağalmaz xəstəliyə düçar olduğunu açıq-aydın göstərir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB