Tarixən hər çıxışımızda belə bir ifadə işlədirik - bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcək müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Lakin ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafına hər bir insan öz töhfəsini verməlidir. Xüsusilə də, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadan gənclərimizdir. Bugünkü gənclərimiz öz həyatını qurarkən, ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
Çünki hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün Ulu Öndərimiz Heydər Əliyevə borcludur. Ümummilli liderimiz dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".
44 günlük İkinci Vətən Müharibəsində Azərbaycan gəncləri öz şücaətləri ilə sübut etdilər
Birlik vaxtıdır, təxribatlara uymaq olmaz! İlk gündən Aəzərbaycan xalqı və gəncdəri, o cümlədən YAP Tərtər rayon təşkilatının, bütövlükdə bütün rayon gəncləri ayağa qalxaraq, birlik nümayiş etdirməklə Azərbaycan dövlətinə və ordusuna möhtəşəm dəstəyini ləkələməyə çalışan təxribatçıları qətiyyətlə pislədilər. Ermənistanın hərbi qüvvələri tərəfindən Azərbaycanın Tovuz, Gəncə, Tərtər, Mingəçevir və digər rayonlarımıza açılan cavab atəşləri nəticəsində düşmənin məkrli niyyətinin qarşısı alınması istiqamətində xalqımız birlik nümayiş etdirdi. Bu döyüşlər nəticəsində, çox təəssüf ki, Azərbaycan Ordusu şəhidlər verdi, ancaq bütün bunlar Azərbaycan xalqının vətən-torpaq sevgisini, mübarizə əzmini, qələbə arzusunu daha da alovlandırdı. Azərbaycanın müxtəlif şəhər və rayonlarında onminlərlə vətəndaşımız, o cümlədən gənclərimiz bir anda ayağa qalxaraq yürüşlərə başladı, ordumuza, dövlətimizə dəstəyini nümayiş etdirdi. Təəssüf ki, xalqımızı bir yumruq kimi təcəssüm etdirən bu vətənpərvərlik aksiyasında belə, mənfur niyyətlilər, təxribata əl atanlar, həmçinin, onların fitnəsinə uyanlar da oldu. O bədnam və nifrətəlayiq kimsələr aksiyanın yönünü, xarakterini dəyişməyə cəhd göstərdilər, bu niyyətlə də polisə qarşı zor tətbiq edib, asayiş keşikçilərinin xidməti maşınına hücum çəkdilər. Lakin həmin qara niyyətlilər öz məqsədlərinə axıracan nail ola bilmədilər. Onların qarşısını polisdən də öncə xalq, vətənpərvər gənclər kəsdi. "30 ildir, bəsdir!", - deyən gənclərimiz Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının ətrafında bir yumruq kimi birləşərək 30 ilin tükənən səbrinə "bəsdir!",-dedilər.
30 il, əslində, bizim nəslin göstərdiyi səbrdir! Bu tələblər Azərbaycan gəncliyinin yüksək Vətənpərvərlik duyğusu, öz şəhid həmyaşıdları qarşısında borc və hələ itirilməmiş ləyaqət hissindən gəlir. Qürurverici haldır ki, Azərbaycan ordusu sıralarında vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyəti gənclərdən ibarətdir. 2020-ci ilin 27 sentyabr tarixində başlanan əks-hücum əməliyyatlarında iştirak edən gənclərimiz, həmin tarixdən bu günə kimi illər ərzində işğal altında qalan torpaqlarımızın böyük hissəsini işğalçılardan azad ediblər. İndi həmin torpaqlarda – Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında, Hadrut, Ağbənd qəsəbələrində, Suqovuşanda və noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük fəxarət və qürur hissi ilə elan etdiyi "Qarabağın mirvarisi" Şuşa şəhərində Azərbaycan bayrağı dalğalanır. Bu böyük tarixi qələbədə gənclərimiz əsl şücaət və qəhrəmanlıq nümayiş etdirdilər.
Dövlət başçısı öz çıxışlarında ordumuzun uğurlarını yüksək qiymətləndirərək bildirmişdir: "Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!"
Bu gün gənclərimizin doğma vətənimizin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində, ərazi bütövlüyünün bərpa edilməsində, daima ön cərgələrdə olmaları və bu yolda canlarını qurban verərək şəhidlik zirvəsinə yüksəlmələri ilə bütün Azərbaycan xalqı fəxr edir. Çünki 44 gün ərzində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Qarabağ Azərbaycandır!
RAMİZ ŞABANOV,
YAP Tərtər rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB