"Bu, Ermənistanın faciəsidir, Nikol dövləti oğurladı, qurumlar işləmir" Lilit Qalstyan

Nikolda daha çox cəhalət və ya fanatizm olduğunu söyləməkdə çətinlik çəkirəm və əslində, bunların hamısı, həm də az savadlı cəmiyyəti çaşdırmaq istəyi onun əsas silahı, komandasının əsas üslubudur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Daşnaqsütyun partiyasının üzvü Lilit Qalstyan, tert.am-a verdiyi müsahibəsində deyib.
“Çox təəssüf ki, bu cür keyfiyyətlərə malik olan birisi hələ də faktiki olaraq Ermənistan Respublikasının baş naziridir. Bu, Ermənistanın faciəsidir. Parlamentdəki siyasi çoxluğun təvazökarlıqla bu cəfəngiyyatı dinləməsi də faciədir. Beynəlxalq ictimaiyyətin bu dəlilikdən necə sevindiyini təsəvvür etmək çətin deyil.
Ermənistan yazıq, bədbəxt olub. Gözümüzün qabağında dövlətçilik hissə-hissə dağıdılır. Nikol dövləti oğurladı, heç bir qurum işləmir”, deyə Lilit Qalstyan fikirlərini açıqlayıb.
Qalstyan bir gün əvvəl Nikol Paşinyanın dediklərinə, Şuşanın əhalisinin 90 faizdən çoxunun azərbaycanlı olduğu, bu şəhərin Azərbaycana məxsus olduğu barədə dediklərindən qıcıqlandığını da gizlətməyib, onu savadsızlıqda, ağılsızlıqda, hətta dəlilikdə ittiham edib və fanatik bir xain adlandırıb.
“Nikol bəlkə də həqiqətən dəlilik nümayiş etdirməklə növbəti məhkəmə prosesindən yayınmağa çalışır! Və ya Ermənistandan qaçmağa zəmin hazırlayır. Hər halda, bunlar, qeyri-kafi bir insan olduğunu təsdiq edir”, deyə Qalstyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...