Əli Həsənov: \"Hazırda Rusiya və Azərbaycan arasında münasibətlər öz yüksəliş dövrünü yaşayır\"

Əli Həsənov: \"Hazırda Rusiya və Azərbaycan arasında münasibətlər öz yüksəliş dövrünü yaşayır\"

Həştərxanda Azərbaycan və Rusiya prezidentləri administrasiyalarının dəstəyi ilə "Avrasiya Araşdırmalar İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil edilən \"Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru\" mövzusunda II Rusiya-Azərbaycan regionlararası forumu öz işini davam etdirir. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, forumun işində iki ölkə hakimiyyətinin mərkəzi və regional orqanlarının, biznes dairələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Azərbaycanı forumda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, hökumət üzvləri, Azərbaycan deputatları, respublikanın bir sıra rayonlarının icra başçıları və sahibkarlar da daxildir.

Forumun ikinci günündə tədbir iştirakçıları öncə Həştərxan şəhər kanalının sahilində salınan Heydər Əliyev adına bağın açılış mərasimində iştirak ediblər. Bağın açılış mərasimində Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov RF Prezidenti Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Sergey Vinokurov, Həştərxan qubernatoru Aleksandr Jilkin və Həştərxan meri Sergey Bojenov iştirak ediblər. Daha sonra ali qonaqlar kanalın sahillərini birləşdirən Rusiya və Azərbaycan Dostluğu körpüsünün bünövrəsinə xatirə kapsulu buraxıblar.

Daha sonra forum öz işinə başlayıb. Tədbir zamanı çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumunun əsas vəzifəsinə toxunub. O, qeyd edib ki, forum ölkələr arasında o cümlədən regionlararası əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq: "Prezidentlər İlham Əliyev və Dmitri Medvedevin səyləri nəticəsində bu əməkdaşlıq hazırda yeni nailiyyətlər əldə edir. Bizim əlaqələrimiz hərtərəflidir və bütün sahələri əhatə edir. Bu gün tərəflər əksər məsələlər, o cümlədən Qəbələ RLS-in istismarı, eləcə də Xəzər dənizinin hüququ statusu ilə bağlı konsensusa nail olublar. Ötən ilin sentyabrında Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı bir sıra əhəmiyyətli sazişlər imzalanıb. Onların sırasında quru ilə sərhəd keçid xəttini əks etdirən dövlət sərhədi haqqında müqavilə də var. \"Rusiya Azərbaycanın belə müqavilə bağladığı ilk ölkə olub. Hazırda Rusiya və Azərbaycan arasında münasibətlər öz yüksəliş dövrünü yaşayır. Buna isə Prezident Medvedevin son illər ərzində Azərbaycana üç dəfə səfər etməsi, İlham Əliyevin isə öz növbəsində Rusiyanın müxtəlif regionlarına dəfələrlə səfər etməsi sübutdur. Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmaqla, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi rolunda çıxış edir və bu münaqişənin həllinə öz töhfəsini verir. Bizi eyni zamanda iqtisadi sahədəki sıx əməkdaşlıq da birləşdirir. 2009-cu ildə dünya maliyyə böhranının təsiri altında ölkələrimiz arasında mal dövriyyəsi bir qədər azalıb, lakin ötən il artıq onun artımı nəzərə çarpıb. Cari ilin yanvar-mart aylarında isə qarşılıqlı ticarətin həcmi 616 milyon dollar təşkil edib. Bu, ötən ilin analoji dövrünün səviyyəsini 78 faiz üstələyir. Respublikaya gətirilən malların 17 faizindən çoxu bizim üçün həm də Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsullarının satılması bazarı kimi maraq doğuran Rusiyanın payına düşür".

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdirinin sözlərinə görə, Azərbaycan indi də rus dilinin xüsusi statusunu saxlayır: "Keçmiş Sovet İttifaqı respublikalarında rus dili öz mövqeyini itirdiyi halda, Azərbaycanın 21 məktəbində təhsil rus dilində aparılır, daha 335 məktəbdə isə dərslər Azərbaycan və rus dillərində aparılır. Respublikamızda ərazisində 160 min rusdilli əhali yaşayır və rus dilində 50-yə yaxın qəzet və jurnal nəşr olunur, Rusiyanın dövri nəşrləri respublikanın ərazisində sərbəst şəkildə yayımlanır. \"Bakıda Lomonosov adına MDU-nun filialı fəaliyyət göstərir, Rus Dram Teatrı işləyir, Rusiyanın aparıcı informasiya agentliklərinin filialları açılıb. Bu tendensiya xalqlarımızın sıx şəkildə yaxınlaşmasını sübüt edir. Azərbaycanda 160 min rus yaşayır. Bu, ən böyük milli diaspordur".

Bütün xəbərlər Facebook səhifəmizdə