Ermənistan məhvə gedir ÖZƏL-MÜNASİBƏT

Ermənistan heç vaxt müstəqil dövlət olmayıb və olmayacaq. Çünki lazımi iqtisadi imkanlara malik olmayan bu ölkənin “başbilənlərinin” şüurlarında formalaşan “Böyük Ermənistan” xülyası və millətçilik ideologiyası erməni xalqını daimi kiməsə söykənməyə, əyilməyə vadar etmişdir. Bu sözləri SİA-ya verdiyi açıqlamaasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, xarici havadarlarının köməyi ilə tarixi Azərbaycan torpaqlarında yaradılan bu dövlətin mayası təcavüzkarlıqla, riyakarlıqla, köləliklə yoğrulduğundan, o həmişə işğala, terrora, başqalarının torpaqlarını zəbt etməyə can atmış və sözsüz ki, bu yolda öz havadarlarına arxalanmışdır.

“İndi dövran dəyişmişdir. Boş xülyalar, yalan vədlər, saxta vətənpərvərlik, boğazdan yuxarı bəyanatlar, çağırışlar keçmir. Əgər dövlət iqtisadi cəhətdən inkişafdadırsa, müstəqil siyasət yeridə bilirsə, beynəlxalq nüfuza maliksə o güclüdür. Bu baxımdan, Ermənistan çıxılmaz vəziyyətdədir, ölkədə bütün sahələrdə xaos, özbaşınalıq, siyasi və iqtisadi gərginlik hökm sürür. Bir çox analitiklər, siyasətçilər Ermənistanın belə bir vəziyyətə düşə biləcəyi etimalını hələ bir neçə il bundan qabaq proqnozlaşdırsalar da, təcavüzkar ölkə öz çirkin əməllərindən əl çəkmədi, Azərbaycan ərazilərini işqal altında saxlamaqla bütün regional layihələrdən kənarda qaldı, beynəlxalq aləmdə nüfuzunu itirdi, həm də havadarlarına xəyanət etdi, onların etimadını doğrulda bilmədi. Kim bir balaca yardım göstərdisə, onun yanında özünə yer tapdı. İmkan və vəsaiti olmadığı halda meydan oxudu, Azərbaycanın yeni ərazilərini işğal etmək həvəsinə düşdü. Ancaq tutarlı cavab aldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin düşünülmüş siyasəti, ordumuzun rəşadətli hücumları, xalqımızın həmrəyliyi və birliyi sayəsində Ermənistan ordusu tamamilə məhv edildi və düşmən təslim oldu. Belə olan halda Ermənistanın hərbi-siyasi rəhbərləri ölkəni xaosdan, daha böyük bəlalardan xilas etmək üçün əməlli-başlı fikirləşməli, millətçilikdən, təcavüzdən əl çəkməli, daxildə sabitlik yaratmalı idilər. Ancaq bunların heç biri baş vermir. Yenə də erməni siyasətçiləri, hakimiyyətə gəlmək istəyənlərin çoxu köhnə havaya oynayırlar, “ Artsax”, “ Böyük Ermənistan” deyə-deyə bir-birlərini qırırlar, gecəli-gündüzlü mitinqlər təşkil edirlər, aralarında satqın, günahkar axtarır, özləri haqqında olmazın xülyalar uydururlar.

Bu hərəkətlər, əməllər sözsüz ki, Ermənistanın məhvinə hesablanmışdır. Bunu erməni xalqına rəhbərlik etmək istəyənlər yaxşı bilirlər. Onu da bilirlər ki, onlara dövlət, xalq yox vəzifə, var-dövlət, kiməsə yarınmaq, əyilmək, yaltaqlanmaq lazımdır. Koçaryanın, Sarkisyanın, Paşinyanın timsalında bu aydın görünür”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...